Accessibility links

Ağdam rayonunda mina partlaması nəticəsində üç mülki şəxs xəsarət alıb


Mina (Arxiv foto)
Mina (Arxiv foto)

Oktyabrın 8-də Ağdam rayonunda mina partlaması nəticəsində üç mülki şəxs xəsarət alıb.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat xidmətinin məlumatına görə, Füzuli-Ağdam yolu istiqamətində minalardan təmizlənməmiş ərazidə minanın partlayışı zamanı Səxavət Abdulaxalıqov, Ramin Əliyev və Pərviz Nəcəfov xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdiriliblər.

Azərbaycanın azad edilmiş ərazisində hazırda ermənilər yaşayan hissədə Rusiya Müdafiə Nazirliyi, azərbaycanıların yaşadığı hissədə Azərbaycan Minatəmizləmə Agentliyi, Azərbaycan, Rusiya və Türkiyə hərbi istehkamçıları minatəmizləmə işlərini həyata keçirir.

Ekspertlərin fikrincə, bu ərazilərdə yüz minlərlə mina var.

Azərbaycan Minatəmizləmə Agentliyinin sədr müavini Samir Poladovun dediyinə görə, azad edilmiş ərazilərdə 390 709 tank və piyada əleyhinə mina, eləcə də digər partlayıcı qurğular barədə məlumatlar var. "Amma bu məlumatlar tam deyil. Onların dəqiqliyi 25 faizə yaxındır", o qeyd edib.

Sədr müavinin sözlərinə görə, təxminən 147 988 hektar ərazi yüksək səviyyəli minalanmış, 675 570 hektar isə az səviyyəli minalanmış bölgə hesab olunur.

"2022-2026-cı illər üçün planlaşdırılmış birinci mərhələ Ağdam, Füzuli, Qubadlı, Cəbrayıl, Kəlbəcər, Xocavənd, Laçın, Şuşa və Zəngilan rayonlarında 83 yaşayış məntəqəsinin minalardan təmizlənməsini nəzərdə tutur. Cari planlara görə 33 795 hektar ərazi yaşayış yeri üçün minalardan təmizlənəcək. Birinci mərhələyə uyğun olaraq bu rayonlarda evlərin tikintisi üçün 14 713 hektar ərazinin təmizlənməsi nəzərdə tutulur" , Poladov deyib.

O əlavə edib ki, müharibə başa çatdıqdan sonra 260 nəfər minaya düşüb ki, onlardan 44 nəfəri həlak olub.

XS
SM
MD
LG