Accessibility links

ABŞ Azərbaycana minaxtaran itlər göndərəcək


Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov Amerika Birləşmiş Ştatlarında minatəmizləmə sahəsində görüşlərini davam etdirir.

ANAMA-nın məlumatına görə, səfər çərçivəsində Süleymanov Marşal İrsi İnstitutu (MLI), Amerikanın Mina Məsləhət Qrupu (Mines Advisory Group America), Müdafiə Departamentinin Müdafiə Təhlükəsizlik Əməkdaşlığı Agentliyi, Dünya Bankı, ABŞ Dövlət Departamenti və Nümayəndələr Palatasının rəhbər şəxsləri, eləcə də bir neçə aparıcı konqresmenlər ilə görüşlər keçirib.

"Görüşlərdə işğaldan azad olunmuş ərazilərin partlayıcı qurğularla kütləvi şəkildə çirklənmə miqyası, mövcud problemin bərpa-quruculuq işlərinə, eləcə də keçmiş məcburi köçkünlərin qayıdışına yaratdığı maneələr barədə məlumat verilib. Həmçinin görüşdə Azərbaycanda həyata keçirilən humanitar minatəmizləmə fəaliyyətinə ABŞ-ın mövcud dəstəyinin artırılması məsələləri müzakirə edilib" , məlumatda qeyd edilir.

Marşal İrsi İnstitutu rəsmiləri ilə görüş zamanı minaaxtaran itlərin ianə edilməsində iki qurum arasındakı uzunmüddətli uğurlu əməkdaşlığın davam etdirilməsi üzrə müzakirələr aparılıb. Görüş əsnasında Azərbaycanda aparılan humanitar minatəmizləmə əməliyyatlarına dəstək məqsədilə Marşal İrsi İnstitutu tərəfindən əlavə sayda xüsusi təlim keçmiş minaaxtaran itlərin göndərilməsi ilə bağlı razılıq əldə edilib.

Amerikanın Mina Məsləhət Qrupu nümayəndələri ilə görüşdə yeni innovativ texnologiyaların və avadanlıqların Azərbaycanda sınaqdan keçirilməsi üzrə fikir mübadiləsi aparılıb.

ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin məlumatına görə, sentyabrın 12-dəBirləşmiş Ştatlar 2020-ci ilin payızında Cənubi Qafqazda Ermənistan və Azərbaycan qüvvələri arasında intensiv döyüşlərdən zərər çəkmiş ərazilərdə humanitar minatəmizləmə əməliyyatları üçün 2 milyon ABŞ dolları məbləğində yardım elan edib.

Birləşmiş Ştatlar 1993-cü ildən bəri 100-dən çox ölkəyə minaların və partlamamış hərbi sursatların mülki əhali üçün yaratdığı təhlükələri aradan qaldırmaqla beynəlxalq sülh və təhlükəsizliyin təşviqi üçün 4,7 milyard dollardan çox sərmayə yatıraraq, adi silahların məhv edilməsi üzrə dünyanın ən böyük maliyyə dəstəkçisidir.

Rəsmi məlumatlara görə, Ermənistan və Azərbaycan arasında 30 illik münaqişədə döyüş əməliyyatlarının dayandırılması ilə bağlı Azərbaycan, Ermənistan və Rusiya liderlərinin imzaladığı 2020-ci il 10 noyabr tarixli bəyanatdan sonra həmin ərazilərdə minaya düşmələri nəticəsində 25 mülki şəxs, 7 hərbi qulluqçu həlak olub, 97 hərbi qulluqçu, 44 mülki şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Rəsmi statistikaya görə, ümumilikdə 2020-ci il də daxil olmaqla, Azərbaycanda 2439 nəfər müharibənin təhlükəli partlayıcı qalıqlarından zərər çəkib, onlardan 383 nəfər ölüb və 2056 nəfər yaralanıb.

Azərbaycanın azad edilmiş ərazisində hazırda ermənilər yaşayan hissədə Rusiya Müdafiə Nazirliyi, azərbaycanıların yaşadığı hissədə Azərbaycan Minatəmizləmə Agentliyi, Azərbaycan, Rusiya və Türkiyə hərbi istehkamçıları minatəmizləmə işlərini həyata keçirir. Ekspertlərin fikrincə, bu ərazilərdə yüz minlərlə mina var.

XS
SM
MD
LG