Məhkəmə jurnalistin şikayətini təmin etməyib

Əvəz Zeynallı (Arxiv foto, mənbə VOA)

Noyabrın 4-də Bakının Binəqədi Rayon Məhkəməsi jurnalist Əvəz Zeynallının istintaq müddətində ona görüş və telefon danışıqlarını qadağan edən Baş Prokurorluğun İstintaq İdarəsinə qarşı şikayətini təmin etməyib.

Vəkil Fəxrəddin Mehdiyev Amerikanın Səsinə bildirib ki, istintaq orqanının nümayəndəsi "bunu istintaq sirrinin yayılması ehtimalı" ilə əsaslandırıb.

Müdafiə tərəfi Əvəz Zeynallı ilə bağlı heç bir istintaq hərəkəti aparılmadığı üçün bu arqumentlərin əsassız olduğunu qeyd edib. İkincisi, ailə üzvləri ilə telefon söhbəti və görüş hüququna qanunla zəmanət verilib.

Vəkil həmçinin şəkərli diabetdən əziyyət çəkən və gözündən əməliyyata ehtiyacı olan Zeynallının səhhətindəki problemlərə diqqət çəkib.

Bununla belə, məhkəmə Əvəz Zeynallının iddiasını təmin etməyib.

Jurnalist Əvəz Zeynallı və vəkil Elçin Sadıqov sentyabrın 10-da prokurorluq orqanları tərəfindən saxlanılıb. Sentyabrın 11-də Bakının Binəqədi rayon Məhkəməsi Əvəz Zeynallı və Elçin Sadıqov barəsində 4 ay müddətində həbs-qətimkan tədbiri seçib.

Rəsmi məlumata görə, toplanmış ilkin sübutlara əsasən Əvəz Zeynallıya Cinayət Məcəlləsinin 311.3.3-cü (külli miqdarda rüşvət almaq) və Elçin Sadıqova Cinayət Məcəlləsinin 32.5, 311.3.3-cü (külli miqdarda rüşvət almaqda köməkçilik) maddəsi ilə təqsirləndirilən şəxs qismində ittiham elan edilib. Əvəz Zeynallı "Baku Steel Company" şirkətinin müşahidə şurasının keçmiş sədri, hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində təqsirləndirildiyi cinayət işi üzrə barəsində məhkəmə baxışı davam etdirilən Rasim Məmmədovun yaxınlarından rüşvət almaqda, vəkil isə vasitəçilik etməkdə təqsirli bilinir.

Sonradan Zeynallıya qarşı Cinayət Məcəlləsinin 312-1-ci maddə (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə) ilə daha bir ittiham irəli sürülüb.

Əvəz Zeynallı və Elçin Sadıqov ittihamları qəbul etməyib, peşə fəaliyyətləri ilə bağlı olduğnu bəyan edib.

Beynəlxalq təşkilatlar vəkil və jurnalistin həbsini pisləyib. Azərbaycan hakimiyyətindən onların azadlığa buraxılmasını istəyiblər.

Sentyabrın 17-də Bakı Apellyasiya Məhkəməsi vəkil Elçin Sadıqovu ev dustaqlığına buraxıb.

ABŞ-ın Azərbaycandakı səfirliyi Amerikanın Səsinə bildirib ki, Əvəz Zeynallının və Elçin Sadıqovun həbsini diqqətlə izləyirlər.

"Birləşmiş Ştatlar insan hüquqlarına və əsas azadlıqlara hörmətin artırılmasına qətiyyətlə sadiq qalır. Biz Azərbaycanı öz konstitusiyasına və beynəlxalq öhdəliklərinə uyğun olaraq vətəndaşlarının hüquqlarını və əsas azadlıqlarını qorumağa çağırırıq" , səfirliyin mətbuat katibi qeyd edib.