Mayın 8-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə İsrail Dövlətinin Xarici İşlər Nazirliyinin siyasi direktoru Aliza Bin Nun arasında görüş keçirilib.
Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına görə, görüş zamanı ikitərəfli və çoxtərəfli münasibətlərin müxtəlif aspektləri, o cümlədən iki ölkə arasında iqtisadi, təhlükəsizlik, yüksək texnologiyalar və başqa istiqamətlərdə əməkdaşlığın cari vəziyyəti və perspektivləri barədə müzakirə aparılıb.
Nazir Ceyhun Bayramov qarşı tərəfi post-münaqişə dövründə regionda mövcud vəziyyət barədə məlumatlandırıb.
Məlumatda deyilir ki, görüş çərçivəsində həmçinin geniş narahatlıq doğuran beynəlxalq və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
İsrail nümayəndə heyətinin səfəri çərçivəsində Azərbaycan ilə İsrail Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti iclası da keçirilib.
Məsləhətləşmələrdə Azərbaycan nümayəndə heyətinə xarici işlər nazirinin müavini Fariz Rzayev, İsrail nümayəndə heyətinə isə Xarici İşlər Nazirliyinin siyasi direktoru Aliza Bin Nun rəhbərlik edib.
Mayın 9-da Aliza Bin Nun Azərbaycanın Şəhidlər Xiyabanında Azərbaycanın yəhudi əsilli Milli Qəhrəmanı olan vətəndaşı Albert Aqarunovun və faşizmə qarşı döyüşlərdə iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun məzarını ziyarət edib
“Azərbaycan azad və çiçəklənən yəhudi icmasının evidir. Bu gün mən Azərbaycanın Milli Qəhrəmanı, yerli yəhudi icmasının oğlu Albert Aqarunovun məzarı başında onu ehtiramla yad etdim. Dünyada antisemitizmin gücləndiyi bir vaxtda Azərbaycanda yəhudi icmasının yararlandığı azadlıq və bərabərliyi görmək ürəkaçandır”, İsrailin Xarici İşlər Nazirliyinin siyasi direktoru Aliza Bin Nun X Platformasında qeyd edib.
Aliza Bin Nun X Platformasında həmçinin yazıb ki, faşizm üzərində Qələbə Günündə Bakıda İkinci Dünya Müharibəsi Qəhrəmanlarının Memorialını ziyarət edib.
"Onların şərə qarşı cəsarəti azadlıq və tolerantlıq çırağı kimi dayanır. Bu gün dünya yəhudilərin soyqırımına can atan HƏMAS-dan İrana qədər terror və nifrət qüvvələrinin yeni təhdidləri ilə üz-üzədir. Bununla belə, biz İsrail dövlətinin bu cür pisliklərdən müdafiəsində möhkəm dayanırıq", o qeyd edib.
Forum