Accessibility links

MSK Cəmil Həsənlinin seçki pozuntuları ilə bağlı şikayətini təmin etməyib


Seçki qutusu
Seçki qutusu

MSK-nin iclası zamanı Həsənlinin səlahiyyətli nümayəndəsi saxlanıb və o sənədləri MSK-da nümayiş etdirə bilməyib

APA agentliyinin məlumatına görə oktyabrın 13-də, bazar günü Mərkəzi Seçki Komissiyası Demokratik Qüvvələrin Milli Şurasının prezidentliyə namizədi Cəmil Həsənlinin seçki məntəqələrində qanun pozuntuları ilə bağlı şikayətinə baxıb və şikayətləri əsassız hesab edib.

Agentliyin məlumatında deyilir ki, MSK katibi Arifə Muxtarova bildirib ki, Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənlinin səlahiyyətli nümayəndəsi Gülağa Aslanlı tərəfindən bəzi seçki məntəqələrində qanun pozuntularının baş verməsi iddia edilən şikayət xarakterli müraciətlər təqdim edilib:

“Lakin həmin şikayətlərin istinad olunduğu müvafiq aktların əsilləri deyil, surətləri təqdim olunduğundan şikayətin hüquqi baxımdan əsası olmadığı qənaətinə gəlinməlidir. Çünki qanunvericiliyə uyğun olaraq araşdırma aparılması üçün sənədin əsli təqdim olunmalıdır”.

MSK katibi əlavə edib ki, G. Aslanlı ilə dəfələrlə əlaqə saxlanılıb və ondan aktların əslinin gətirilməsi istənilib.

MSK G. Aslanlının bu müraciətini təmin etməyib.

MSK sədri Məzahir Pənahov bildirib ki, seçkidən sonra iki gün ərzində dairə seçki komissiyalarından protokolların hamısı MSK-ya daxil olub. Ümumi protokolların tərtib olunması baxımından göstəricilər artıb:

“Demək olar ki, sənədlərin hazırlanmasında, protokolların tərtib edilməsində səhvlər yoxdur. Bu da aşağı seçki komissiya üzvlərinin peşəkarlığının artması ilə bağlıdır”.


Bu arada Cəmil Həsənlinin Seçki Qərargahı məlumat yayıb ki, MSK-nin iclası olan zaman Gülağa Aslanlı polis tərəfindən saxlanıb.

Aslanlı polis bölməsindən yalnız saat 14.10-da azad buraxılıb.

Gülağa Aslanlı Amerikanın Səsinə bildirib ki, saxlanmasının səbəbi onun MSK-nin iclasında iştirakının qarşısını almaqdır.

“Mən MSK-nin iclasında seçki saxtakarlıqları ilə bağlı çoxsaylı sənədlərin əslini təqdim edəcəkdim. MSK mənə sənədlərin əslinin təqdim edilməsi ilə bağlı müraciət etməyib. Dünən dəfələrlə MSK ilə əlaqə saxlayıb sənədləri təqdim etmək istədim. Onlar telefonu qaldırıb səsimi eşidən kimi dəstəyi yerinə qoyurdular. Sonda məcbur olun MSK-nin katibi Mikayıl Rəhimov ilə əlaqə saxladım. Onun vasitəsi ilə də MSK sədrinin müavini ilə əlaqə yaratmaq mümkün olmadı.

Bu gün isə səhər saat 9.30-da evimdən çıxıb nəvələrimin yaşadığı evin komendatının yanına gəldim və kommunal pulları ödəmək istəyirdim. Oradan çıxanda 20 nəfərədək mülki geyimli şəxs məni saxlayıb Binəqədi rayon Polis idarəsinin 7-ci polis bölməsinə gətirdilər. Orada da qurama bir iş düzəltdilər ki, guya kimisə saat 10-da söymüşəm. Daha sonra məlum oldu polis məni onu “söyməmişdən” 20 dəqiqə əvvəl saxlayıbmış”, o qeyd edib.

Xatırladaq ki, Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənli dünən keçirdiyi mitinqdə seçkilərin nəticələrini tanımadığını bəyan edib. O seçkinin nəticələrinin ləğv edilib yeni seçkilər təyin edilməsini tələb edib.

“Mənim Seçki Qərargahımda seçkinin nəticələrinin ləğv edilməsi üçün kifayət edəcək qədər minlərlə qanun pozuntuları barədə sənədlər var”, o bildirib.
Cəmil Həsənlinin Seçki Qərargahı MSK-ya iki gün öncə müşahidəçiləri və seçki komissiyalarının üzvləri tərəfindən tərtib edilmiş seçkilərdə pozuntular haqqında 840 akt təqdim edib.

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun seçkiləri müşahidə missiyası seçkilərin beynəlxalq standartlara uyğun gəlmədiyini və kütləvi qanun pozuntularının olduğunu bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Tramp baş prokuror vəzifəsinə yeni namizəd nominasiya edib
please wait

No media source currently available

0:00 0:11:25 0:00
XS
SM
MD
LG