Accessibility links

Müsəlman Birliyi Hərəkatının mətbuat katibinin evində axtarış aparıldığı bildirilir


Əbülfəz Bünyadov məhkəmdən aparılarkən (Arxiv foto)
Əbülfəz Bünyadov məhkəmdən aparılarkən (Arxiv foto)

Avqustun 25-də məhkəmə qərarına uyğun olaraq Müsəlman Birliyi Hərəkatının mətbuat katibi Əbülfəz Bünyadovun yaşadığı evdə axtarış aparılıb.

Əbülfəz Bünyadov Amerikanın Səsinə bildirib ki, axtarış 3 saatadək davam edib.

“Cümə günü Dövlət Təhlükəsziliyi Xidmətinin 8-9 nəfər əməkdaşı məhkəmə qərarı ilə evimizə gəlmişdi. Onlar hansı cinayət işi üzrə axtarış apardıqlarını demədilər. Təqdim etdikləri sənəddə istintaqla bağlı araşdırma aparılması və istintaq materiallarının dəqiqləşdirilməsi üçün məhkəmə axtarışa icazə vermişdi. Amma hansı istintaq işi ilə bağlı yazılmamışdı. Onlar evimizdən mənim notebookumu, mobil telefonumu, sərt yaddaş diskimi, fləş kartımı götürdülər. Bir də bir neçə kitablar var idi, alman yazıçısının “Qisas ilahəsi” romanı var idi, onları götürdülər”, o qeyd edib.

Əbülfəz Bünyadov: Evimdə axtarış 3 saat davam etdi
please wait

No media source currently available

0:00 0:02:40 0:00

Bünyadovun sözlərinə görə, axtarışda onun vəkili iştirak etməyib.

“Xüsusi bir narahatçılığım yoxdur. Nəyi axtarırlar, niyə axtarırlar bilmirəm. Bunun qorxu yaratmaqdan başqa bir şey olduğunu görmürəm. Öz iş qrafikimi də dəqiq bilirəm. Müsəlman Birliyi Hərəkatının mətbuat katibi kimi çox adamlarla əlaqələrim var. Qaldı ki, hansısa bir ölkənin casusluğu məsələsinə, bu da məntiqə sığan deyil. Biz, Müsəlman Birliyi Hərəkatı olaraq neçə illərdir mövqeyimizi müəyyən etmişik. Elə bir narahatçılığımız yoxdur. Qaldı nə qərar verəcəklər, bəri başdan deyim ki, narahatçılığımız yoxdur”, o qeyd edib.

Öz növbəsində hüquq mühafizə orqanları Əbülfəz Bünyadovun evində axtarışla bağlı Amerikanın Səsinin sorğusuna hələ şərh verməyib.

Əbülfəz Bünyadov polisin 2015-ci il noyabrın 26-da Nardaranda keçirdiyi xüsusi əməliyyat zamanı həbs edilib. Əməliyyat zamanı o, bir neçə güllə yarası alıb və hərəkət qabiliyyətini tam itirib. 2018-ci ilin iyulunda məhkəmə onu 15 il müddətinə azadlıqdan məhrum edib. 2019-cu ildə səhhətində ciddi problemlər olduğundan Bünyadov məhkəmənin qərarı ilə cəzasının çəkilməmiş hissəsindən azad edilib.

Forum

XS
SM
MD
LG