Accessibility links

Müsəlman Birliyi Hərəkatının fəalının həbsindən apellyasiya şikayəti verilib


Müsəlman Birliyi Hərəkatının İdarə Heyətinin üzvü Ağaəli Yahyayevin həbsindən apellyasiya şikayəti verilib.

Bu barədə vəkil Zibeydə Sadıqova Amerikanın Səsinə məlumat verib.

“Yəqin ki bu həftə ərzində məhkəmə baxışı təyin edilər”, o qeyd edib.

Vəkilin sözlərinə görə, Ağaəli Yahyayevlə görüş hələ baş tutmayıb.

“Biz ötən cümə bütün günü Ağaəlini axtarmışıq. Polisin 102 ximətinə, Ombudsman Aparatına dəfələrlə zəng eləmişdim. Abşeron rayon Polis İdarəsinə durmadan zəng eləmişdim. Hər dəfə polis mənə bildirib ki, bizə belə bir şəxs gətirilməyib. Biz axşam elektron məhkəmə sisteminə baxandan sonra əmin olduq ki, Ağaəli barədə həbs qətimkan tədbiri seçilib. Bizə məlumat verməyiblər”, o bildirib.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat xidməti Amerikanın Səsinin sorğusuna hələ cavab verməyib.

Yahyayeva qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını külli miqdarda hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsilə ittiham irəli sürülüb.

Ağaəli Yahyayev bundan öncə də həbsdə olub.

O, 2015-ci il noyabrın 26-da polisin Bakının Nardaran kəndində keçirdiyi xüsusi əməliyyat zamanı saxlanılıb, 15 il həbsə məhkum edilib. 2021-ci ildə prezidentin əfv sərəncamı ilə azadlığa buraxılıb.

Siyasi Məhbusların Monitorinqi Mərkəzinin rəhbəri Elşən Həsənov Amerikanın Səsinə bildirib ki, son aylarda hökumətin tənqidçilərinin və dindarların həbsinin sayı artıb.

“Tənqidçilər sırasına Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvləri, jurnalist və hərbçi, Söyüdlü hadisələri ilə bağlı tənqidi fikir söyləyən Nazim Bəydəmirli daxildir. Dindarların isə əksəriyyəti narkotik ittihamı ilə həbs edilib”, o qeyd edib.

Onun sözlərinə görə, ölkədə siyasi məhbus kimi tanınan 208 nəfərin 147-si dindarlardır və onların əksəriyyəti narkotik ittihamı ilə həbs edilib.

Bununla yanaşı, rəsmi Bakı ölkədə siyasi məhbusların olmadığını bildirir, bu sahədə tənqidləri qəbul etmir və qərəzli sayır. Dövlət rəsmiləri bir qayda olaraq insanların qanun qarşısında bərabər olduğunu, iradəsinə görə təqib edilmədiyini bəyan edir.

Eyni zamanda Avropa Şurası Parlament Assambleyası 2021-ci ildə Azərbaycanda siyasi məhbuslarla bağlı qətnamə qəbul edib. Bu qurumda Azərbaycanda siyasi məhbuslarla bağlı məruzəçi fəaliyyətdədir.

Forum

XS
SM
MD
LG