Accessibility links

İsrailin Bakıdakı səfiri: Bu, bizim istəmədiyimiz müharibədir


İsrailin Bakıdakı səfiri Corc Dik
İsrailin Bakıdakı səfiri Corc Dik

Amerikanın Səsinin suallarını cavablandıran İsrailin Azərbaycandakı səfiri Corc Dik İsrai-HƏMAS müharibəsi, təmsil etdiyi hökimətin hədəfləri, beynəlxalq ictimaiyyətin reaksiyası və sülh perspektivləri barədə fikirlərini paylaşıb.

Amerikanın Səsi: HƏMAS-ın son hücumu da daxil olmaqla İsrail-Fələstin münaqişəsində son gərginliyə gətirən səbəbləri izah edə bilərsinizmi?

Səfir Corc Dik: Oktyabrın 7-də HƏMAS evlərində və tədbirlərdə Sukkot bayramını qeyd edən israillilərə qarşı vəhşicəsinə hücum həyata keçirdi. Bu, İsrail tarixininin ən qara gün idi. Onlar dinc insanları qətlə yetirdilər, gənc qızları zorladılar, hamilə qadına işgəncə verdilər və 21-ci əsrdə insanlığa qarşı ən qeyri-insani cinayətlər törətdilər. Onlar yüzlərlə israillini qaçırdılar. Aralarında 30 uşaq və körpə var, bəziləri cəmi bir neçə aylıqdır. Onlara qulluq edilib-edilmədiyini və ya yeməklərinin olub-olmadığını bilmirik. Onlar yalnızdırlar, ana və atalarından uzaqdırlar. Bəlkə də valideynləri artıq sağ deyil. Həmçinin yaşlılar var. Bəziləri Holokostdan sağ çıxmış insanlardır. Hazırda Qəzzada girov saxlanılırlar. İndiki ana məlum olanlara görə, 1400 nəfərin öldürüldüyünü, 3500-dən çox insanın yaralandığını və 200-dən çox insanın girov götürüldüyünü bilirik.

Bu, HƏMAS tərəfindən bir müharibə aktı idi və bu müharibə bu gün də davam edir. Bu, bizim istəmədiyimiz bir müharibədir - HƏMAS tərəfindən bizə məcbur edilən müharibə. Bu gün bizim HƏMAS-a qarşı döyüşmək və onu məğlub etməkdən başqa seçimimiz yoxdur.

Bizim hədəfimiz sadədir - Heç bir israilli uşağın yataq otağında bir daha terrorçuların hücumuna məruz qalıb-qalmayacağından narahat olmaması üçün HƏMAS-ı tamamilə məğlub etmək.

Amerikanın Səsi: Sizcə beynəlxalq ictimaiyyət son hadisələrə necə reaksiya verdi?

Səfir Corc Dik: Amerika Birləşmiş Ştatlarının prezidenti azad dünyanın liderləri ilə birlikdə İsrailin yanında möhkəm mövqe tutaraq, İsrailin ailələrimizi belə vəhşiliklərdən qorumaq hüququnu və əslində vəzifəsini dəstəklədi. Biz onlara ədalətli mövqelərinə görə təşəkkür edirik. Biz üç şeyi edəcək ölkələrin sayının artacağına ümid edirik - HƏMAS-ın qınanılması və onun terror təşkilatı kimi tanınması, İsrailin ailələrimizi qorumaq vəzifəsini tanınması, bütün girovların dərhal və qeyd-şərtsiz azad edilməsinə cağırışın edilməsi.

Amerikanın Səsi: İsrailin müxtəlif ölkələrdəki səfirlikləri qarşısında çoxsaylı nümayişlər keçirilib. Təhlükəsizlik narahatlıqlarına görə İsrail bəzi bölgələrdə diplomatik missiyalarını müvəqqəti dayandırıb. Azərbaycandakı vəziyyətlə bağlı hər hansı məlumat verə bilərsinizmi? Səfirliyiniz hər hansı hədə ilə üzləşirmi? Azərbaycan cəmiyyətinin Yaxın Şərqdəki münaqişəyə münasibətinə münasibətiniz necədir?

Səfir Corc Dik: Bakıdakı səfirliyimiz diplomatik, konsulluq və digər xidmətlərini davam etdirir. Bütün diplomatik nümayəndəliklərin, o cümlədən İsrailin təhlükəsizliyinə cavabdeh olan Azərbaycan hökuməti ilə tam əməkdaşlığımız var.

Deməliyəm ki, səfirliyimizə gələrək, qapımıza gül dəstələri qoyan, mesaj göndərən, telefon zəngləri edən müxtəlif təbəqələrdən olan çoxsaylı azərbaycanlılar məni təsirləndirdi. Keçdiyimiz bu dəhşətli günlərdə onların hər birinə sözlərinə və ruhlandırıcı hərəkətlərinə görə təşəkkür etmək istəyirəm.

Amerikanın Səsi: Yaxın Şərqdə davamlı sülhün əldə edilməsinə mane olan əsas səbəblər hansılardır?

Səfir Corc Dik: Əvvəla, bu gün Yaxın Şərqdə bir neçə il əvvəlkindən daha çox sülh var – bizim indi İordaniya, Misir, BƏƏ, Bəhreyn, Mərakeş və Sudanla sülhümüz var. Bu, cəmi bir neçə il əvvəl xəyal kimi səslənərdi və bu, "İbrahim Sazişi" sayəsində reallaşdı. Ərəb dünyası ilə sülh baş verir və bu, böyük şeydir.

Bununla belə, fələstinlilərlə sülh çox sadə səbəbə görə əldə olunmur - onlar hələ də yəhudilərin İsrail torpağının yerli əhalisi olduğunu və yəhudi xalqının bir xalq olaraq öz torpaqlarında öz müqəddəratını təyin etməkdə bərabər hüquqa malik olduğunu qəbul etmirlər. Fələstin dövlətinin yerində yox, onun yanında.

İordan çayının qərb sahilindəki Fələstin rəsmiləri İsrailin yəhudi xalqının vətəni olması bir yana, bir yəhudi xalqının mövcudluğunu belə tanımaqdan imtina edirlər. Onlar yəhudiləri əcnəbi və müstəmləkəçi kimi görürlər.

Bunun birbaşa nəticəsi olaraq HƏMAS kimi terror qrupları inanırlar ki, israilliləri qətlə yetirməklə onlar digərlərini qorxudub torpaqdan çıxara biləcəklər. Bu, son günlərdə İsmayıl Haniyə kimi HƏMAS liderlərinin dediyi sözlərdir. Onlar “işğal”a qarşı olduqlarını demirlər, əksinə, hər yəhudinin və hər bir israillinin ölməsini və ya getməsini istəyirlər. Bunu otuz ildir ki, onları dinləyən hər kəsə deyirlər.

Bu müharibə məhz bundan ibarətdir. Birincisi, nəinki İsrail xalqı qaçmadı, əksinə minlərlə israilli orduya könüllü qoşuldu və daha minlərlə insan dünyanın hər yerindən döyüşə qoşulmağa gəlməkdədirlər. Biz əvvəlkindən daha bir və daha qətiyyətliyik. İkincisi, biz əmin olacağıq ki, HƏMAS-ı məhv etməklə İsraili məhv etmək ehtimalı ilə bağlı istənilən illüziya aradan qaldıracağıq. Üçüncüsü, bu hadisələrdə iştirak edən hər bir HƏMAS terrorçusunu, nə qədər vaxt aparmasından asılı olmayaraq, bir-bir ovlayacağıq və onların məsuliyyətə cəlb olunmasına əmin olacağıq.

Amerikanın Səsi: Fələstinlilərlə münaqişənin həlli ilə bağlı İsrailin baxışları necədir?

Səfir Corc Dik: Münaqişənin həlli üç şeyin baş verəcəyi vaxt başlayacaq. HƏMAS, Fələstindəki İslami Cihad və digərləri kimi bütün terror qrupları təslim olmalı və ya məhv edilməlidir; Fələstin rəhbərliyi torpağın hər hansı bir hissəsində yəhudilərin öz müqəddəratını təyin etməsinə qarşı yüzillik Fələstin müharibəsinə son qoymaq və İsraili yəhudi xalqının vətəni kimi tanımaq üçün aydın və açıq öhdəlik götürməlidir; Fələstin rəhbərliyi terrorçuları tərifləyən nifrət mədəniyyətinə və terrorçuların mükafatlandırılmasına son qoymalı və Fələstin cəmiyyətini sülh və tolerantlıq ruhunda tərbiyə etməyi öhdəsinə götürməlidir. Qalan hər şey – ərazi, dövlətçilik və bütün bunlar ikinci dərəcəlidir.

Amerikanın Səsi: İsrailə qarşı dövlətlər və təşkilatlar tərəfindən ən böyük təhlükələrin qarşısını almaq üçün nə etmək olar?

Səfir Corc Dik: Azad dünya barbarlığa və tiranlığa qarşı vahid və qətiyyətli olmalıdır. İŞİD bu cür məğlub edildi və biz bu gün dünya üçün ən böyük təhlükə olan İranın dindar rejimi ilə bur cür davranmalıyıq. Onlar öz xalqını, qadınları, azlıqlarını, sekulyarları və digərlərini əzirlər. Onlar getdikləri hər ölkəni məhv edirlər - Livan, Suriya, Yəmən, İraq. Onlar HƏMAS, Hizbullah və digərləri kimi qeyri-qanuni terror qruplarını maliyyələşdirir və onlara təlim verirlər. Onlar xalqımı soyqırımla, İsraili və Qərb dünyasını məhv etməklə hədələyirlər.

İransız, HƏMAS da yoxdur. Onları maliyyələşdirir, silahlandırır və təlimləndirlər. Onları israillilərə hər yerdə və istənilən vaxt hücum etməyə təşviq edirlər. İndi isə onların bizim tərəfimizdən məhv edilməsini uzaqdan izləyirlər.

Amerikanın Səsi: HƏMAS-a qarşı "Dəmir Qılınclar Əməliyyatı"nda İsrailin məqsədləri nədir? Müharibə nə qədər davam edəcək?

Səfir Corc Dik: Müharibə bu gün də bitə bilər. Bunun baş verməsi üçün HƏMAS təslim olmalı, Qəzza zolağının tamamilə tərksilah etməli və bütün girovları azad etməlidir. Əgər bunu etməsələr, İsrail HƏMAS məhv edilənə qədər müharibəni davam etdirəcək.

Bu, siyasət və ya ərazi uğrunda müharibə deyil. Bu, bəşəriyyətin gələcəyi üçün müharibədir. Heç bir kompromis ola bilməz.

Forum

XS
SM
MD
LG