Accessibility links

Məhkəmə məmuru Bəxtiyar Hacıyevə qarşı şikayətçi olmadığını bildirib


Bəxtiyar Hacıyev (Arxiv foto)
Bəxtiyar Hacıyev (Arxiv foto)

Mayın 17-də ictimai fəal və hüquq müdafiəçisi Bəxtiyar Hacıyevin cinayət işi üzrə məhkəmə prosesində zərərçəkən məhkəmə məmuru Orxan Abdullayevin ifadələri dinlənilib.

İstintaq materiallarına əsasən, Yasamal Rayon Məhkəməsində Hacıyev və Ülviyyə Muradova (Alovlu) arasında baş verən insident zamanı Bəxtiyar Hacıyev guya Abdullayevi itələyib.

Vəkil Cavad Cavadovun Amerikanın Səsinə dediyinə görə, Hacıyev məhkəmədə deyib ki, həmin vaxt Abdullayev ümumiyyətlə məhkəmə zalında olmayıb. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində iclas zamanı Abdullayev hakimin, Hacıyevin, müdafiə və ittiham tərəflərinin suallarını da cavablandırıb.

“Abdullayevin məhkəməyə verdiyi ifadələrlə Hacıyev və Alovlu arasında baş verən insidentdən sonra ilkin istintaqda verdiyi ifadələr arasında uyğunsuzluq müəyyən edilib. Hakim Abdullayevdən soruşub ki, Abdullayev Bəxtiyar Hacıyevdən şikayətçidir, ya yox. O, mənfi cavab verib. Abdullayev Hacıyevə qarşı zərərçəkmiş kimi heç bir şikayətinin və tələbinin olmadığını bildirib”, vəkil qeyd edib.

Növbəti məhkəmə iclası mayın 31-nə təyin edilib.

Bəxtiyar Hacıyev 2022-ci ilin dekabrında həbs olunub. O zaman ona qarşı Cinayət Məcəlləsinin 221.2.2-ci (ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən şəxsə qarşı müqavimət göstərməklə xuliqanlıq) və 289.1-ci (məhkəməyə hörmətsizlik) maddələrilə ittiham irəli sürülüb. Onunla Ülviyyə Alovlu (Muradova) arasında Yasamal Rayon Məhkəməsində insident baş verdiyi iddia olunur. İttihama görə, Bəxtiyar Hacıyev həmin insident zamanı icra məmuru Orxan Abdullayevə zorakılıq tətbiq edib.

Ötən il iyunun 16-da fəala qarşı yeni ittihamlar irəli sürülüb. Bu ittihamlar əsasən maliyyə məsələləri - ayrılan qrantların təyinatı üzrə xərclənməməsilə bağlıdır. Ona həmçinin Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq), 193-1-ci (cinayət yoluyla əldə edilmiş əmlakı leqallaşdırma), 206-cı (qaçaqmalçılıq), 320-ci (saxta sənədlərdən istifadə) maddələrilə ittiham verilib.

Həmin ilin noyabrda ona qarşı Cinayət Məcəlləsinin 213.1-ci (vergidən yayınma) maddəsilə daha bir ittiham irəli sürülüb.

Bəxtiyar Hacıyev bu ittihamların heç birini qəbul etmir. Fəal özünü təqsirli bilmir, sifarişlə həbs olunduğunu, Daxili İşlər naziri Vilayət Eyvazovun ünvanına səsləndirdiyi tənqidlərə görə cəzalandırıldığını deyir.

Daxili İşlər Nazirliyi bu ittihamların əsassız olduğunu bəyan edib.

Forum

Mövzuya uyğun

XS
SM
MD
LG