Accessibility links

Müsəlman Birliyi Hərəkatının fəalına narkotik ittihamı verilib


Yanvarın 11-də Salyan rayonunda (Bakıdan 138 kilometr cənub) saxlanılan "Müsəlman Birliyi" Hərəkatının (MBH) fəalı Mirsultan Bağırova qarşı narkotik ittihamı irəli sürülüb.

Bu barədə Amerikanın Səsinə Müsəlman Birliyi Hərəkatından bildiriblər.

Bağırov barəsində Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə (külli miqdarda narkotik vasitənin qanunsuz yolla əldə olunması və ya saxlanması) 4 ay müddətinə qətimkan tədbiri seçilib. İttiham sübut olunarsa onu 5 ildən 12 ilədək həbs gözləyir.

Bağırov məhkəmədə ittihamı təkzib edib.

Müsəlman Birliyi Hərəkatı hesab edir ki, fəal təşkilatın fəaliyyətində iştirakına görə təqib olunur.

“Bağırov həbs olunmuş dini fəalların ailələrinə yardım göstərirdi. O, 2021-ci ilin payızında "İran casusları" kimi qələmə verilən dindarların və dini fəalların kütləvi təqibi dalğası başladığı andan etibarən hərəkatın həbs olunan 49-cu üzvüdür. Onlara qarşı rəsmi olaraq narkotik ittihamları irəli sürülür. Həbslər Azərbaycan-İran münasibətlərinin pisləşməsi fonunda həyata keçirilirdi, lakin münasibətlərdə müəyyən yumşalma olduqdan sonra da həbslər davam edir”, Müsəlamn Birliyi Hərəkatından Amerikanın Səsinə bildiriblər.

Daxili İşlər Nazirliyi fəalın həbsi ilə bağlı hələ məlumat yaymayıb.

Müsəlman Birliyi Hərəkatının lideri Taleh Bağırzadə də daxil olmaqla, ümumilikdə hazırda hərəkatın 59 üzvü həbsdədir.

Xatırladaq ki, son aylar yüzdən çox dindar hesab edilən şəxs cacus iddiası ilə həbs edilsə də, onların əksəriyyətinə narkotik ittihamı verilib.

Yerli hüquq müdafiəçilərinin Azərbaycanda siyasi məhbuslarla bağlı siyahıda 183 dini fəalın adı yer alıb. Siyası məhbus hesab edilən dini fəalların 58 nəfəri Müsəlman Birliyi Hərəkatının üzvləridir.

Birləşmiş Ştatların Dövlət katibi Antoni Blinkenin yanvarın 4-də yaydığı bəyanatda Azərbaycanın din azadlığının pozulmasına görə “Xüsusi nəzarət siyahısı”na əlavə edildiyi qeyd edilib.

ABŞ Beynəlxalq Din Azadlığı Komissiyası (USCIRF) ötən il dekabrın 5-də yaydığı hesabatda Azərbaycanda dini etiqad azadlığının vəziyyəti ilə bağlı narahatlığını bildirib, hökumətin bu sahədəki qanunvericiliyə Azərbaycanın beynəlxalq öhdəliklərinə uyğun şəkildə dəyişiklər etməkdə maraq göstərmədiyini vurğulayıb.

Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ABŞ-ın Beynəlxalq Din Azadlığı Komissiyasının 2023-cü ildə Azərbaycanla bağlı dərc etdiyi xüsusi hesabatını və ABŞ Dövlət Departamenti tərəfindən Azərbaycanın xüsusi izləmə siyahısına daxil olan ölkə kimi müəyyən edilməsi barədə bəyanatını "qəti surətdə pisləyib".

“Əminliklə bildiririk ki, ABŞ Dövlət Departamenti tərəfindən Azərbaycanda dini etiqad azadlığının pozulması barədə fərziyyələrə istinadla ölkəmizi heç bir beynəlxalq statusa malik olmayan qrupa (xüsusi izləmə siyahısı) daxil etməsi siyasi manipulyasiya vasitəsindən başqa bir şey deyildir”, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin bəyanatında deyilir.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. Heyvan haqları fəalı Kamran Məmmədli COP29 tədbiri zamanı saxlanılıb
please wait

No media source currently available

0:00 0:10:32 0:00
XS
SM
MD
LG