Həbsdə olan insan haqları fəalı Bəxtiyar Hacıyevə qarşı yeni ittiham irəli sürülüb.
Bu barədə Amerikanın Səsinə vəkil Elçin Sadıqov məlumat verib.
Onun sözlərinə görə, B.Hacıyevə Cinayət Məcəlləsinin 213.1-ci (Xeyli miqdarda vergiləri, işsizlikdən sığorta, icbari tibbi sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma) maddəsi ilə yeni ittiham verilib.
Vəkil bildirib ki, əvvəlkilər kimi yeni ittihamın da heç bir əsası yoxdur və saxtalaşdırılıb.
"Yeni ittiham Bəxtiyar Hacıyevin rəhbərlik etdiyi təşkilatın yox, digər qurumların gəlirləri əsasında irəli sürülüb. Yəni, istintaq hesab edir ki, əgər digər təşkilatların müəyyən gəlirləri varsa, Hacıyevin strukturu da eyni gəlirə malik olmalıdır", - vəkil deyib.
Onun sözlərinə görə, Bəxtiyar Hacıyevin səhhəti hazırda normaldır.
Öz növbəsində hüquq müdafiəçisi Rüfət Səfərov yeni ittihamı şərh edərkən Hacıyevi "siyasi girov" adlandırıb.
Bu yeni ittihamla bağlı rəsmi qurumlardan hələlik şərh almaq mümkün olmayıb.
Bəxtiyar Hacıyev 2022-ci ilin dekabrın 9-da xuliqanlıq və məhkəməyə hörmətsizlik ittihamı ilə həbs edilib.
Dekabrın 15-də Hacıyev azadlığa buraxılması tələbi ilə aclıq aksiyasına başlayıb. O, ictimaiyyət nümayəndələrinin və ailə üzvlərinin israrlı çağırışlarından sonra dekabrın 28-də aclıq aksiyasına son qoyub. Lakin yanvarın 9-da Bakı Apellyasiya Məhkəməsi onun həbsdən azad olunmasını rədd etdikdən sonra o, aclıq aksiyasını bərpa edib. Hacıyev aclıq aksiyasının 51-ci günündə aclığı dayandırıb.
Bu il iyunun 16-da istintaq orqanı Bəxtiyar Hacıyevə qarşı Cinayət Məcəlləsinin 192-ci (Qanunsuz sahibkarlıq), 193-cü (Yalançı sahibkarlıq), 320.1-ci (Hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma), 320.2-ci (bilə-bilə saxta sənədlərdən istifadə etmə), 206.1-ci (Qaçaqmalçılıq) maddələri ilə yeni ittihamlar irəli sürüb.
Vəkil Elçin Sadıqov Amerikanın Səsinə bildirib ki, yeni ittihamlar da Bəxtiyar Hacıyevin ictimai və hüquq müdafiəçisi kimi fəaliyyəti ilə bağlıdır.
"Yeni ittihamlar QHT işlərində olan ittihamlardır. Guya Bəxtiyar Hacıyev qrantlar alıb və təyinatı üzrə xərcləməyib. Bəxtiyar Hacıyev ittihamları qəbul etmir. O bildirdi ki, ittihamlar onun ictimai və hüquq müdafiəçisi fəaliyyəti ilə bağlıdır. Bu ittihamlar təqibin əsas mahiyyətini göstərir", vəkil bildirib.
ABŞ Dövlət Departamenti, ABŞ Helsinki Komissiyası, Avropa İttifaqı, Avropa Şurası və bir sıra beynəlxalq QHT nümayəndələri dəfələrlə Bəxtiyar Hacıyevin həbsdən azad olunmasını tələb edib.
Forum