Accessibility links

DİN və Prokurorluq Taleh Bağırzadənin daha iki tərəfdarının saxlandığını bildirir


Taleh Bağırov
Taleh Bağırov

Respublikanın daxili işlər və prokurorluq orqanları tərəfindən Lənkəran rayonunda keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə əhali arasında milli və dini zəmində separatçı fikirlər yayan, vətəndaşları kütləvi itaətsizliyə və hüquq-mühafizə orqanları ilə açıq qarşıdurmaya çağıran şəhər sakinləri - Qismət İsayev və Vüqar İsmayılov saxlanılıblar.

Bu barədə Daxili İşlər Nazirliyi və Baş Prokurluğun Mətbuat xidmətlərinin birgə məlumatında bildirilir.

“Adını "Müsəlman Birliyi Hərəkatı" qoyan təşkilatının rəhbəri Taleh Bağırzadənin tərəfdarı olan bu şəxslərin üzərlərinə və yaşadıqları mənzillərə baxış zamanı 4 əl qumbarası, 123 patron, 2 trotil şaşkası, eyni zamanda, yayılması qanunla qadağan olunan, dini dözümsüzlüyü və bölücülüyü təbliğ edən 18 ədəd kitabça götürülüb”, birgə məlumatda deyilir.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

Saxlanılan şəxslərin digər hüquqa zidd əməllərdə iştiraklarının müəyyənləşdirilməsi və cinayətkar əlaqələrinin ifşası üzrə zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Taleh Bağırzadə 2015-ci il noyabrın 26-da Nardaranda polis əməliyyatı zamanı tutulub. Həmin tarixdə onun barəsində ilkin istintaq dövrü üçün dörd ay müddətinə həbs-qətimkan tədbiri seçilib. T.Bağırzadəyə qarşı Cinayət Məcəlləsinin 15-dən artıq maddəsi ilə ittiham irəli sürülüb.

Baş Prokurorluğun məlumatına görə, Taleh Bağırzadənin ittiham olunduğu cinayət işi üzrə ümumilikdə 68 nəfər həbs olunub.

XS
SM
MD
LG