Accessibility links

"Müsəlman Birliyi" Hərəkatının fəalının apellyasiya şikayətinə baxış başlayıb


Müsəlman Birliyi Hərəkatı
Müsəlman Birliyi Hərəkatı

Sentyabrın 6-da Sumqayıt Apellyasiya Məhkəməsində "Müsəlman Birliyi" Hərəkatının İdarə Heyətinin üzvü, narkotik maddələrin qanunsuz dövriyyəsində ittiham olunan Ağaəli Yahyayevin apellyasiya şikayətinin baxışında müdafiə tərəfi diqqəti işgəncə məsələsinə yönəldib. Bununla əlaqədar apellyasiya şikayətinə baxılması sentyabrın 7-dək təxirə salınıb.

Yahyayevin bacısı Elnarə Eldar Kürdəxanı qəsəbəsindəki 1 saylı Bakı İstintaq Təcridxanasında qardaşı ilə görüşüb. Bacısının sözlərinə görə, Yahyayevi avqustun 31-də Abşeron rayonunun Mehdiabad qəsəbəsində Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları saxlayıb və yerli polis bölməsinə aparıblar.

"Polkovnik rütbəli şəxs və digərləri 2 saata yaxın onu narkotik maddə saxlaması və satmasına dair maddəni boynuna götürməyi razı salmağa çalışıblar. Qardaşımın razı olmayacağını görüb ona işgəncə verməyə başlayıblar. Əllərini bağlayaraq bədəninə yumruqla zərbələr endiriblər, dəyənəklə ayağının altına vurublar. Bu zərbələrdən Ağaəlinin ayaqları şişib. İşgəncələrə baxmayaraq, Agaəli törətmədiyi cinayəti etiraf etməkdən imtina edib. Bundan sonra beysbol bitası ilə onu zorlayacaqları ilə hədələyiblər. Bundan sonra törətmədiyi cinayəti etiraf etməyə məcbur olub", o qeyd edib.

Elnarə Eldar deyib ki, təcridxanada qardaşı kürəyindəki hematomanı ona göstərib.

Sentyabrın 6-da Sumqayıt Apellyasiya Məhkəməsində Yahyayevin həbsilə bağlı şikayətə baxış zamanı o, 1 saylı Bakı İstintaq Təcridxanasından prosesdə on-line iştirak edib.

Vəkil Zibeydə Sadıqova iclasdan əvvəl on-line formada onunla söhbət edib. Yahyayev kürəyindəki hematomaları, dabanlarındakı zərbə yerlərini vəkilə göstərib.

Vəkil bildirib ki, Yahyayevin bədən xəsarətləri istintaq təcridxanasına daxil olduğu zaman da qeydə alınıb.

Yahyayev vəkilə deyib ki, Abşeron Rayon Məhkəməsi onun barəsində həbs-qətimkan tədbiri seçəndə hakimə işgəncə barədə məlumat verib və bədənindəki xəsarətləri göstərib, həmçinin vəkil kimi Sadıqovanın dəvət olunmasını xahiş edib.

Lakin Abşeron Məhkəməsi onun ifadəsini və xahişini nəzərə almayıb.

Prosesin video və audio-yazısının aparılmasına baxmayaraq, fəalın işgəncə barədə sözləri və seçim üzrə vəkilin dəvət edilməsi xahişi protokolda əksini tapmayıb.

Bununla əlaqədar vəkil Sadıqova Sumqayıt Apellyasiya Məhkəməsində Abşeron məhkəməsinin iclasının qeydlərinə baxılması və dinlənilməsi üçün vəsatət qaldırıb.

Lakin hakim Rəşadət Ağayev qeydləri vəkilin iştirakı olmadan araşdırmaq qərarına gəlib və dinləmələri sentyabrın 7-nə təxirə salıb.

Müdafiə tərəfi apellyasiya şikayətində Yahyayevin həbsdən azad edilməsini və cinayət təqibinə xitam verilməsini xahiş edir.

“Bu mövqe ona əsaslanır ki, Yahyayev saxlanıldıqdan sonra ona ailəsilə əlaqə saxlamağa və seçdiyi vəkili dəvət etməyə icazə verilməyib. Bununla da onun müdafiə hüququ kobud şəkildə pozulub. Bundan əlavə, etirafedici ifadə verməsi üçün ona işgəncə tətbiq edilib, yəni sübutlar qanunsuz yolla əldə edilib. Apellyasiya Məhkəməsindən Yahyayevin işgəncədən şikayətini araşdırmaq üçün prokurorluğa müraciət etməsini xahiş etdim", vəkil qeyd edib.

Daxili İşlər Nazirliyindən şərh almaq mümkün olmayıb. Bununla yanaşı Daxili İşlər Nazirliyi bir qayda olaraq işgəncə ilə bağlı deyilənləri təkzib edir və bu bəyanatların özünü müdsfiə məqsədi ilə verildiyini bildirir.

Yahyayev avqustun 31-də saxlanılıb. Ertəsi gün ona qarşı Cinayət Məcəlləsinin 234.4.3 maddəsilə (külli miqdarda narkotik maddənin qanunsuz dövriyyəsi) ittiham irəli sürülüb və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Ağaəli Yahyayevi 5 ildən 12 ilədək azadlıqdan məhrumolunma təhlükəsi gözləyir.

Ağaəli Yahyayev bundan öncə də həbsdə olub.

O, 2015-ci il noyabrın 26-da polisin Bakının Nardaran kəndində keçirdiyi xüsusi əməliyyat zamanı saxlanılıb, 15 il həbsə məhkum edilib. 2021-ci ildə prezidentin əfv sərəncamı ilə azadlığa buraxılıb.

Siyasi Məhbusların Monitorinqi Mərkəzinin rəhbəri Elşən Həsənov Amerikanın Səsinə bildirib ki, son aylar hökumətin tənqidçilərinin və dindarların həbsinin sayı artıb.

"Tənqidçilər sırasına Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvləri, jurnalist və hərbçi, Söyüdlü hadisələri ilə bağlı tənqidi fikir söyləyən Nazim Bəydəmirli daxildir. Dindarların isə əksəriyyəti narkotik ittihamı ilə həbs edilib", o qeyd edib.

Onun sözlərinə görə, ölkədə siyasi məhbus kimi tanınan 208 nəfərin 147-si dindarlardır və onların əksəriyyəti narkotik ittihamı ilə həbs edilib.

Forum

XS
SM
MD
LG