Accessibility links

Bəxtiyar Hacıyev keçmiş deputatın həbsinə və vəkilinin kollegiyadan uzaqlaşdırilmasına münasibət bildirib 


Bəxtiyar Hacıyev (Arxiv foto, Mənbə: VOA)
Bəxtiyar Hacıyev (Arxiv foto, Mənbə: VOA)

Hazırda 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan insan hüquqları fəalı Bəxtiyar Hacıyev iyulun 9-da ailə üzvləri ilə telefon danışığı zamanı keçmiş deputatın həbsini və vəkilinin kollegiyadan uzaqlaşdırılmasını pislədiyini bildirib.

Hacıyevin qardaşı Vüqar Hacıyev Amerikanın Səsinə bildirib ki, Bəxtiyar Hacıyev həftədə iki dəfə, dördüncü və bazar günləri ailəsi ilə telefonla əlaqə saxlayır.

Vüqar Hacıyev: Bəxtiyar Hacıyev keçmiş deputatın həbsindən və vəkilinin kollegiyadan kənarlaşdırılmasından narahatdır
please wait

No media source currently available

0:00 0:02:29 0:00

“Dünən telefonla danışdıq. Səhhəti yaxşıdır, saxlanma rejimindən razıdır”, o qeyd edib.

O, Bəxtiyar Hacıyevin son təqiblərlə bağlı narahatlğını bildirdiyini deyib.

“Bəxtiyar keçmiş millət vəkili Nazim Bəydəmirlinin günahsız yerə həbsini qətiyyətlə pislədi, bunu ölkədəki repressiv siyasətin bir hissəsi kimi qəbul etdiyini dedi. Bundan başqa vəkili Elçin Sadıqovun Vəkillər Kollegiyasından uzaqlaşdırılması ilə bağlı qəti mövqe bildirdi. O dedi ki, Elçin müəllim həmişə işgəncələrlə bağlı öz mövqeyini bildirən, günahsız insanların hüquqlarını müdafiə edən, sona qədər mübarizə aparan, həyatını riskə qoyan vəkillərdən biridir. O dedi ki, Sadıqovun Vəkillər Kollegiyasından uzaqlaşdırılması dövlətin gücündən xəbər vermir. Yəni, bu, dövlətin zəif nöqtəsini göstərir ki, artıq vəkillərə qarşı da belə amansız mübarizə aparılır”, o qeyd edib.

Vüqar Hacıyev qardaşına qarşı irəli sürülən yeni ittihamlarla bağlı onun mövqeyini də bildirib.

“Bəxtiyar deyir ki, yeni itttihamlar daha çox onu küncə sıxışdırmaq, daha çox əzmək, siyasi mübarızəsini dayandırmaq üçün atılmış addımlardır. İttihamların heç birinin əsası yoxdur. Sadəcə, indiyədək apardıqları istintaqda nəticə əldə edə bilmədiklərindən əlavə ittihamlar irəli sürürlər ki, cinayət işini hansısa formada məhkəməyə çıxarıb onun həbsini əsaslandıra bilsinlər. Amma məhkəmədə də buna nail ola bilməyəcəklər”, o, qardaşına istinadən bildirib.

Vüqar Hacıyev deyib ki, Bəxtiyar Hacıyev “ölkədəki repressiv siyasətə”, fəalların həbsinə Azərbaycandakı diplomatik missiyasların, beynəlxalq təşkilatların mövqe bildirməsini istəyir.

Öz növbəsində, rəsmi qurumlar Nazim Bəydəmirlinin həbsinin və Elçin Sadıqovun Vəkillər Kollegiyasından uzaqlaşdırılmasında siyasi gündəmin olmadığını bildirir.

Bununla yanaşı, həm Nazim Bəyudəmirli, həm də Elçin Sadıqov tənqidi fəaliyytələrinə görə təzyiqlərə məruz qaldıqlarını bəyan edib.

Bəxtiyar Hacıyev ötən il dekabrın 9-da xuliqanlıq və məhkəməyə hörmətsizlik ittihamı ilə həbs edilib.

Dekabrın 15-də Hacıyev azadlığa buraxılması tələbi ilə aclıq aksiyasına başlayıb. O, ictimaiyyət nümayəndələrinin və ailə üzvlərinin israrlı çağırışlarından sonra dekabrın 28-də aclıq aksiyasına son qoyub. Lakin yanvarın 9-da Apellyasiya Məhkəməsi onun həbsdən azad olunmasını rədd etdikdən sonra o, aclıq aksiyasını bərpa edib. Hacıyev aclıq aksiyasının 51-ci günündə aclığı dayandırıb.

Bu il iyunun 16-da istintaq orqanı Bəxtiyar Hacıyevə qarşı Cinayət Məcəlləsinin 192 (Qanunsuz sahibkarlıq), 193 (Yalançı sahibkarlıq), 320.1 (Hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma), 320.2 (bilə-bilə saxta sənədlərdən istifadə etmə), 206.1 (Qaçaqmalçılıq) maddələri ilə yeni ittihamlar irəli sürüb.

Vəkillər Amerikanın Səsinə bildirib ki, ittihamlar Bəxtiyar Hacıyevin ictimai və hüquq müdafiəçisi kimi fəaliyyəti ilə bağlıdır.

"Yeni ittihamlar QHT işlərində olan ittihamlardır. Guya Bəxtiyar Hacıyev qrantlar alıb və təyinatı üzrə xərcləməyib. Bəxtiyar Hacıyev ittihamları qəbul etmir. O bildirdi ki, ittihamlar onun ictimai və hüquq müdafiəçisi fəaliyyəti ilə bağlıdır. Bu ittihamlar təqibin əsas mahiyyətini göstərir", vəkil Elçin Sadıqov qeyd edib.

Məhkəmə Hacıyev barəsində müxtəlif vaxtlarda həbs-qətimkan tədbirinin uzadılması barədə qərarlar qəbul edib.

ABŞ Dövlət Departamenti, ABŞ Helsinki Komissiyası, Avropa İttifaqı, Avropa Şurası və bir sıra beynəlxalq QHT nümayəndələri dəfələrlə Bəxtiyar Hacıyevin həbsdən azad olunmasını tələb edib.

XS
SM
MD
LG