Accessibility links

Bəxtiyar Hacıyevin dostu 8 saat dindirildikdən sonra sərbəst buraxılıb


Rail Abbasov
Rail Abbasov

Bəxtiyar Hacıyevin dostu Rail Abbasov iyunun 6-da Bakı şəhər Baş Polis İdarəsində istintaq tərəfindən saatlarla dindirildikdən sonra yerli vaxtla saat 22.30-da sərbəst buraxılıb.

“Səhər saat 8-də evimizdə, mənim və bizim həyətdə dayanmış Bəxtiyarın avtomobilində axtarış apardılar. Evimdən və avtomobillərdən vaxtı ilə Bəxtiyar Hacıyevlə İkinci Qarabağ Müharibəsi zamanı yardımlarla bağlı qaimələr var idi. Həmin qaimələri və başqa sənədləri götürdülər. Evimdən mənim kompüterimi, ailə üzvlərimin telefonlarını və mənim şəxsi sənədlərimi götürdülər. Sonra məni Bakı şəhər Baş Polis İdarəsinə apardılar və şahid qismində saat 14-dən saat 22-dək dindirdilər. İstintaqın 40-dək sualına cavab verdim”, o qeyd edib.

Xatırladaq ki, iyunun 6-da istintaq orqanı Bəxtiyar Hacıyevin Bakıa özünün, Gəncədə atasının, Göygöl şəhərində qardaşının evində və avtomobillərində axtarış aparıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı Amerikanın Səsinin sorğusuna cavabda bildirib ki, Bəxtiyar Hacıyevin yaşadığı evdə axtarış aparılması cinayət işi üzrə istintaq hərəkətləri çərçivəsindədir. Saxlanılan yoxdur.

Bəxtiyar Hacıyev ötən il dekabrın 9-da xuliqanlıq və məhkəməyə hörmətsizlik ittihamı ilə həbs edilib. Dekabrın 15-də Hacıyev azadlığa buraxılması tələbi ilə aclıq aksiyasına başlayıb. O, ictimaiyyət nümayəndələrinin və ailə üzvlərinin israrlı çağırışlarından sonra dekabrın 28-də aclıq aksiyasına son qoyub. Lakin yanvarın 9-da Apellyasiya Məhkəməsi onun həbsdən azad olunmasını rədd etdikdən sonra o, aclıq aksiyasını bərpa edib.

Hacıyev aclıq aksiyasının 51-ci günündə aclığı dayandırıb.

Məhkəmə Hacıyev barəsində müxtəlif vaxtlarda həbs qətimkan tədbirinin uzadılması barədə qərarlar qəbul edib və həbs müddəti iyunun 28-dək uzadılıb.

ABŞ Dövlət Departamenti, ABŞ Helsinki Komissiyası, Avropa İttifaqı, Avropa Şurası və bir sıra beynəlxalq QHT nümayəndələri dəfələrlə Bəxtiyar Hacıyevin həbsdən azad olunmasını tələb edib.

XS
SM
MD
LG