Accessibility links

Müdafiə naziri və Amerika səfiri prezident seçkilərindən danışıb


Müdafiə naziri Səfər Əbiyev
Müdafiə naziri Səfər Əbiyev

Görüşdə hərbi əməkdaşlıq və 907-ci düzəliş də müzakirə edilib

Oktyabrın 14-də Azərbaycan müdafiə naziri Səfər Əbiyev ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstarı qəbul edib.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, görüşdə Azərbaycan-ABŞ ikitərəfli hərbi əməkdaşlıq əlaqələrinin mövcud vəziyyəti müzakirə edilib və nazir Səfər Əbiyev bu sahədə əldə edilmiş müsbət nəticələr və həllini gözləyən məsələlər ətrafında fikir mübadiləsi aparıb.

Hərbi əməkdaşlığın dərinləşdirilməsinin vacibliyini qeyd edən Səfər Əbiyev uğurlarla yanaşı maneçilik yaradan amillər barədə də danışıb.

O, 907-ci düzəlişin bu sahədə tormozlayıcı rol oynadığını xüsusi vurğulayaraq indiyədək bu ədalətsiz düzəlişin aradan qaldırılmamasına təəssüfünü bildirib. Nazirin fikrincə dəyişən zamandır və 907-ni gündəmə gətirən təşəbbüskarlar bu gün də Azərbaycanı başqa istiqamətdən hədəfə alıblar.

Görüş zamanı Azərbaycanda keçirilən prezident seçkiləri ilə bağlı da söhbət olub. Müdafiə naziri Səfər Əbiyev seçkinin ədalətli, demokratik və azad şəraitdə yekunlaşdığını əsas gətirərək prosesi müşahidə edən beynəlxalq təşkilatların və xarici ölkə nümayəndələrinin bütövlükdə müsbət rəy verdiyini qeyd edib.

Nazir bununla yanaşı, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun, eləcə də ABŞ Dövlət Departamentinin prezident seçkiləri ilə bağlı qeyri-obyektiv və həqiqətə uyğun olmayan bəyanatlarla çıxış etmələrindən narahatlığını ifadə edib.

O bildirib ki, son illər Azərbaycanda keçirilən bütün seçkilərə ATƏT-in adıçəkilən missiyası nədənsə davamlı olaraq mənfi rəyini açıqlayır.

Nazirin fikrincə, burada ikili standartın təzahürlərini hiss etməmək mümkün deyil. Konkret fakt kimi Səfər Əbiyev 2008-ci ilin fevralında işğalçı Ermənistanda total saxtakarlıqla keçirilən prezident seçkilərinə ABŞ Dövlət Departamentinin və ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun verdiyi ümumilikdə müsbət rəyi göstərib.

“Hətta İrəvanda etiraz əlaməti olaraq küçələrə axışan minlərlə insana hökumət qüvvələri tərəfindən silahlı təzyiqlər göstərilməsinə, ondan artıq seçicinin qətlə yetirilməsinə baxmayaraq Ermənistanın rəhbərliyinə heç bir ciddi beynəlxalq təpki olmadı. Fərqli yanaşmanı doğuran səbəblər nədir? Həm başqa ölkənin torpaqlarını işğal edərək saysız-hesabsız günahsız adamın qanını tökən, həm də öz insanına belə amansızlıq nümayiş etdirməkdən çəkinməyən bir rejimin demokratik biçimdə qəbul edilməsini, bir çox hallarda beynəlxalq tənqiddən kənarda saxlanılmasını necə başa düşək?!” Nazir bütün bunların ciddi təhlilə ehtiyacı olduğunu bildirməklə, bu cür siyasi proseslərin qiymətləndirilməsində ikili standartların yolverilməzliyinə diqqəti yönəldib.

Əbiyevin fikirləri ilə razılaşdığını bildirən ABŞ səfiri 907-ci düzəlişin nəzərdən keçirilməsinin zəruriliyini qeyd edib.

Mətbuat xidməti bildirir ki, Azərbaycandakı prezident seçkiləri ilə bağlı münasibətini ifadə edən səfir deyib ki, seçkilər artıq arxada qalıb və İlham Əliyev qalibdir. O, həmçinin edilən müəyyən tənqidlərin prezident seçkilərinin nəticələrinə təsir etmədiyini də vurğulayıb.

Görüşdə əməkdaşlıqla bağlı digər məsələlər barədə də ətraflı fikir mübadiləsi aparılıb.
XS
SM
MD
LG