Accessibility links

Ramiz Mehdiyev Amerika və ATƏT/DTİHB-ni kəskin tənqid edib


Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev
Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev

Prezident Administrasiyasının rəhbəri bu qurumları Azərbaycanda prezident seçkilərinə ədalətli qiymət verməməkdə ittiham edib

Prezident Administrasiyanın rəhbəri Ramiz Mehdiyev bu gün qərbin ünvanına ciddi ittihamlarla çıxış edib və ölkənin daxili işlərinə qarışmaqda günahlandırıb.

Azərbaycanın dövlət agentliyinə və iqtidaryönümlü bir sıra digər agentliklərə müsahibəsində bildirib ki, səsvermənin yekunlarını, seçicilərin 84,55 faizinin indiki prezidentə üstünlük verməsini yüksək dərəcədə qanunauyğun və ədalətli hesab etmək olar.

Onun sözlərinə görə, Avropa Parlamentinin, Avropa Şurasının nümayəndələri, ATƏT-in fəaliyyətdə olan sədri Leonid Kojara, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun Parlament Assambleyası missiyalarının əlaqələndiricisi Mişel Vauzen, Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eşton, Avropa İttifaqının genişlənməsi məsələləri və Avropa qonşuluq siyasəti üzrə komissarı Ştefan Fyule, digər səlahiyyətli nümayəndələr Azərbaycanı ədalətli və şəffaf seçkilər keçirilməsi münasibətilə təbrik edib, demokratik dəyərlərə sadiqliyini xüsusi vurğulayıb.

Mehdiyevin dediyinə görə, “Exit-poll” keçirmək istəyənlərin heç birinə rədd cavabı verilməyib. Yerli və xarici strukturlar alternativ hesablamalar aparıblar və onların nəticələri Azərbaycan Mərkəzi Seçki Komissiyasının məlumatları ilə üst-üstə düşüb.

Prezident Administrasiyasının rəhbəri ABŞ Dövlət Departamenti və ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu tərəfindən verilən qiyməti əsla qəbul etmir və bunu son dərəcə biabırçı, qərəzli və nalayiq fakt hesab edir. “Onların tutduğu mövqeyə görə hiddətlənirəm, çünki onların baxışları həqiqi vəziyyəti əks etdirmir. ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun və ABŞ xarici siyasət idarəsinin məqsədini heç cür başa düşmək olmur - onlar nə üçün aydın və dəqiq mənzərəni qəsdən təhrif edir, bununla da ikitərəfli münasibətlərə ziyan vururlar”, o qeyd edib.

O bunları ermənipərəs mövqe kimi qiymətləndirib.

“Çox qəribədir ki, bizim praktikanın tənqid edilməsi bəzi mərkəzlər üçün əsas məqsədə çevrilib. Belə olmasaydı, ciddi standartlara tam cavab verən, dünyanın aparıcı ölkələrindən olan qərəzsiz mütəxəssislər arasında irad doğurmayan beynəlxalq praktikaya uyğun geniş həcmli işi şübhə altına almağın mənası olmazdı.
Azərbaycanda prezident seçkilərini bu ilin fevralında Ermənistanda keçirilmiş seçkilərlə müqayisə etsək, təzadlar aşkar görünür. Azərbaycan gerçəkliklərindən fərqli olaraq Ermənistanda seçkiqabağı vəziyyət qeyri-müəyyən, hətta təhlükəli idi. Hakimiyyət orqanları namizədləri hədələyir, onları kobud və sərt şəkildə təqib edirdilər. Vəziyyət hətta sui-qəsd dərəcəsinə çatmış, prezidentliyə namizəd Paruyr Ayrikyana atəş açmışdılar.

Bunun ardınca iqtidarın rəqiblərinin mitinqləri və etiraz aksiyaları kobud şəkildə və amansızcasına dağıdılmışdı. Narazı olanlara qarşı dəhşətli sanksiyalar, təqiblər, qanunda nəzərdə tutulmayan fiziki cəzalar tətbiq edilirdi. Burada keçmişə qısa bir ekskurs etmək, 2008-ci ildə Ermənistanda seçkilərin biabırçı praktikasını xatırlamaq yerinə düşər. Rəsmi məlumatlara görə, həmin seçkilər zamanı Yerevanda 10 nəfər nümayişçi həlak olmuşdu. Müstəqil erməni hüquq müdafiəçilərinin məlumatlarına görə isə etirazçıların nümayişi dağıdılarkən zamanı 30 nəfər həlak olmuşdu”, deyə o Azərbaycandakı prezident seçkilərinə Amerikanın və ATƏT/DTİHB-nin münasibətinə etiraz bildirib.

Ramiz Mehdiyev həmçinin Amerikanın nümayəndəsini balanslaşdırılmış qiymət üçün səslərin 25 faizinin Milli Şuraya verilməsini, qalan 74-75 faiz səslərin özlərinə saxlanması barədə məsləhət verməkdə ittiham edib və bunu xalqın təhqiri kimi qiymətləndirib.

Mehdiyev Dövlət Departamentini Azərbaycanın daxili işlərinə qarışmaqda günahlandırıb.

“ATƏT/DTİHB-i Amerika Dövlət Departamentinin təsiri altında fəaliyyət göstərir, müstəqil qurum deyil”, o qeyd edib.

Xatırladaq ki, hələ nə rəsmi Vaşinqton, nə də ATƏT-in Demokratik Təsistalr və İnsan Haqları bürosu Azərbaycan Prezident Administrasiyasının ittihamlarına cavab verməyib.
XS
SM
MD
LG