İyulun 15-də Azərbaycanda səfərdə olan İsrailin regional əməkdaşlıq naziri David Amsalemlə görüşdə iqtisadi-ticarət əlaqələrinin möhkəmləndirilməsi imkanları dəyərləndirilib, özəl sektor üzrə əməkdaşlığın inkişafı barədə fikir mübadiləsi aparılıb.
Bu barədə Azərbaycan İqtisadiyyat Nazirliyinin məlumatında deyilir.
Məlumatda bildirilir ki, iqtisadiyyat naziri Mikayıl Cabbarovun İsrailin regional əməkdaşlıq naziri David Amsalemlə görüşündə Azərbaycan və İsrail arasında iqtisadi əməkdaşlıq məsələləri müzakirə edilib.
“Qeyd olunub ki, işgüzar dairələr arasında əlaqələrin genişləndirilməsi istiqamətində fəal iş aparılır. İsraillə enerji, kənd təsərrüfatı, kibertəhlükəsizlik, innovativ və rəqəmsal iqtisadiyyat, turizm, suyun idarə olunması, eləcə də digər istiqamətlər üzrə tərəfdaşlığın gücləndirilməsi üçün böyük potensial var”, İqtisadiyyat Nazirliyi qeyd edir.
Tərəflər həmçinin iqtisadi-ticarət əlaqələrinin gücləndirilməsi imkanlarını dəyərləndirib, Azərbaycanın əlverişli investisiya mühiti və özəl sektorun nümayəndələri arasında əməkdaşlığın inkişafı barədə fikir mübadiləsi aparıblar.
Rəsmi məlumatlara görə, 2023-cü ilin yanvar-aprel ayları üzrə İsrail ilə Azərbaycan arasında ticarət dövriyyəsi yarım milyard ABŞ dollarını ötüb, bu isə ötən ilin analoji dövrü ilə müqayisədə 33,5 faiz artım deməkdir.
Əməkdaşlığın əsas istiqamətləri enerji, ticarət, infrastruktur və yüksək texnologiyalardır. Azərbaycan İsrailin əsas neft tədarükçüsüdür. Üç il əvvəl Azərbaycan neftinin İsrailə tədarükdə payı təqribən 30%, 2022-ci ildə isə təxminən 40% təşkil edib.
Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (Sipri) məlumatına görə, 2016-2020-ci illərdə Azərbaycanın əsas silah idxalının 69 faizi İsrailin payına düşüb. Eyni dövrdə İsrailin əsas silah ixracatının 17 faizi Azərbaycana göndərilib.
Forum