Accessibility links

Bəxtiyar Hacıyev: `Onların yeganə günahı Şimali Koreyada dünyaya gəlməkdi`


Bəxtiyar Hacıyev: `Onların yeganə günahı Şimali Koreyada dünyaya gəlməkdi`
please wait

No media source currently available

0:00 0:12:09 0:00

Dünya ölkələrində milyonlarla insan Prezident Tramp və Şimali Koreya lideri Kim Conq Un arasında tarixi sammiti canlı yayımda izləyə bilsə də,Şimali Koreyanın özündə sammit haqda məlumatlar xüsusi hazırlanmış reportajlar şəklində çatdırılıb. Şimali Koreya dünyanın ən qapalı və təcrid olunmuş, insan haqlarının ciddi şəkildə pozulduğu ölkə hesab edilir. Lakin buna baxmayaraq, dünya liderləri Sinqapur sammitindən sonra Koreya yarımadasında davamlı sülhə nail olunması ilə bağlı nikbinliklərini ifadə edib. İctimai fəal Bəxtiyar Hacıyev Amerikanın Səsinin Amerika icmalı proqramında müsahibədə bu ilin əvvəli Şimali Koreyaya səfəri və Sinqapurda ABŞ prezidenti Donald Tramp və Şimali Koreya lideri Kim Con Un arasında zirvə görüşündən sonra gözləntilərdən danışıb.

Bəxtiyar Hacıyev ABŞ prezidenti Donald Tramp və Şimali Koreya lideri Kim Conq Un arasında sammiti həqiqətən də tarixi bir görüş adlandırıb. O, Koreya yarımadasına nəhayət sülhün gələcəyi ilə bağlı ümidləri bölüşdüyünü, lakin eyni zamanda, tərəddüdləri olduğunu deyib.

“Cəmi 6 ay bundan əvvəl heç kim təsəvvür edə bilməzdi ki, bir-birini Yer üzündə nüvə silahları ilə silməklə təhdid edən iki dövlətin iki rəhbəri cəmi 5-6 ay sonra əl sıxışacaq və dünya mətbuatının qarşısına çıxacaq. Kifayət qədər müsbət bir prosesdir, amma mən bir az o tərəddüdləri də bölüşürəm ki, bu prosesin hansısa bir mərhələsində tərəflərdən biri bu prosesdən kənarlaşa bilər. Çünki mən Şimali Koreyada olduğum müddətdə hiss elədiyim, həm ordakı bəzi rəsmi şəxslər, hansılar ki bizi bələdçi kimi gəzdirirdilər, bizimlə təmasda olurdular, həm sıravi vətəndaşlarda hiss edirdim ki, ölkə ümumiyyətlə dünyaya açılmaq istəyir.”

Bəxtiyar Hacıyev Şimali Koreyaya səfəri zamanı azad informasiyaya məhdudiyyətlərlə bağlı müşahidələrini bölüşüb.

Mənim müşahidə etdiyim odur ki, xarici kanallar ümumiyyətlə göstərilmir, internetə çıxış yoxdur.

“Bizim bələdçilərdən biri ilə qısa söhbətimiz olmuşdu. O soruşdu ki, niyə qərar verdin ki, Şimali Koreyaya səfər edəsən və mən bildirəndə ki, sizin xarici işlər nazirinin BMT Baş Assambleyasında çıxışını dinlədim və kifayət qədər maraqlı arqumentlər eşitdim, o təəccübləndi ki, Şimali Koreyanın xarici işlər naziri BMT Baş Assambleyasında çıxış edib. Bu mənim üçün xeyli dərəcədə o səfərin bir neçə şok yaradan məqamı var idisə, onlardan biri də həmin o idi ki, bir ölkənin ən ziyalı, ən çox təhsil almış, ən çox xarici vətəndaşlarla ünsiyyətdə olan bir vətəndaşı əgər bilmirsə ki, onun ölkəsinin xarici işlər naziri hansı ölkələrdə səfərdə olub, haralarda çıxış edib, hansı məsələləri qaldırıb, kimlərlə görüş keçirir, bu, kifayət qədər böyük və ciddi bir informasiya blokadasıdır. Eyni zamanda, mənim müşahidə etdiyim odur ki, xarici kanallar ümumiyyətlə göstərilmir, internetə çıxış yoxdur. Bizim qaldığımız oteldə bütün mərtəbələrdə demək olar ki, seçmə xarici kanallardan yayımlar olurdu-Əl-Cəzirədən, Rusiyanın bir neçə kanalından, Çinin bir neçə kanalından və Şimali Koreyanın özünün dövlət kanalından. Amma məhz yerli bələdçilərin yaşadığı bir mərtəbədə heç bir xarici kanal göstərmirdi.”

Bəxtiyar Hacıyevin sözlərinə görə, Şimali Koreya qəzetlərinin səhifələrində əsas etibarilə dövlət təbliğatına və Qərb əleyhinə kəskin tənqidi məqalələrə yer verilir.

Orada yaşayan milyonlarla insanın ən təməl hüquqlarının və azadlıqlarının təmin olunnması üçün belə görüşlər vacibdir.

“Mən ona görə deyirəm ki, bu, kifayət qədər tarixi dönüşdür, çünki mən orada olanda nəniki Cənubi Koreya rəhbərliyinə, nəinki Yaponiya və digər düşmən sayıla biləcək ölkələrə, yeganə kəskin nifrət hiss elədiyim və gördüyüm, müşahidə elədiyim ölkə Amerika Birləşmiş Ştatları idi. Və bütün problemlərim kökünü həm bələdçilər, həm digər şəxslər, həm vətəndaşlar bir yerdə axtarırdılar, o da Amerika Birləşmiş Ştatları idi. İndi mənim özüm üçün də çox maraqlı olardı ki, baxım və görüm, Şimali Koreyanın dövlət televiziyası həmin görüşü hansı şəkildə təqdim edib və vətəndaşlar bunu necə qəbul edib.”

Bəxtiyar Hacıyev dünyanın diktatura rejiminin mövcud olduğu, insanların fundamental hüquqlarının ciddi şəkildə pozulduğu bir ölkə kimi tanıdığı Şimali Koreya vətəndaşlarının yeniliklərə hazır olduğuna inandığını bildirib. Onun bildirdiyinə görə, ölkəyə səfərdən öncə qarşılaca biləcək məhdudiyyətlərlə bağlı xəbərdarlıqlara baxmayaraq, Şimali Koreyada olduğu müddətdə nəzarət və təqib kimi hallara məruz qalmadığının şahidi olub.

Həmin insanların da xoşbəxt, firavan yaşamaq haqları var. Və onların belə yaşamasının günahkarları özləri deyil.

“Amerika analitikləri və bəzi siyasətçilər mən bir neçə gündür Amerika mənbələrindən izləyirəm, onlar çox ciddi bir irad bildirirlər Tramp administrasiyasına ki, əvvəlki illər, əvvəlki administrasiyalar dövründə də belə danışıqlar cəhdləri olub, ancaq uğurla nəticələnməyib. Amerika heç nə əldə etməmiş artıq güzəştlərə getdi, qurbanlar verdi, diktatorun əlini sıxdı. Ancaq onlar nüvə təhlükəsizindən xilas olmaq, Koreya yarımadasına sülh gəlməkdən əlavə həm də onu düşünməlidirlər ki, dünyanın bir ölkəsinə daha hətta ən qapalı, ən sərt diktatura olduğu deyilən bir ölkəyə əslində demokratiya, azadlıq gətirmək imkanları var. Yəni bunu da nəzərə almaq lazımdır ki, orada yaşayan milyonlarla insanın ən təməl hüquqlarının və azadlıqlarının təmin olunnması üçün belə görüşlər vacibdir.”

Bəxtiyar Hacıyev Şimali Koreyada müsbət dəyişikliklərin baş verməsini müşahidə etmək istədiyini deyib. “Oradakı insanların da təməl insan hüquqları və azadlıqlarına haqları var. Həmin insanların da xoşbəxt, firavan yaşamaq haqları var. Və onların belə yaşamasının günahkarları özləri deyil. Yəni həmin vətəndaşlar deyil. Mən hava limanında ayrılanda kövrəldim müəyyən qədər. Çünki həmin bir həftə ərzində səhərdən axşama qədər bərabər gəzdiyimiz şimali koreyalı gənclərlə sağollaşanda mən düşünürdüm ki, onların yeganə günahı həmin vaxtda Şimali Koreyada dünyaya gəlməkdi. Onlar niyə dünyanın digər ölkələrindəki gənclər kimi, həmyaşıdları kimi azad dünyanı gəzə bilmirlər, istədikləri şəklidə məlumat əldə edə bilmirlər. istədikləri ölkəyə gedib orada istədikləri ilər məşğul ola bilmirlər və s. Mən o dəyişikliyi görmək istəyərdim. Böyük arzularımdam biri odur ki, dünyanın ən qapalı ölkəsi-Şimali Koreya ən azından qonşu Cənubi Koreya kimi inkişaf eləsin.”

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 20 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. Dilşad Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

XS
SM
MD
LG