İran və Azərbaycanın qarşılıqlı etirazı, Azərbaycan prezidentinin ana dilində təhsil tələbi

İran Xarici İşlər Nazirliyinin binası (Foto İran Xarici İşlər Nazitlrliynindir)

Azərbaycanın İrandakı səfiri Əli Əlizadə Azərbaycan mətbuatında "İran əleyhinə olan qeyri-dost nəşrlərlə" əlaqədar noyabrın 10-da İran Xarici İşlər Nazirliyinə çağırılıb.

Bu barədə IRNA agentliyi məlumat yayıb.

Məlumatda deyilir ki, İran xarici işlər nazirinin köməkçisi və İran Xarici İşlər Nazirliyinin Avrasiya departamentinin baş direktoru Azərbaycan səfirinə "İranın Azərbaycanın yüksək vəzifəli şəxslərinin düşməncə bəyanatları və bu ölkənin kütləvi informasiya vasitələrinin qara piarı ilə bağlı narazılıq səviyyəsini və qəti etirazını çatdırıb" və əlavə edib: "Bu prosesə mümkün qədər tez son qoyulacağını və onun təkrarlanmasının qarşısının alınması üçün zəruri tədbirlər görüləcəyini gözləyirik".

Azərbaycan səfiri Əli Əlizadə mövcud vəziyyətdən təəssüfləndiyini bildirib və İran tərəfinin etirazını Bakıya çatdıracağını qeyd edib.

Öz növbəsində, noyabrın 11-də İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılıb.

Xarici İşlər Nazirliyi

Xarici İşlər Nazirliyinin məlumatına görə, görüşdə son zamanlar İran mediasında Azərbaycan əleyhinə aparılan təbliğat, qarayaxma kampaniyası, İranın yüksək vəzifəli siyasi və hərbi rəsmilərinin iki ölkə arasındakı münasibətlərin ruhuna uyğun olmayan təhdid xarakterli ritorikaları ilə bağlı narazılıq və narahatlıq qarşı tərəfin diqqətinə çatdırılıb.

“Azərbaycanın Konstitusiya quruluşunun əsaslarına qarşı cinayət törətmiş və barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilərək beynəlxalq axtarışa verilmiş Azərbaycan vətəndaşlarının İranda məskunlaşmalarına şərait yaradılmasının qəbuledilməzliyi və cinayətkarların təhvil verilməsinin zəruriliyi bir daha qeyd olunub,” məlumatda qeyd edilir.

Azərbaycan Xarici İşlər Nazirliyi Azərbaycanda separatçılığı qızışdıran və cinayət təqibindən yayınaraq digər ölkələrdə gizlənən şəxslərin İran səfirliklərində qəbul edilməsinin qeyri-dost addım olduğunu bildirib.

“İranda Azərbaycana qarşı bu kimi məlumatların yayımlanmasının və fəaliyyətin aparılmasının qəbuledilməz olduğu və ən qısa zamanda bunlara son verilməsinin gözlənildiyi vurğulanıb,” məlumatda deyilir.

Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşündə (Foto Azərbaycan Prezidentinin rəsmi internet saytınındır)

Bu arada isə noyabrın 11-də Azərbaycan Prezidenti İlham Əliyev Səmərqənddə Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşündə çıxışı zamanı deyib ki, Türk dünyası təkcə müstəqil türk dövlətlərindən ibarət deyil, onun coğrafi sərhədləri daha genişdir.

“Hesab edirəm ki, Türk Dövlətləri Təşkilatının üzvləri olan ölkələrdən kənarda yaşayan soydaşlarımızın hüquqlarının, təhlükəsizliyinin, milli kimliyinin qorunması, onların assimilyasiyaya uğramaması kimi məsələləri artıq təşkilat çərçivəsində daimi əsasda diqqətdə saxlamağın vaxtı gəlib çatmışdır. Türk dünyasında gənc nəslin yaşadıqları ölkələrdə məktəblərdə öz ana dilində təhsil almaq imkanı olmalıdır. Əfsuslar olsun ki, Azərbaycan dövlətinin hüdudlarından kənarda yaşayan 40 milyon azərbaycanlının əksəriyyəti bu imkanlardan məhrumdur. Türk dövlətlərindən kənarda yaşayan soydaşlarımızın öz ana dilində təhsil almaları daim təşkilatın gündəliyində olmalıdır. Bu istiqamətdə lazımi addımlar atılmalıdır,” deyə Prezident Əliyev İranda və digər ölkələrdə yaşayan azərbaycanlıların fundamental hüquqlarının pozulmasına işarə edib.

O bildirib ki, Azərbaycan dövləti xarici ölkələrdə yaşayan azərbaycanlıların hüquq və azadlığının, təhlükəsizliyinin təmin edilməsinə xüsusi diqqət yetirir.

“Biz acı taleyin hökmü ilə Azərbaycan dövlətindən ayrı düşmüş soydaşlarımızın dilimizi, ənənələrimizi, mədəniyyətimizi qoruyub saxlamaları, azərbaycançılıq ideyalarına sadiq olmaları, öz tarixi Vətənləri ilə əlaqələrin heç vaxt kəsilməməsi üçün səylərimizi davam etdirəcəyik,” Əliyev qeyd edib.