Accessibility links

Azərbaycan Respublikası Baş Prokurorluğu üç şəxsin minaya düşməsi faktı ilə bağlı araşdırma aparır


Avqustun 2-də saat 10-radələrində Füzuli rayonun Qaraxanbəyli kəndi ərazisində 3 şəxs piyada əleyhinə minaya düşüb.

Azərbaycan Respublikası Baş Prokurorluğundan verilən məlumata görə, araşdırmalara əsasən müəyyən edilib ki, 1990-cı il təvəllüdlü Yadigar Şükürov, 1991-ci il təvəllüdlü Rövşən Əlizadə və 1976-cı il təvəllüdlü Qılman Hüseynovun qeyd edlən ərazidə minatəmizləmə işləri həyata keçirərkən piyada əleyhinə minaya düşüblər. Hadisə nəticəsində Yadigar Şükürov və Rövşən Əlizadə müxtəlif dərəcəli bədən xəsarətləri alıb, Qılman Hüseynovun isə sağ ayağı amputasiya olunub.

Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib, digər prosessual hərəkətlər yerinə yetirilib.
Faktla bağlı Füzuli rayon prokurorluğunda araşdırma aparılır.

Öz növbəsində dəfələrlə Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) azad edilmiş ərazilərdə möcvud mina təhlükəsi ilə üzləşməmək üçün vətəndaşları nizam-intizamlı davranmağa və məsuliyyətli olmağa çağırır.

Rəsmi məlumatlara görə, Azərbaycanın azad edilmiş ərazilərində 2020-ci ilin noyabrından 2022-ci ilin iyununadək ümumilikdə 33319 ədəd mina və partlamamış hərbi sursat (PHS) aşkar edilərək zərərsizləşdirilib.

Rəsmi məlumatlara görə, Ermənistan və Azərbaycan arasında 30 illik münaqişədə döyüş əməliyyatlarının dayandırılması ilə bağlı Azərbaycan, Ermənistan və Rusiya liderlərinin imzaladığı 2020-ci il 10 noyabr tarixli bəyanatdan sonra həmin ərazilərdə minaya düşmələr nəticəsində 25 mülki şəxs, 7 hərbi qulluqçu həlak olub, 98 hərbi qulluqçu, 45 mülki şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Ümumilikdə 2020-ci il də daxil olmaqla, Azərbaycanda 2439 nəfər müharibənin təhlükəli partlayıcı qalıqlarından zərər çəkib, onlardan 383 nəfər ölüb və 2058 nəfər yaralanıb.

Azərbaycanın azad edilmiş ərazisində hazırda ermənilər yaşayan hissədə Rusiya Müdafiə Nazirliyi, azərbaycanıların yaşadığı hissədə Azərbaycan Minatəmizləmə Agentliyi, Azərbaycan, Rusiya və Türkiyə hərbi mütəxəssisləri minatəmizləmə işlərini həyata keçirir.

XS
SM
MD
LG