Accessibility links

Xarici İşlər Nazirliyi Azərbaycan hərbçilərinin törətdiyi hərbi cinayətlər kimi təqdim edilən videolarla bağlı reaksiyalara cavab verib


Leyla ABdullayeva
Leyla ABdullayeva

“Azərbaycan Hərbi Prokurorluğu Azərbaycan əsgərlərinin hərbi cinayət törətdiyi iddia olunan videokadrları araşdırmaqda davam edir. Araşdırma beynəlxalq qurumların çağırışlarına cavab olaraq deyil, məhz Azərbaycanın hər zaman beynəlxalq öhdəliklərinə ciddi yanaşması çərçivəsində başlayıb.”

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəhbəri Leyla Abdullayeva KİV-lərin bir neçə gün əvvəl sosial şəbəkələrdə yayılmış videokadrlarla bağlı sorğusuna cavabda deyib.

O qeyd edib ki, həmin beynəlxalq qurumlar erməni hərbiçilərin Birinci və İkinci Qarabağ müharibələri zamanı törətdiyi çoxsaylı hərbi cinayətlərə heç bir reaksiya verməyiblər. Onun sözlərinə görə, onlar böyük əksəriyyəti mülki şəxs olmaqla, 250-dək şəxsin mina qurbanı olmasına da reaksiya vermirlər.

“Azərbaycana çağırış edənlər qərəzsizlik və ədalətli mövqe nümayiş etdirmək istəyirlərsə, məsələyə hərtərəfli yanaşmalı, Ermənistan tərəfindən bu günədək törədilən çoxsaylı cinayətlərin araşdırılması və məsuliyyət daşıyan şəxslərin qanun qarşısında cavab verməsini tələb etməlidirlər. Əks təqdirdə bu, erməni təbliğatı nəticəsində verilmiş birtərəfli açıqlamadan başqa bir şey deyildir,” Abdullayeva qeyd edib.

Oktyabrın 3-də ABŞ Dövlət Departamentinin mətbuat katibi Ned Prays, Böyük Britaniyanın və Fransanın Bakıdakı səfirlikləri “erməni əsirlərin güllələnməsi haqqında” videokadrları araşdırmağa və təqsirli olanları cəzalandırmağa çağırıb.

“Azərbaycan Baş Prokurorluğunun videogörüntülərin hərtərəfli araşdırılmasına sadiqliyi haqqında bəyanatını alqışlayırıq. Araşdırma nəticələrinin açıqlanmasını gözləyirik. Amansız rəftar və qətllər haqqında bütün iddiaların tam araşdırılacağına ümid edirik,” Böyük Britaniya səfirliyinin bəyanatında bildirilir.

“Azərbaycan ordusu tərəfindən erməni əsirlərin mühakiməsiz edamını əks etdirən videogörüntülər şok yaradır. Fransa Azərbaycanın elan etdiyi bu əməllərlə bağlı araşdırılmanın başlanmasını nəzərə alır və onları törədənlərin məsuliyyətə cəlb olunmasına çağırır. Fransa hələ də həbsdə olan bütün erməni məhbusları azad etməyə çağırır,” Fransa səfirliyinin bəyanatında qeyd edilir.

“ABŞ erməni əsgərlərin güllələnməsi kadrlarından dərin narahatlıq hissi keçirir”, Dövlət Departamentinin mətbuat katibi Ned Praysın bəyanatında deyilir.

“Tam və qərəzsiz araşdırma aparmağa çağırırıq. Bu vəhşiliklərdə təqsirli olanlar məsuliyyətə cəlb olunmalıdır,” o bildirib.

Ermənistan Xarici İşlər Nazirliyinin oktyabrın 2-də açıqladığı bəyanatda Azərbaycandan hərbçilər tərəfindən “hərbi cinayətlərə” qiymət verilməsi istənilib.

“Biz ardıcıl olaraq problemi müvafiq beynəlxalq platformalarda və məhkəmələrdə qaldırmağa və yuxarıda qeyd olunan cinayətlərin icraçılarını və təşkilatçılarını, o cümlədən beynəlxalq sanksiyaların tətbiqi yolu ilə məsuliyyətə cəlb etməyə çalışacağıq,” bəyanatda qeyd edilib.

Son günlər sosial şəbəkələrdə Azərbaycan və Ermənistan hərbçiləri tərəfindən güllələnmə və meyitlərin təhqir edilməsi göstərildiyi iddia edilən video görüntülər paylaşılıb. Ermənistan və Azərbaycan bir-birini hərbi cinayətlər törətməkdə ittiham edib. Videoların birində Azərbaycan əsgərləri tərəfindən erməni hərbi əsirlərin güllələndiyi, digər videoda isə Ermənistan hərbçiləri tərəfindən Azərbaycan əsgərlərinə qarşı hərbi cinayət törədildiyi iddia edilir.

XS
SM
MD
LG