Accessibility links

Bəxtiyar Hacıyev aclığı dayandırıb


Siyasi fəal Bəxtiyar Hacıyev
Siyasi fəal Bəxtiyar Hacıyev

Həbsdə olan insan hüquqları fəalı Bəxtiyar Hacıyev oktyabrın 11-də aclığı dayandırıb. Bu barədə “Müdafiə Xətti” hüquq müdafiə təşkilatının icraçı direktoru Rüfət Səfərov Amerikanın Səsinə bildirib.

“Hüquq müdafiəçilərinin, ailə üzvlərinin, dostlarının xahişini nəzərə alaraq aclığı dayandırdığına görə Hacıyevə təşəkkür edirəm. O bundan öncə də uzun müddət aclıq edib, orqanizmi zəifdir, yenə aclığı davam etdirsə ciddi fəsadlar yarana bilərdi”, Səfərov qeyd edib.

Bəxtiyar Hacıyev oktyabrın 2-dən həbs-qətimkan tədbirinin uzadılmasına etiraz olaraq müddətsiz aclıq aksiyasına başladığını bildirmişdi.

Oktyabrın 2-də Bakının Xətai rayon Məhkəməsi növbəti dəfə istintaq orqanının təqdimatı əsasında Bəxtiyar Hacıyev barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətini daha 3 ay uzadıb.

Oktyabrın 6-da Bakı Apellyasiya Məhkəməsi hakim Elbəyi Allahverdiyevin sədrliyi ilə vəkillərin birinci instansiya məhkəməsinin Bəxtiyar Hacıyevin həbsinin uzadılması barədə qərarının qanunvericiliyə zidd olması ilə bağlı şikayətini təmin etməyib.

Bəxtiyar Hacıyev 2022-ci ilin dekabrın 9-da xuliqanlıq və məhkəməyə hörmətsizlik ittihamı ilə həbs edilib.

Dekabrın 15-də Hacıyev azadlığa buraxılması tələbi ilə aclıq aksiyasına başlayıb. O, ictimaiyyət nümayəndələrinin və ailə üzvlərinin israrlı çağırışlarından sonra dekabrın 28-də aclıq aksiyasına son qoyub. Lakin yanvarın 9-da Bakı Apellyasiya Məhkəməsi onun həbsdən azad olunmasını rədd etdikdən sonra o, aclıq aksiyasını bərpa edib. Hacıyev aclıq aksiyasının 51-ci günündə aclığı dayandırıb.

Bu il iyunun 16-da istintaq orqanı Bəxtiyar Hacıyevə qarşı Cinayət Məcəlləsinin 192-ci (Qanunsuz sahibkarlıq), 193-cü (Yalançı sahibkarlıq), 320.1-ci (Hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma), 320.2-ci (bilə-bilə saxta sənədlərdən istifadə etmə), 206.1-ci (Qaçaqmalçılıq) maddələri ilə yeni ittihamlar irəli sürüb.

Vəkil Elçin Sadıqov Amerikanın Səsinə bildirib ki, yeni ittihamlar da Bəxtiyar Hacıyevin ictimai və hüquq müdafiəçisi kimi fəaliyyəti ilə bağlıdır.

"Yeni ittihamlar QHT işlərində olan ittihamlardır. Guya Bəxtiyar Hacıyev qrantlar alıb və təyinatı üzrə xərcləməyib. Bəxtiyar Hacıyev ittihamları qəbul etmir. O bildirdi ki, ittihamlar onun ictimai və hüquq müdafiəçisi fəaliyyəti ilə bağlıdır. Bu ittihamlar təqibin əsas mahiyyətini göstərir", vəkil bildirib.

ABŞ Dövlət Departamenti, ABŞ Helsinki Komissiyası, Avropa İttifaqı, Avropa Şurası və bir sıra beynəlxalq QHT nümayəndələri dəfələrlə Bəxtiyar Hacıyevin həbsdən azad olunmasını tələb edib.

Forum

XS
SM
MD
LG