Accessibility links

Müsəlman Birliyi Hərəkatının fəalı narkotik ittihamı ilə həbs edilib


«Müsəlman Birliyi» Hərəkatı
«Müsəlman Birliyi» Hərəkatı

Müsəlman Birliyi Hərəkatının İdarə Heyətinin üzvü Ağaəli Yahyayev həbs olunub.

Bu barədə vəkil Zibeydə Sadıqova məlumat verib.

Onun sözlərinə görə, Yahyayeva qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını külli miqdarda hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsilə ittiham irəli sürülüb.

Vəkil qeyd edib ki, inanclı fəal avqustun 31-dən Abşeron Rayon Polis İdarəsində saxlanılıb.

"Dünəndən Ağaəli Yahyayevi axtarmışam, ən azı 5 dəfə Abşeron Rayon Polis İdarəsinə zəng vurmuşam. Hər dəfə də mənə cavab veriblər ki, orada belə şəxs saxlanılmır. Bu gün isə məlum olub ki, Abşeron Rayon Polis İdarəsində ona qarşı ittiham irəli sürülüb", o qeyd edib.

Sadıqova bildirib ki, Abşeron Rayon Məhkəməsinin qərarı ilə Yahyayevin barəsində həbs qətimkan tədbiri seçilib.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat xidməti Amerikanın Səsinin sorğusuna hələ cavab verməyib.

Ağaəli Yahyayev bundan öncə də həbsdə olub.

O 2015-ci il noyabrın 26-da polisin Bakının Nardaran kəndində keçirdiyi xüsusi əməliyyat zamanı saxlanılıb, 15 il həbsə məhkum edilib. 2021-ci ildə prezidentin əfv sərəncamı ilə azadlığa buraxılıb.

Siyasi Məhbusların Monitorinqi Mərkəzinin rəhbəri Elşən Həsənov Amerikanın Səsinə bildirib ki, son aylarda hökumətin tənqidçilərinin və dindarların həbsinin sayı artıb.

“Tənqidçilər sırasına Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvləri, jurnalist və hərbçi, Söyüdlü hadisələri ilə bağlı tənqidi fikir söyləyən Nazim Bəydəmirli daxildir. Dindarların isə əksəriyyəti narkotik ittihamı ilə həbs edilib”, o qeyd edib.

Onun sözlərinə görə, ölkədə siyasi məhbus kimi tanınan 208 nəfərin 147-si dindarlardır və onların əksəriyyəti narkotik ittihamı ilə həbs edilib.

Bununla yanaşı, rəsmi Bakı ölkədə siyasi məhbusların olmadığını bildirir, bu sahədə tənqidləri qəbul etmir və qərəzli sayır. Dövlət rəsmiləri bir qayda olaraq insanların qanun qarşısında bərabər olduğunu, iradəsinə görə təqib edilmədiyini bəyan edir.

Eyni zamanda Avropa Şurası Parlament Assambleyası 2021-ci ildə Azərbaycanda siyasi məhbuslarla bağlı qətnamə qəbul edib. Bu qurumda Azərbaycanda siyasi məhbuslarla bağlı məruzəçi fəaliyyətdədir.

Forum

XS
SM
MD
LG