Accessibility links

Tale Bağırzadənin şikayəti üzrə məhkəmə başlayıb


Yanvarın 14-də Nəsimi Rayon Məhkəməsində ötən il noyabrın 26-da Bakının Nardaran qəsəbəsində polisin xüsusi əməliyyatı zamanı həbs edilmiş “Müsəlman Birliyi Hərəkatı”nın sədri Tale Bağırzadənin məhkəmə nəzarəti qaydasında şikayəti üzrə məhkəmə prosesi başlayıb.

Vəkili Cavad Cavadov bildirib ki, hakim Babək Pənahovun sədrliyi ilə keçirilən iclas təxirə salınıb. Məhkəmənin təxirə salınmasına Bağırzadənin məhkəməyə gətirilməməsi və bəzi sənədlərin olmaması səbəb olub.

Məhkəmə yanvarın 22-də davam etdiriləcək.

Vəkil Bağırzadə ilə görüşünə imkan verilməməsi, “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” qanunda nəzərdə tutulmuş hüquqlarının pozulması, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (BMCMİ) müvəqqəti saxlanma təcridxanasında 24 saatdan artıq saxlanılması ilə bağlı məhkəmə nəzarəti qaydasında Nəsimi Rayon Məhkəməsinə müraciət edilib.

Tale Bağırzadə 2015-ci il noyabrın 26-da Nardaranda keçirilən əməliyyat zamanı həbs olunub. T.Bağırzadə barəsində dörd ay müddətinə həbs qətimkan tədbiri seçilib. Hadisə zamanı ikisi polis əməkdaşı olmaqla 7 nəfər öldürülüb, çoxsaylı insanlar həbs olunub.

Fakt üzrə Cinayət Məcəlləsinin aşağıdakı maddələrilə ittihamlar irəli sürüb: 120 (qəsdən qətl törətmək), 214 (terrorizm), 220 ( kütləvi iğtişaşlar), 228 (qanunsuz silah və hərbi sursat saxlamaq), 233 (ictimai asayişin pozulmasına yönələn hərəkətlərin təşkili), 279 (qanunvericilikdə nəzərdə tutulmayan silahlı birləşmələrin və qrupların yaradılması), 281 (dövlət əleyhinə açıq çağırışlar etmək), 283 (dini düşmənçiliyin salınması), 315 (hakimiyyət nümayəndəsinə qarşı zorakılıq tətbiq etməklə müqavimət göstərmək), 278 (hakimiyyətin zorla ələ keçirilməsinə cəhd).

XS
SM
MD
LG