Accessibility links

İsrail prezidenti Azərbaycanda səfərdədir (audio)



Israil prezidenti Şimon Peres Azərbaycana dünən ikigünlük səfərə gəlib.
Azərbaycan və İsrail prezidentlərinin görüşünün görüşünün nəticəsi olaraq iki dövlət arasında mədəniyyət, təhsil və elm sahələrində əməkdaşlıq, informasiya və kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq haqqında Saziş imzalanıb.
Prezident İlham Əliyev bildirib ki, səfər ikitərəfli əlaqələrin uğurlu inkişafında çox önəmli rol oynayacaq. Dövlət başçısı iqtisadi əlaqələrdən danışarkən deyib ki, iki ölkə arasında ticarət dövriyyəsi artmaqdadır. “Ölkələrimiz arasında birgə ticarət dövriyyəsinin həcmi ötən il 3,6 milyard dollara bərabər olub. Ticarət dövriyyəsi 2009-cu ildə də bu rəqəm civarında olacağına əminəm. Kənd təsərrüfatı, səhiyyə, turizm, elm və texnologiya, kosmik sənaye sahələrində əməkdaşlıq üçün çox yaxşı perspektivlər var”.
Prezident Əliyev enerji sektorundakı əməkdaşlığın gələcəkdə də davam etdiriləcəyini bildirib.
Dövlət başçısı regional məsələləri, regional vəziyyəti, Yaxın Şərqdəki, Qafqazdakı vəziyyəti, münaqişələrə aid məsələləri də müzakirə etdiklərini deyib. O Ermənistan-Azərbaycan münaqişəndən danışarkən bildirib ki, atəşkəsin əldə edilməsindən 15 ildən də çox vaxt keçsə də, münaqişənin həllində heç bir əsaslı irəliləyiş, nailiyyət olmayıb. “BMT-nin Təhlükəsizlik Şurasının Ermənistan qüvvələrinin Azərbaycan torpaqlarından dərhal çıxarılmasını tələb edən 4 qətnaməsinin qəbul olunmasına baxmayaraq, işğal hələ də davam edir və bu, nəinki bizə, hətta bütün regiona ən böyük təhlükədir”.
Prezident Şimon Peres Ermənistan-Azərbaycan münaqişəsi nəticəsində yaranmış işğal faktını qeyd edib. “İşğala baxmayaraq, Azərbaycan öz mədəniyyətini və nikbinliyini qoruyub saxlaya bilib. Səkkiz milyondan çox əhalisi olan ölkədə 1 milyon qaçqın və məcburi köçkün probleminin nə dərəcədə çətin məsələ olduğunu anlayıram”.
İsrail prezidenti iki ölkə arasında əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini vurğulayıb. “Azərbaycanda yüksək tolerantlıq mühiti vardır. Ölkənizdə yəhudi icmasına göstərilən xoş münasibətə görə minnətdaram. Bu, tarixən belə olub. Azərbaycanı tərk edərək İsrailə gələn yəhudilər ölkəniz haqqında daim xoş təəssüratlarını bölüşür. Biz yeniliklər yolunun başlanğıcındayıq. Bu, böyük və vədedici başlanğıcdır”, - deyə cənab Peres qeyd edib.
İsrail prezidentinin Azərbaycana səfəri cəmiyyətdə müsbət qarşılansa da, bəzi islam dini icmaları tərəfindən birmənalı qəbul edilməyib. Eyni zamanda, İsrail prezidentinin Azərbaycana gəlməsi İranda da mənfi reaksiyalar doğurub.
Reuters agentliyinin məlumatına görə, İsrail prezidentinin səfəri ilə bağlı Azərbaycanın Tehrandakı səfiri bu ölkənin xarici işlər nazirliyinə dəvət edilib.
Azərbaycan Prezident Administrasiyasının beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov səfər öncəsi “Amerikanın səsi” radiosuna Azərbaycanın müstəqil xarici siyasət kursu yeritdiyini və prezident Şimonun səfərinin milli maraqlara xidmət etdiyini bildirib.
Politoloq Rasim Musabəyov da İranın etirazını əbəs sayır. Onun fikrincə, İran belə hərəkətləri ilə Azərbaycanda olan nüfuzunu da itirir.
Politoloq bununla yanaşı Azərbaycan-İsrail əlaqələrinin inkişafının dünyada pozitiv qarşılandığını bildirib. Onun dediyinə görə, İsrail Azərbaycan neftinin həcminə görə 3-cü alıcısıdır və enerji əməkdaşlığı daha da inkişaf etdirilə bilər.

XS
SM
MD
LG