İctimai fəal Bəxtiyar Hacıyev Prezident Administrasiyasına vətəndaşlıqdan imtina ilə bağlı ərizə təqdim edib

Bəxtiyar Hacıyev

İctimai fəal Bəxtiyar Hacıyev Azərbaycan vətəndaşlığından çıxmaq üçün Azərbaycan Prezident Administrasiyasına ərizə təqdim edib. O, bu addımını ölkədə həyatına təhlükənin olması ilə izah edib.

“Mənə məlumat verildi ki, ərizəm Prezident Administrasiyasının miqrasiya xidmətinə nəzarət edən şöbəsinə veriləcək,” o, Amerikanın Səsinə deyib.

Ona 15 gün, əlavə araşdırmaya ehtiyac olarsa, 30 gün ərzində cavab veriləcəyi bildirilib.

Fəal qeyd edib ki, son bir ildə dəfələrlə fiziki təzyiqlərə, təhdidlərə, oğurlanmalara, şəxsi həyatına müdaxilələrə məruz qalıb. Eyni zamanda onun şikayətləri ilə bağlı hüquq-mühafizə orqanları heç bir tədbir görməyib.

“Polis nəinki cinayətkarların qayğısına qalır, həm də özləri məni hədələyirlər. Dünən polis idarəsinin rəisi dedi ki, “nə istəsəm, edəcəm”. Mən həyatım üçün narahatam və daha Azərbaycan vətəndaşı olaraq qalmaq istəmirəm. İndi qoy dövlət başçısı özü qərar versin ki, təhlükəsizlik qüvvələri vətəndaşlarla bu cür davrana bilər, ya yox,” Hacıyev bildirib.

Vətəndaşlıqdan məhrumetmə ərizəsi təmin olunarsa, nə edəcəyi ilə bağlı suala cavabda Hacıyev deyib ki, əgər qanunvericilik imkan versə, o zaman vətəndaşlığı olmayan şəxs kimi bir müddət Azərbaycanda qalacaq. Eyni zamanda o, bir sıra başqa ölkələrdən vətəndaşlıq almaq üçün müraciət etmək niyyətindədir.

O qeyd edib ki, onun dövlət, fiziki və hüquqi şəxslər qarşısında heç bir borcu və öhdəliyi yoxdur və vətəndaşlığına xitam verməkdən imtina etmək üçün heç bir əsas yoxdur.

Bəxtiyar Hacıyev Amerikanın Səsinə bu gün Avropa İttifaqının Bakı ofisində qəbul ediləcəyini və bir sıra diplomatik nümayəndəliklərdə görüşlərinin olacağını deyib.

Hacıyev bir gün əvvəl gün ərzində saxlanılaraq Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparıldığını və orada fiziki təzyiqlərə məruz qaldığını bildirmişdi. O, daxili işlər naziri və iqtidaryönümlü olduğu bildirilən fəal Fuad Muradovla bağlı tənqidi yazılarını Facebook səhifəsindən silməyə məcbur edilib. Bəxtiyar Hacıyev bildirib ki, onu hədələyiblər ki, polisi tənqid etməyə davam etsə, cəza daha sərt olacaq.

Daxili İşlər Nazirliyi hələ Hacıyevin açıqlamasına münasibət bildirməyib.

Bəxtiyar Hacıyev hökumtin tənqidçisi kimi tanınır. O, 2007–2009-cu illərdə Harvard Universitetində İctimai Siyasət üzrə magistr təhsili alıb, MPP (Master in Public Policy) dərəcəsi alıb.

Hacıyev son parlament seçkilərində deputatlığa namizəd olub. Seçkilərdə qalib gəldiyini iddia etsə də, Mərkəzi Seçki Komissiyası digər namizədə mandat verib.

O, 4 mart 2011-ci ildə həbs edilərək hərbi xidmətdən yayınma ittihamı ilə 2 il müddətinə azadlıqdan məhrum edilib. Həmin vaxt o, Amnesty International, Human Rights Watch, Freedom House, Freedom Now kimi beynəlxalq təşkilatlar tərəfindən “vicdan məhbusu” elan edilib.

ABŞ Dövlət katibi Hillari Klintonun 2012-ci il iyunun 6-da Azərbaycana səfərindən iki gün öncə iyunun 4-də o, Ali Məhkəmənin qərarı ilə vaxtından əvvəl şərti azadlığa buraxılıb. Dövlət Katibi Bakı səfəri çərçivəsində Bəxtiyar Hacıyevlə görüşüb.

Onun 2004-2005-ci illərdə “Təhsildə rüşvətə YOX deyək” adlı aksiyası ölkədə geniş dəstək alıb və ictimai fəal həmin dövrdə təzyiqlərə məruz qalıb.

Bəxtiyar Hacıyev 2007-ci ilin yanvarında işıq, su, qaz pullarının birdən-birə 2-3 dəfə qaldırılmasına etiraz olaraq “susmayaq.biz” saytını qurub, imzatoplama kampaniyası apardığı zaman sayta Azərbaycanda giriş bağlanıb və o, 12 sutka inzibati həbs edilib, iki gün sonra isə Apellyasiya Məhkəməsinin qərarı ilə həbsdən azad edilib.

Bəxtiyar Hacıyev son illəırdə də hökumətin fəal tənqidçilərindən biri kimi tanınıb. O, müxtəlif təzyiqlərə, hətta oğurlanaraq fiziki işgəncələrə məruz qoyulduğunu bildirib.