Accessibility links

Bəxtiyar Hacıyev Cinayət Məcəlləsinin 8 maddəsi ilə ittiham olunur, ibtidai istintaq başa çatıb


Bəxtiyar Hacıyev
Bəxtiyar Hacıyev

İnsan hüquqları fəalı Bəxtiyar Hacıyevin cinayət işi üzrə ibtidai istintaq noyabrın 13-də yekunlaşıb.

Bu barədə Amerikanın Səsinə onun vəkili Rövşanə Rəhimli bildirib.

Vəkil qeyd edib ki, istintaqın nəticələrinə əsasən Hacıyev Azərbaycan Cinayət Məcəlləsinin 8 maddəsi ilə ittiham olunur. Fəal Cinayət Məcəlləsinin 192.1 (qanunsuz sahibkarlıq), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitinin və ya digər əmlakın leqallaşdırılması), 206.1 (qaçaqmalçılıq), 213.1 (vergi ödəməkdən yayınmaq), 221.2.2 (hakimiyyət nümayəndəsinə müqavimətlə bağlı xuliqanlıq), 289.1 (məhkəməyə hörmətsizlik), 320.1 (şəxsiyyət vəsiqəsinin və ya digər rəsmi sənədin saxtalaşdırılması və ya qanunsuz hazırlanması, ştampların, möhürlərin, blankların saxtalaşdırılması), 320.2 (bilərəkdən saxta sənədlərdən istifadə edilməsi) maddələri ilə ittiham edilir.

Vəkil bildirib ki, Hacıyev bütün ittihamları rədd edir və onları uydurma hesab edir.

Bəxtiyar Hacıyev və vəkillər cinayət işinin materialları ilə tanış olduqdan sonra iş Bakı Ağır Cinayətlər Məhkəməsinə göndəriləcək.

İttihamlara əsasən Hacıyevi 12 ilədək həbs gözləyr.

Bəxtiyar Hacıyev 2022-ci ilin dekabrın 9-da xuliqanlıq və məhkəməyə hörmətsizlik ittihamı ilə həbs edilib.

Dekabrın 15-də Hacıyev azadlığa buraxılması tələbi ilə aclıq aksiyasına başlayıb. O, ictimaiyyət nümayəndələrinin və ailə üzvlərinin israrlı çağırışlarından sonra dekabrın 28-də aclıq aksiyasına son qoyub. Lakin yanvarın 9-da Bakı Apellyasiya Məhkəməsi onun həbsdən azad olunmasını rədd etdikdən sonra o, aclıq aksiyasını bərpa edib. Hacıyev aclıq aksiyasının 51-ci günündə aclığı dayandırıb.

Bu il iyunun 16-da istintaq orqanı Bəxtiyar Hacıyevə qarşı Cinayət Məcəlləsinin 192-ci (Qanunsuz sahibkarlıq), 193-cü (Yalançı sahibkarlıq), 320.1-ci (Hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma), 320.2-ci (bilə-bilə saxta sənədlərdən istifadə etmə), 206.1-ci (Qaçaqmalçılıq) maddələri ilə yeni ittihamlar irəli sürüb.

Bu il noyabrın 7-də Hacıyevə qarşı daha bir ittiham, Cinayət Məcəlləsinin 213.1-ci (Xeyli miqdarda vergiləri, işsizlikdən sığorta, icbari tibbi sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma) maddəsi ilə yeni ittiham verilib.

Vəkil Elçin Sadıqov Amerikanın Səsinə bildirib ki, ittihamlar Bəxtiyar Hacıyevin ictimai və hüquq müdafiəçisi kimi fəaliyyəti ilə bağlıdır.

"Yeni ittihamlar QHT işlərində olan ittihamlardır. Guya Bəxtiyar Hacıyev qrantlar alıb və təyinatı üzrə xərcləməyib. Bəxtiyar Hacıyev ittihamları qəbul etmir. O bildirdi ki, ittihamlar onun ictimai və hüquq müdafiəçisi fəaliyyəti ilə bağlıdır. Bu ittihamlar təqibin əsas mahiyyətini göstərir", vəkil bildirib.

ABŞ Dövlət Departamenti, ABŞ Helsinki Komissiyası, Avropa İttifaqı, Avropa Şurası və bir sıra beynəlxalq QHT nümayəndələri dəfələrlə Bəxtiyar Hacıyevin həbsdən azad olunmasını tələb edib.

Forum

Mövzuya uyğun

XS
SM
MD
LG