Accessibility links

Həbsdə olan jurnalistin səhhətinin pisləşdiyi bildirilir


Əvəz Zeynallı
Əvəz Zeynallı

Həbsdə olan Xural internet televiyzasının rəhbəri Əvəz Zeynallının səhhətində problemlər yaranıb.

Bu barədə sentyabrın 19-da Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Təcridxanasında jurnalistlə görüşdən sonra onun qızı Selcan Zeynallı Amerikanın Səsinə deyib.

“Atamın səhhəti yaxşı deyil. O şəkər xəstəsidir. Hazırda gözlərində problem yaranıb, yaxşı görmür. Kəskin bel ağrıları atama əziyyət verir. Şəkərə qarşı dərmanlardan istifadə edir. Amma, ixtisaslı tibbi müalicəyə ehtiyacı var. Atam saxlanma şəraitinin çox pis olduğunu dedi. Təkadamlıq kamerada saxlanılır, kamera çox dardır, hərəkət etmək belə çətindir. Havasızlıqdır, yalnız bir pəncərəsi var, günəş işığı düşmür,” Selcan Məmmədli qeyd edib.

Öz növbəsində, Dövlət Təhlükəsizliyi Xidmətindən jurnalistin səhhəti ilə bağlı məlumat almaq mümkün olmayıb.

Jurnalist Əvəz Zeynallı və vəkil Elçin Sadıqov sentyabrıpn 10-da prokurorluq orqanları tərəfindən saxlanılıb. Onların evlərində və ofislərində axtarış aparılıb.

Sentyabrın 11-də Bakının Binəqədi rayon Məhkəməsi Əvəz Zeynallı və Elçin Sadıqov barəsində 4 ay müddətində həbs qətimkan tədbiri seçib.

Rəsmi m əlumata görə, toplanmış ilkin sübutlara əsasən Əvəz Zeynallıya 311.3.3-cü (külli miqdarda rüşvət almaq) və Elçin Sadıqova Cinayət Məcəlləsinin 32.5, 311.3.3-cü (külli miqdarda rüşvət almaqda köməkçilik) maddəsi ilə təqsirləndirilən şəxs qismində ittiham elan edilib. Əvəz Zeynallı "Baku Steel Company" şirkətinin müşahidə şurasının keçmiş sədri, hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində təqsirləndirildiyi cinayət işi üzrə barəsində məhkəmə baxışı davam etdirilən Rasim Məmmədovun yaxınlarından rüşvət almaqda, vəkil isə vasitəçilik etməkdə təqsirli bilinir.

Əvəz Zeynallı və Elçin Sadıqov ittihamları qəbul etməyib, peşə fəaliyyətləri ilə bağlı olduğnu bəyan edib.

Beynəlxalq təşkilatlar vəkil və jurnalistin həbsini pisləyib. Azərbaycan hakimiyyətindən onların azadlığa buraxılmasını istəyiblər.

Sentyabrın 17-də Bakı Apellyasiya Məhkəməsi vəkil Elçin Sadıqovu ev dustaqlığına buraxıb.

ABŞ-ın Azərbaycandakı Səfirliyi Amerikanın Səsinə bildirib ki, Əvəz Zeynallının və Elçin Sadıqovun həbsini diqqətlə izləyirlər.

“Birləşmiş Ştatlar insan hüquqlarına və əsas azadlıqlara hörmətin artırılmasına qətiyyətlə sadiq qalır. Biz Azərbaycanı öz konstitusiyasına və beynəlxalq öhdəliklərinə uyğun olaraq vətəndaşlarının hüquqlarını və əsas azadlıqlarını qorumağa çağırırıq,” səfirliyin mətbuat katibi qeyd edib.

XS
SM
MD
LG