Accessibility links

Vəkil: Rail Abbasova vəkillə görüşə icazə verilmir


Rail Abbasov
Rail Abbasov

İyunun 6-da insan haqları fəalı, hazırda həbsdə olan Bəxtiyar Hacıyevin dostu Rail Abbasovun saxlanıldığı deyilir. Bu barədə məlumatı vəkil Elçin Sadıqov verib. Onun sözlərinə görə, Rail Abbasova vəkillə görüşə icazə verilmir:

"Kim tərəfindən və harada saxlanıldığı haqda əlavə məlumat demirlər. O, Bakı Şəhər Baş Polis İdarəsində saxlanılır".

Daxili İşlər Nazirliyindən (DİN) bildirilib ki, Rail Abbasov istintaqa dəvət olunub, lakin saxlanılmayıb:

"Rail Abbasov istintaq hərəkətləri çərçivəsində dəvət olunub, o saxlanılmayıb", deyə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən deyilib.

Bəxtiyar Hacıyevin vəkillərinin məlumatına görə, iyunun 6-da səhər saatlarında fəalın Bakı şəhərində yaşadığı evdə, Gəncə şəhərində atası İlyas Hacıyevin, Göygöl şəhərində qardaşı Vüqar Hacıyevin və Bakıda dostu Rail Abbasovun evlərində və avtomobillərində axtarış aparılıb. Axtarış tədbirləri ötən həftə Bəxtiyar Hacıyevlə bağlı aparılan istintaq hərəkətlərindən sonraya təsadüf edir.

Vəkil Elçin Sadıqov Amerikanın Səsinə deyib ki, axtarış-götürmə tədbirləri Xətai Rayon Məhkəməsinin hakimi Fuad Axundovun iyunun 5-də qəbul etdiyi qərara uyğun olaraq aparılıb.

"Vəkillərə axtarış-götürülmə hərəkətlərinin aparılması əsaslandırılmayıb. Halbuki axtarmanın nə ilə bağlı olduğu, hansı cinayət işi ilə bağlı olduğu əsaslandırılmalıdır. Bəxtiyar Hacıyev xuliqanlıqda və məhkəməyə hörmətsizlikdə təqsirləndirilir. Bununla bağlı axtarış-götürmə tədbirlərin aparılması üçün qanunvericilikdə göstərilən əsaslar mövcud deyil. Çox güman ki, Bəxtiyar Hacıyevə yeni ittiham irəli sürmək istəyirlər", o qeyd edib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı Amerikanın Səsinin sorğusuna cavabda bildirib ki, Bəxtiyar Hacıyevin yaşadığı evdə axtarış aparılması cinayət işi üzrə istintaq hərəkətləri çərçivəsindədir.

Bəxtiyar Hacıyev ötən il dekabrın 9-da xuliqanlıq və məhkəməyə hörmətsizlik ittihamı ilə həbs edilib.

Dekabrın 15-də Hacıyev azadlığa buraxılması tələbi ilə aclıq aksiyasına başlayıb. O, ictimaiyyət nümayəndələrinin və ailə üzvlərinin israrlı çağırışlarından sonra dekabrın 28-də aclıq aksiyasına son qoyub. Lakin yanvarın 9-da Apellyasiya Məhkəməsi onun həbsdən azad olunmasını rədd etdikdən sonra o, aclıq aksiyasını bərpa edib. Hacıyev aclıq aksiyasının 51-ci günündə aclığı dayandırıb.

Məhkəmə Hacıyev barəsində müxtəlif vaxtlarda həbs qətimkan tədbirinin uzadılması barədə qərarlar qəbul edib və həbs müddəti iyunun 28-dək uzadılıb.

ABŞ Dövlət Departamenti, ABŞ Helsinki Komissiyası, Avropa İttifaqı, Avropa Şurası və bir sıra beynəlxalq QHT nümayəndələri dəfələrlə Bəxtiyar Hacıyevin həbsdən azad olunmasını tələb edib.

XS
SM
MD
LG