Azərbaycan 6 erməni hərbçisinin cəsədini Ermənistana təhvil verib

Hərbçi

Azərbaycan sentyabrın 23-də Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəsilə daha 6 erməni hərbçisinin cəsədini Ermənistana təhvil verib.

Öz növbəsində Beynəlxalq Qızıl Xaç Komitəsinin Ermənistan üzrə kommunikasiya proqramlarının rəhbəri Zara Amatuni 6 erməni hərbçisinin Ermənistana təhvil verildiyini təsdiq edib.

Azərbaycanın əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatında deyilir ki, cəsədlərə Azərbaycan Hərbi Prokurorluğunun iştirakı ilə baxış keçirilib və onların üzərində hər hansı zorakılıq əlamətlərinin olması müəyyən edilməyib.

Bundan əvvəl, Azərbaycan sentyabrın 17-də 32, sentyabrın 20-də isə 95 erməni hərbçisinin cəsədini qarşı tərəfə təhvil verib.

Ermənistanın Baş Naziri Nikol Paşinyan sentyabrın 19-da Ermənistan Təhlükəsizlik Şurasının iclasında bildirib ki, Azərbaycan-Ermənistan sərhədində sentyabrın 12-dən 14-dək olan döyüşlər nəticəsində Ermənistan tərəfindən ölən və itkin düşənlərin sayı 207 nəfərə çatıb.

"Təcavüz nəticəsində ölən və itkin düşənlərin sayı 207-yə çatır, o cümlədən üç mülki şəxs həlak olub, ikisi itkin düşüb. 293 hərbçi və üç mülki şəxs yaralanıb, 20 hərbçi əsir götürülüb," Paşinyan qeyd edib.

Rəsmi məlumatlara görə, Azərbaycan-Ermənistan sərhədində son döyüşlər zamanı Azərbaycan Silahlı Qüvvələrinin 79 hərbçisi həlak olub, 282 hərbi qulluqçusu yaralanıb. Bununla yanaşı, Azərbaycan tərəfi iki mülki şəxsinin yaralandığını bildirib.

Sentyabrın 12-dən 14-dək Azərbaycan-Ermənistan sərhədinin bəzi istiqamətlərində döyüşlər qeydə alınıb. Tərəflər döyüşlərin başlanılmasında bir-birini günahlandırır.

ABŞ dövlət katibi Antoni Blinken sentyabrın 12-də Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla ayrı-ayrı telefon söhbəti zamanı Ermənistan-Azərbaycan sərhədində gərginliyi müzakirə edib və hərbi əməliyyatları dərhal dayandırmağa çağırıb.