Azərbaycanda mülki şəxs minaya düşüb

İstehkamçı minaaxtaran itin köməkliyi ilə mina axtarrı (Foto ANAMA-dır)

Oktyabrın 23-də Tərtər rayonunun (Bakıdan 320 kilometr qərb) Çaylı adlanan ərazisində bir nəfər mülki şəxs minaya düşüb.

Tərtər rayon Prokurorluğunun məlumatına görə, həmin ərazidə olarkən mülki şəxs Samir Əlizadə minaya düşərək ağır dərəcəli bədən xəsarətləri alıb və nəticədə hər iki ayağı amputasiya olunub.

Azərbaycan Xarici İşlər Nazirliyi bildirib ki, 2020-ci ildə müharibə bitdikdən sonra mina qurbanlarının sayı 262 nəfərə çatıb.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) Tərtər rayonunda baş verən mina hadisəsindən sonra bir daha vətəndaşlara xəbərdarlıq edib.

“ANAMA vətəndaşları məsuliyyətli davranmağa, bələd olmadıqları ərazilərə daxil olmamağa, tələb olunan qaydalara riayət etməyə çağırır,” xəbərdarlıqda deyilir.

2020-ci il noyabrın 10-da müharibə başa çatdıqdan sonra Azərbaycanda 262 nəfər minaya düşüb, onlardan 44 nəfəri həlak olub.

Azərbaycanın azad edilmiş ərazisində hazırda ermənilər yaşayan hissədə Rusiya Müdafiə Nazirliyi, azərbaycanıların yaşadığı hissədə Azərbaycan Minatəmizləmə Agentliyi, Azərbaycan, Rusiya və Türkiyə hərbi istehkamçıları minatəmizləmə işlərini həyata keçirir.

Ekspertlərin fikrincə, bu ərazilərdə yüz minlərlə mina var.