Accessibility links

Əli İnsanov beynəlxalq qurumlara müraciət ünvanlayıb


Əli İnsanov
Əli İnsanov

Siyasi qurumlar keçmiş səhiyyə nazirinin həbsdən azad edilməsini tələb edir

Həbsdə olan sabiq səhiyyə naziri Əli İnsanov BMT-nin İnsan Haqları Komitəsinə, ATƏT, Avropa Şurası, xarici və yerli hüquq müdafiə təşkilatlarına hüquqlarının pozulması ilə bağlı müraciət edib.
Sənəddə deyilir ki, Azərbaycan hökuməti Avropa İnsan Haqları Məhkəməsinin qərarlarını tam icra etmək barədə öhdəlik götürsə də, Əli İnsanovla bağlı qərarı icra etmir.
Ali Məhkəmənin sədri Ramiz Rzayev Ali Məhkəmənin Plenumunda açıq-aşkar bildirib ki, Azərbaycan müstəqil dövlətdir, Avropa Məhkəməsinin qərarını icra onlar üçün göstəriş ola bilməz.
“Azərbaycan hökuməti Avropa Məhkəməsinin qərarını icra etmədiyinə görə heç bir məsuliyyət daşımadığını güman edərək hazırkı apellyasiya baxışını da mənim hüquqlarımı kobud şəkildə pozmaqla aparır. Mən heç bir qanuni əsas olmadan səs buraxmayan şüşə qəfəsdə saxlanıram, məhkəmə iclasında danışmağıma imkan verilmir. Mənim danışmağım məhkəmə iclasına sədrlik edənin əlində olan düymədən asılıdır. Məhkəmə zalında danışılanları eşitmirəm, mənim danışığım isə məhkəmə zalında eşidilmir.
Yanvarın 31-də məhkəmə iclasında fasilə zamanı vəkilim qəfəsə yaxınlaşaraq kağızda yazdığı qeydi mənə göstərmək istədikdə xüsusi xidmət orqanlarının əməkdaşları onu itələyərək mənimlə ünsiyyətə imkan verməyiblər. Məhkəməyə sədrlik edən hakim vəkillərin bununla bağlı müraciətinə əhəmiyyət verməyib və vəkillərimin hər-hansı vəsatəti təmin edilməyib.
Azərbaycanda müstəqil məhkəmə yoxdur, məhkəmə işə siyasi hakimiyyətin sifarişi ilə baxır, mənim də siyasi hakimiyyəti ifşa edən fikirlər səsləndirdiyim üçün barəmdə ədalətli araşdırma aparmır”, deyə keçmiş nazir qeyd edir.
Yanvarın 31-də Bakı Apellyasiya Məhkəməsində (BAM) hakim Qədim Babayevin sədrliyi ilə keçmiş səhiyyə naziri Əli İnsanovun işi üzrə təkrar məhkəmə prosesi davam edib. Təkrar istintaq Avropa İnsan Haqları Məhkəməsinin 14 mart 2013-cü ildə İnsanovun ədalətli məhkəmə təhqiqatı hüquqlarının pozulması haqqında qərar qəbul etməsi ilə əlaqədar aparılır. Avropa Məhkəməsinin qərarının icrası üçün Azərbaycan Ali Məhkəməsinin Plenumu 15 noyabr 2013-cü ildə işi təkrar baxılması üçün BAM-a göndərib.
Müdafiə tərəfi və Əli İnsanov hakimlərin qeyri-obyektiv mövqeyi və təqsirləndirilən şəxsin və vəkillərin vəsatətlərini təmin etməməsi ilə əlaqədar məhkəmə heyətinə etiraz edib. Lakin etiraz qəbul edilməyib.
İnsanov şüşəli qapalı qəfəsə yerləşdirilib. Onu yalnız hakim mikrofonu qoşduğu zaman eşitmək olub. O, həmçinin zalı yalnız mikrofonla danışıldığı zaman eşidə bilib. İnsanov və vəkillər buna etiraz ediblər. Lakin məhkəmə etirazlara məhəl qoymayıb.
Bu gün Milli Şura və Müsavat Partiyası Avropa İnsan Haqları Məhkəməsinin qərarının olmasına baxmayaraq Əli İnsanovun hələ də həbsdə saxlanılmasını pisləyib.

Demokratik Qüvvələrin Milli Şurası siyasi məhbus, keçmiş səhiyyə naziri, akademik Əli İnsanova qarşı həyata keçirilən misli görünməmiş qisasçılıq siyasətinə öz etirazını bildirir və Azərbaycan hakimiyyətini ölkəni dünyada rüsvay edən bu qanunsuz əməllərindən çəkinməyə çağırır.

“Əli İnsanovla bağlı Avropa Məhkəməsinin qərarının bu günədək müxtəlif uydurma bəhanələrlə icra olunmaması, bu məqsədlə gülünc hüquqi kombinasiyaların qurulması və Avropa Məhkəməsinin birmənalı tələbinin müxtəlif məhkəmə labirintlərində azdırılması rejimin bu qərarı yerinə yetirmək niyyətində olmadığına, aparılan məhkəmə araşdırmasının isə görüntü xarakteri daşıdığına dəlalət edir. Milli Şura olaraq biz Azərbaycan siyasi hakimiyyətini akademik Əli İnsanova qarşı bu qisasçı və qanunsuz davranışlarından əl çəkməyə çağırırıq. Bu barədə Avropa Məhkəməsinin birmənalı qərarı mövcuddur, bu qərar icra olunmalı və akademik Əli İnsanov dərhal azad edilməlidir”.

Müsavat Partiyası isə bildirir ki, Əli İnsanova qarşı təzyiqlərin artması, davam edən məhkəmədə onun şüşə qəfəsə salınaraq auditoriya və yaxınları ilə ünsiyyətinin məhdudlaşdırılması yolverilməzdir. “Əli İnsanov haqqında Avropa İnsan Haqları Məhkəməsinin qərarlarına əməl edilməsini tələb edirik”, deyə Müsavat Partiyasının divanı qeyd edib.
XS
SM
MD
LG