Accessibility links

Əli İnsanov: Ey İlham Əliyev... [Vəkillə Video-Müsahibə]


Əli İnsanov: Ey İlham Əliyev...
please wait

No media source currently available

0:00 0:04:51 0:00

Əli İnsanov: Ey İlham Əliyev...

Sabiq səhiyyə nazirinin məhkəməsi: kəskin tənqidlər, səs keçirməyən akvarium, müxalifət liderləri, 12 balla Tibb Universitetinə qəbul, pul kisələri və sairə

Fevralın 14-də Bakı Apellyasiya Məhkəməsində Qədim Babayevin sədrliyi ilə sabiq səhiyyə naziri Əli İnsanovun məhkəmə prosesi davam edib.

Təkrar istintaqın keçirilməsinə səbəb Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) 2013-cü il martın 14-də Ə.İnsanovun hüquqlarının pozulması barədə qərarıdır. AİHM-nin qərarının icrası ilə əlaqədar Azərbaycan Ali Məhkəməsinin plenumu 2013-cü il noyabrın 15-də işi təkrar baxılmaq üçün Apellyasiya Məhkəməsinə göndərib.

Bu günkü prosesdə müxalifətçi siyasətçilər Cəmil Həsənli, İsa Qəmbər, Eldar Namazov, Arzu Səmədbəyli, vəkil Aslan İsmayılov və digər ictimai xadimlər iştirak edib.

Ə.İnsanov zala gətirilən zaman mühafizəçilər onun siyasətçilərlə salamlaşmasına imkan verməyib. Proses boyu İnsanovun mikrofonu dəfələrlə söndürülüb.

Ə.İnsanov şüşə qəfəsə (akvarium) keçməzdən əvvəl zala müraciətlə deyib:

“Ey İlham Əliyev sən mənim xalqımın heç zaman xidmətçisi ola bilməzsən. (Bu yaxınlarda regionların inkişafı məsələləri üzrə konfransda İlham Əliyev özünü xalqın xidmətçisi adlandırıb və məmurları ondan nümunə götürməyə çağırıb - red). Xalqın xidmətçisi xalqın sərvətlərini talamaz, ziyalıları öldürməz, insanları məhv etməz, gəncləri türmələrdə çürütməz, qaziləri intihara vadar etməz. Sən bir özünə bax, güzgüyə bax. Sən xalqın dostu yox, düşmənisən”, sabiq nazir qeyd edib.

Prosesin əvvəlində vəkil Agaveyis Şahverdi vəsatət qaldıraraq Kərəm Həsənovun (Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin sədri, İqtisadi İnkişaf Nazirliyinin Özəlləşdirmə Departamentinin keçmiş rəhbəri), Mikayıl Cabbarovun (İqtisadi İnkişaf Nazirlinin keçmiş müavini, hazırda təhsil naziri), Vəliyev və Aslanovun (İqtisadi İnkişaf Nazirliyinin idarə rəisləri) şahid qismində məhkəməyə çağırılmasını istəyib.

Vəkil diqqəti ona yönəldib ki, Strasburq məhkəməsinin qərarında qeyd olunub ki, Azərbaycan məhkəmələri müdafiə tərəfinin şahid qismində təklif etdiyi şəxsləri dindirməyib.

Ağaveyis Şahverdi həmçinin birinci prosesin videoçəkilişlərinə baxılması barədə vəsatət qaldırıb. Çünki məhkəmənin qərarında şahidlərin bir çoxunun ifadəsi təhrif edilib.

Ə.İnsanov Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadənin və Prezident Administrasiyası humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadənin məhkəməyə çağırılması barədə vəsatət qaldırıb. Belə ki, M.Abbaszadə Milli Təhlükəsizlik Nazirliyinə arayış yazıb ki, Ə.İnsanov tibb texnikumuna tələbələri qanunsuz qəbul edib.

Hakim yalnız Vəliyevlə Aslanovun məhkəməyə çağırılması barədə vəsatəti təmin edib.

Ə.İnsanov buna etirazını bildirib.

O, hakimlərə işarə edərək deyib ki, onlar Abbaszadəni və Abdullazadəni məhkəməyə çağırmağa cəsarət etmirlər.

“Çünki Abdullazadə və Abbaszadə Heydər Əliyev Fondunun pul kisələridir... (mikrofon söndürülür)... Xəstəhal şıltaqlıqla dövləti, milləti idarə etmək olmaz İlham Əliyev... (mikrofon söndürülür)”, keçmiş nazirin bundan sonra dedikləri eşidilməyib.

Ə.İnsanov deyib ki, F.Abdullazadə cəmi 12 bal toplayan abituriyenti Tibb Universitetinə qəbul edib. Onun sözlərinə görə, əgər lazım gələrsə, həmin şəxsin adını açıqlayacaq. Bu anda hakim mikrofonu söndürüb.

İnsanov prosesə sədrlik edəni konstitusiyanı və qanunları pozmaqda, onu öz hüquqlarını müdafiə etmək imkanlarından məhrum etməkdə ittiham edib və məhkəmə heyətinə etirazını bildirib.

“Mənim danışmaq yox, həm də dinləmək və çəkişmə hüququm pozulur. Sizin dediklərinizi və qərarlarınızı belə eşidə bilmirəm. Sizdə deyəsən mikrofonun yox, buraya (şüşə akvarium-red) vurulan havanın da düyməsi var. Burada hava çatmır, gəlin siz də burda oturun görün”, bu zaman sədrlik edən Əli İnsanovun mikrofonunu söndürür və keçmiş nazirə mahiyyəti üzrə danışmağı tövsiyə edir.

Hakimin tövsiyəsi salonda acı gülüşlə qarşılanıb. Bu zaman salonda olan Müsavat başqanı İsa Qəmbər salona müraciətlə deyib ki, vəziyyətdən çıxış yolu akvariumu genişləndirməkdir.

“Hakimlər, prokuror, vəkillər və Əli İnsanov böyük akvariuma salınsın ki, onlar həm bir-birini eşitsin, həm də akvariumun insanda hansı hissləri yaratdığını başa düşsünlər. Onlar akvariumdan mikrofonla danışsın ki, biz onları eşidə bilək”, deyə maraqlı təkliflə çıxış edib.

Milli Şuranın sədri Cəmil Həsənli hakimin hərəkətindən hiddətlənib:

“Bu nə məhkəmədir, ayıb deyilmi?”, deyərək məhkəməyə etiraz edib.

Hakim Qədim Babayev Həsənlini məhkəmə zalından çıxarmaq barədə mühafizəçilərə göstəriş verib və Avropa da məhkəmələrdə insanların şüşə akvariuma salınması təcrübəsinin olduğunu bildirib.

“Avropada məhkəmə pult ilə idarə edilmir”, Həsənli hakimə etiraz edib və məhkəmə zalını tərk edib.

Sonra məhkəmə Ə.İnsanovun etirazına baxmaq üçün məşvərətə gedib.

Fasilədə mühafizəçilər Əli İnsanovun olduğu akvariumun qarşısına düzülərək insanların onu görməsinə, əl işarələri ilə danışmalarına belə imkan verməyiblər.

Məşvərətdən qayıdan hakim etirazın təmin olunmadığını bildirib və növbəti iclası 21 fevral saat 11:00-a təyin edib.

İnsanov məhkəmə heyətini həmçinin ona suallar verməyə imkan verməməkdə günahlandırıb.

“Siz ədaləti beləmi axtarırsınız? Mən bu məhkəməyə gəlməkdən imtina da edə bilərdim. Ancaq nə qədər ağır şərait olsa belə mübarizəmi davam etdirəcəm. Siz mənə məhkum deyirsiniz, qanunu pozursunuz. Birinci instansiya məhkəmənin qərarı ləğv olunub, mən məhkum deyiləm. Mən həkim, siz hakim, hüquqşünaslara hüquq öyrətməliyəm? Siz hüquqşünaslar bu akvariumu tikənlərə niyə etiraz etmirsiniz? Bu İlham Əliyevə... (mikrofon söndürülür)”, o qeyd edib.
XS
SM
MD
LG