Fevralın 7-də Bakı Apellyasiya Məhkəməsində hakim Qədim Babayevin sədrliyi ilə keçmiş səhiyyə naziri Əli İnsanovun işi üzrə proses şahid ifadələri ilə davam etdirilib.
Təkrar məhkəmə araşdırması Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) 14 mart 2013-cü il tarixli İnsanovun hüquqlarının pozulması haqqında qəbul etdiyi qərarla əlaqədar aparılır. AİHM-nin qərarının icrası üçün Azərbaycan Ali Məhkəməsinin Plenumu 15 noyabr 2013-cü ildə işi təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərib.
Proseslə əlaqədar xüsusi təhlükəsizlik tədbirləri görülüb. Jurnalistlərin və digər müşahidəçilərin ayaqqabılarını belə yoxlayıblar.
Zala daxil olan İnsanov prosesdə iştirak edən Demokratik Qüvvələrin Milli Şurasının (DQMŞ) rəhbəri Cəmil Həsənliyə yaxınlaşıb və dəstəyə görə ona təşəkkür edib.
Daha sonra toplaşanlara müraciət edərək deyib: “Narahat olmayın, demokratiya meşə yanğını kimi Azərbaycan sərhədlərinə yaxınlaşır. Çox az qalıb”.
Bundan sonra İnsanovu səs keçirməyən şüşə qəfəsə - “akvariuma” yerləşdiriblər.
İclas ərzində hakim İnsanov İlham Əliyev, onun ailə üzvləri, qohumları və digər yüksək vəzifəli məmurların adlarını çəkən kimi dəfələrlə onun mikrofonunu söndürüb.
Vəkil Şahverdi Ağaveyis cinayət işinə xitam verilməsi haqqında vəsatət qaldırıb. Lakin hakim vəsatəti təmin etməyib.
Daha sonra ittiham tərəfinin 11 şahidindən 7-si ifadə verib. Bu, Maliyyə Nazirliyinin və digər idarələrin əməkdaşları, Səhiyyə Nazirliyinin obyektlərinin özəlləşdirilməsi ilə bağlı rəy verən ekspertlər idi.
Şahidlər bildiriblər ki, özəlləşdirilən obyektlərin dəyərini Səhiyyə Nazirliyi deyil, İqtisadi İnkişaf Nazirliyinin Özəlləşdirmə Departamenti müəyyən edirdi. Alış-satış haqqında qərarları da Səhiyyə Nazirliyi qəbul etmirdi.
İnsanov iclas zamanı Demokratik Qüvvələrin Milli Şurasının fəxri sədri Rüstəm İbrahimbəyovu 75 illik yubileyi münasibətilə təbrik edərək, onu “böyük Azərbaycanlı” adlandırıb. Bu zaman onun mikrofonu söndürülüb.
O qeyd edib ki, nazir olduğu vaxtlarda 59 səhiyyə obyekti özəlləşdirilib, onların 31-i kiçik bir-iki otaqdan ibarət olan obyektlərdir. 28 obyekt böyük, o cümlədən 2-5 hektar torpaq sahələri olan, 5-10 mərtəbəli obyektlər idi və onları Əliyevlər ailəsinin üzvləri özəlləşdiriblər.
“50 min dövlət obyektinin özəlləşdirilməsindən büdcəyə 500 mln. dollar köçürülüb, 30 mlrd. dollar isə hakim ailəyə verilib”, deyə İnsanov qeyd edib, hakim dərhal mikrofonu söndürüb.
“Onlar hətta əli-ayağı bağlı halda belə məndən qorxurlar. Onlar məni öldürmək istəyirlər”, - deyə İnsanov şüşə qəfəsin arxasından uca səslə bildirib.
Daha sonra o, hakimdən soruşub: “Mənim təyin etdiyim şəxsi guya rüşvət aldığına görə həbs ediblər. Onda məni təyin edən İlham Əliyevi də həbs edin”.
İnsanov bildirib ki, Semaşko adına xəstəxananın 2 hektar sahəsini İlham Əliyevin xalası oğlu mənimsəyib.
“Özəlləşdirmədə pozuntulara etiraz etdim və məni həbs etdilər. Amma Kərəm Həsənov dedi proses normal aparılıb, o hazırda işləyir”, deyə İnsanov bildirib.
İnsulinin Danimarkadan alışı ilə bağlı sui-istifadə barədə ittihamlara toxunan keçmiş nazir qeyd edib ki, nazirliyin Apteklər İdarəsinin rəisi Rafiq Mahmudov (İlham Əliyevin baldızının keçmiş həyat yoldaşı) idi. Bakının Baş Apteklər İdarəsinin rəisi isə Mehriban Əliyevanın dayısı idi... (burada mikrofon söndürülüb və İnsanov hər dəfə ad çəkəndə mikrofonu söndürülüb-red), deyə İnsanov bildirib. Hakim burada şahidə sualları dayandırıb və başqa suallara imkan verməyib.
Daha sonra vəkillər az ağır və ağır cinayətlər üzrə müddətin bitməsi ilə əlaqədar ittihamların ləğv edilməsi haqqında vəsatət qaldırıblar.
Vəkil Ağaveyis Şahverdi deyib ki, az ağır cinayətlər üzrə ittihamlar 7 il müddətində edilə bilər.
"Elan edilmiş uydurma ittihamlar 12 il əvvələ təsadüf edir. Bu səbəbdən bir çox ağır ittihamlar da ləğv edilməlidir".
Vəkillər həmçinin birinci prosesin videomateriallarına baxılması haqqında vəsatət qaldırıblar, belə ki, İnsanovun xeyrinə bir çox ifadələr məhkəmə qərarlarında təhrif edilib. Lakin məhkəmə vəsatətlərə baxmayıb.
Vəkillərin səhiyyə naziri Oqtay Şirəliyevin, Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin sədri Kərəm Həsənovun məhkəməyə dəvət edilməsi barədə vəsatətləri də təmin edilməyib.
Vəkillər həmçinin yeni vəsatətlər verilməsi üçün vaxt istəyiblər, bununla əlaqədar proses fevralın 14-nə keçirilib.
İclas boyu keçmiş nazir Əli İnsanov ironiya dolu ittihamedici ifadələrdən də istifadə edib. Amma hər dəvə prosesə sədrlik edən mikrofonu söndürüb:
- İttihama səbəb olan yoxlama aktında Əli İnsanovla bağlı bir kəlmə də yoxdur...
- Dövlət obyektlərinin özəlləşdirilməsi üzrə tarifləri Nazirlər Kabineti müəyyənləşdirir. Qiyməti Əmlak Komitəsi qoyur... Səhiyyə obyektləri isə prezidentin sərəncamı ilə özəlləşdirilir...
- Özəlləşdirilməyə çıxarılan kiçik obyektlər zəlzələ nəticəsində dağılmışdı. Bunu Nazirlər Kabinetinin komissiyası müəyyən etmişdi. Əli İnsanov zəlzələ prosesində iştirak edə bilərdi?... Aktda bu yazılıb?...
- Bu proses başdan-ayağa lətifədir...
- Sizin knopka da xarab olub...
- Akademik Heydər Hüseynov kimi məni də Moskvada çap edilən kitabımla bağlı ittiham edirlər. Eyni kitabı səhiyyə naziri Oqtay Şirəliyev də nəşr etdirib...
- Bütün xarici səfərlərimi qonororlarım hesabına maliyyələşdirmişəm. Onu niyə yazmayıbsınız. Siz yaxşı şeyləri görə bilmirsiniz...
- Siz insulini nə vaxt və kim gətirdiyini bilirsiniz? Mehriban xanımın dayısı...
- Siz məni çox incidirsiniz. Dediyim eşidilmir, dediyinizi eşitmirəm. İordaniyada bir qədim qəbir daşına belə yazılıb: Ey insan mən sənin kimi idim, sən də mənim kimi olacaqsan. Dekabristlər...
- Birinci instansiya məhkəməsinin video çəkilişləri MTN-də (Milli Təhlükəsizlik Nazirliyi-red) saxlanılır. Dövlət ittihamçısı və siz də (hakimlər-red) ona baxmamısınız...
- Mən qondarma ittihamlarla həbs olunmuşam. Dövlət çevrilişinə cəhd dedilər, nə dövlət çevrilişi edilib, nə də hakimiyyəti ələ almamışam. Nə də korrupsiya sübut olunmur...