Accessibility links

Cəmil Həsənli nümayəndəsinin saxlanmasını seçki saxtakarlığının davamı adlandırıb


Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənli
Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənli

Milli Şuranın prezidentliyə namizədi bəyanatla çıxış edib

“Baş vermiş qanunsuz hərəkətləri, Gülağa Aslanlıya qarşı təzyiqləri qətiyyətlə pisləyir, 9 oktyabr prezident seçkiləri ilə bağlı seçki saxtakarlığını özündə ehtiva edən sənədlərin Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən obyektiv və şəffaf şəkildə araşdırılmasını, seçkilərin nəticələrinin ləğv olunmasını, ölkədə yeni, ədalətli və azad seçkilərin keçirilməsini bir daha tələb edirəm”. Bu barədə Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənlinin səlahiyyətli nümayəndəsi Gülağa Aslanlının oktyabrın 13-də MSK-da Cəmil Həsənlinin seçki şikayətləri baxılan anda polis tərəfindən saxlanması ilə bağlı bəyanatında deyilir.

Sənəddə bildirilir ki, son illərin ən böyük total seçki saxtakarlığını həyata keçirən mövcud hakimiyyət bu addımı ilə saxtakar və qanunsuz əməllərini davam etdirdiyini bir daha ortaya qoyub.

Oktyabrın 13-də MSK-da Cəmil Həsənlinin seçki saxtakarlıqları ilə bağlı şikayəti müzakirəyə çıxarılan zaman Gülağa Aslanlı polis tərəfindən saxlanılıb.

“G.Aslanlı polis bölməsində saxlanılan zaman MSK-da bizim şikayətimiz müzakirəyə çıxarılıb və guya G.Aslanlı ilə əlaqə saxlanıldığı, onun isə sənədlərin əslini verməkdən, MSK-nın yığıncağında iştirak etməkdən imtina etdiyi haqqında yalan məlumatlar verilib və bizim təqdim etdiyimiz şikayət təmin olunmayıb.Yalnız MSK-nın yığıncağı bitdikdən və şikaəyətimiz təmin edilmədikdən sonra G.Aslanlı sərbəst buraxılıb”, Həsənli bildirir.

Oktyabrın 13-də, bazar günü Mərkəzi Seçki Komissiyası Demokratik Qüvvələrin Milli Şurasının prezidentliyə namizədi Cəmil Həsənlinin seçki məntəqələrində qanun pozuntuları ilə bağlı şikayətinə baxıb və şikayətləri əsassız hesab edib.

MSK-nin iclasında MSK katibi Arifə Muxtarova bildirib ki, Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənlinin səlahiyyətli nümayəndəsi Gülağa Aslanlı tərəfindən bəzi seçki məntəqələrində qanun pozuntularının baş verməsi iddia edilən şikayət xarakterli müraciətlər təqdim edilib.

“Lakin həmin şikayətlərin istinad olunduğu müvafiq aktların əsilləri deyil, surətləri təqdim olunduğundan şikayətin hüquqi baxımdan əsası olmadığı qənaətinə gəlinməlidir. Çünki qanunvericiliyə uyğun olaraq araşdırma aparılması üçün sənədin əsli təqdim olunmalıdır”.

MSK katibi əlavə edib ki, G. Aslanlı ilə dəfələrlə əlaqə saxlanılıb və ondan aktların əslinin gətirilməsi istənilib.

MSK G.Aslanlının bu müraciətini təmin etməyib.

MSK sədri Məzahir Pənahov bildirib ki, seçkidən sonra iki gün ərzində dairə seçki komissiyalarından protokolların hamısı MSK-ya daxil olub. Ümumi protokolların tərtib olunması baxımından göstəricilər artıb.

“Demək olar ki, sənədlərin hazırlanmasında, protokolların tərtib edilməsində səhvlər yoxdur. Bu da aşağı seçki komissiya üzvlərinin peşəkarlığının artması ilə bağlıdır”.

MSK-da bu bəyanatlar verilən zaman Aslanlı polisdə saxlanılırdı.
XS
SM
MD
LG