İyulun 6-da Bakı Apellyasiya Məhkəməsi insan hüquqları fəalı Bəxtiyar Hacıyevin apellyasiya şikayətinə baxıb.
Vəkil Aqil Layıcın Amerikanın Səsinə verdiyi məlumata görə, apellyasiya şikayəti iyunun 22-də Bakının Xətai rayon Məhkəməsi istintaq orqanının vəsatəti əsasında insan hüquqları fəalı Bəxtiyar Hacıyev barəsində həbs-qətimkan tədbirinin daha bir ay, (iyulun 28-dək) uzadılması ilə bağlı olub.
İkinci instansiya məhkəməsi apellyasiya şikayətini təmin etməyib.
Vəkil qeyd edib ki, məhkəmə prosesində insan hüquqları fəalı Bəxtiyar Hacıyev də iştirak edib. O, səhhətinin normal olduğunu bildirib.
Aqil Layıc bundan sonra Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edəcəyini bildirib.
İstintaq orqanı Hacıyevə qarşı yeni ttihamların irəli sürülməsi ilə bağlı həbs qətimkan tədbirini daha bir ay uzadılması barədə məhkəməyə təqdimat verib.
Vəkil Rövşanə Rəhimli Amerikanın Səsinə deyib ki, Hacıyev ona qarşı irəli sürülən ittihamları qondarma və sifarişli adlandırıb.
Bəxtiyar Hacıyev ötən il dekabrın 9-da xuliqanlıq və məhkəməyə hörmətsizlik ittihamı ilə həbs edilib.
Dekabrın 15-də Hacıyev azadlığa buraxılması tələbi ilə aclıq aksiyasına başlayıb. O, ictimaiyyət nümayəndələrinin və ailə üzvlərinin israrlı çağırışlarından sonra dekabrın 28-də aclıq aksiyasına son qoyub. Lakin yanvarın 9-da Apellyasiya Məhkəməsi onun həbsdən azad olunmasını rədd etdikdən sonra o, aclıq aksiyasını bərpa edib. Hacıyev aclıq aksiyasının 51-ci günündə aclığı dayandırıb.
Bu il iyunun 16-da istintaq orqanı Bəxtiyar Hacıyevə qarşı Cinayət Məcəlləsinin 192 (Qanunsuz sahibkarlıq), 193 (Yalançı sahibkarlıq), 320.1 (Hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma), 320.2 (bilə-bilə saxta sənədlərdən istifadə etmə), 206.1 (Qaçaqmalçılıq) maddələri ilə yeni ittihamlar irəli sürüb.
Vəkillər Amerikanın Səsinə bildirib ki, ittihamlar Bəxtiyar Hacıyevin ictimai və hüquq müdafiəçisi kimi fəaliyyəti ilə bağlıdır.
"Yeni ittihamlar QHT işlərində olan ittihamlardır. Guya Bəxtiyar Hacıyev qrantlar alıb və təyinatı üzrə xərcləməyib. Bəxtiyar Hacıyev ittihamları qəbul etmir. O bildirdi ki, ittihamlar onun ictimai və hüquq müdafiəçisi fəaliyyəti ilə bağlıdır. Bu ittihamlar təqibin əsas mahiyyətini göstərir", vəkil Elçin Sadıqov qeyd edib.
Məhkəmə Hacıyev barəsində müxtəlif vaxtlarda həbs-qətimkan tədbirinin uzadılması barədə qərarlar qəbul edib.
ABŞ Dövlət Departamenti, ABŞ Helsinki Komissiyası, Avropa İttifaqı, Avropa Şurası və bir sıra beynəlxalq QHT nümayəndələri dəfələrlə Bəxtiyar Hacıyevin həbsdən azad olunmasını tələb edib.