Azərbaycan Demokratik Qüvvələrinin Milli Şurası avqustun 28-də "Azərbaycan hakimiyyətinin müxalifət partiyalarının fəaliyyətini rəsmən qadağan etmək hazırlığına etiraz" adlı bəyanat yayıb.
Sənəddə deyilir ki, "Siyasi partiyalar haqqında" yeni qanun hakimiyyət üçün onun hədəfində olan prinsipial mövqeli müxalifət partiyalarını ləğv etməyə hüquqi mexanizm yaradır.
“İnzibati Xətalar Məcəlləsinə edilən yeni dəyişikliklər qeydiyyatı ləğv olunmuş partiyanın fəaliyyətini rəsmi qaydada qadağan edir. İnzibati Xətalar Məcəlləsində qeydiyyatı ləğv olunmuş siyasi partiya üzvlərinə və rəhbərliyinə qarşı 17 növ maliyyə cəzası nəzərdə tutulur. Ləğv olunmuş partiyanın sıravi üzvləri 700 manatdan 2000 manatadək, rəhbər şəxsləri 1500 manatdan 5000 manatadək, təşkilatın özü isə 6000 manatdan 15000 manatadək cərimələnə bilər”, bəyanatda qeyd edilir.
Milli Şura hesab edir ki, son illərdə hakimiyyətin hədəfində əsasən kütləviliyi və prinsipial mövqeyi ilə fərqlənən Azərbaycan Xalq Cəbhəsi Parstiyası (AXCP) olub.
"Son bir neçə ildə AXCP-nin 50 nəfərə qədər funksioneri şərlənərək cinayət ittihamları ilə, 200 nəfərdən artıq funksioneri isə inzibati qaydada həbs edilib. AXCP sədrinin xarici səfərlərinə qadağa qoyulub, 3 ildən artıqdır ki, interneti kəsilib. Bu baxımdan yeni qadağaların da əsas hədəfinin AXCP olduğunu düşünməyə əsaslarımız var", sənəddə deylir.
Milli Şuranın qənaətincə, "Siyasi partiyalar haqqında" yeni qanun və İnzibat Xətalar Məcəlləsinə dəyişikliklər hansı partiyalara qarşı tətbiq ediləcəyindən, hətta ilkin mərhələdə tətbiq edilib-edilməyəcəyindən asılı olmayaraq, müxalif siyasi fəaliyyətin qadağan edilməsi, kriminal sayılması deməkdir.
"Bu addımlar ölkəmizdə çoxpartiyalı siyasi sistemi ləğv etmək və müxalif siyasi fəaliyyəti qanundankənar elan etməklə faktiki monarxiyanı hüquqi baxımdan rəsmiləşdirmək cəhdidir. Xalqımız bilməlidir ki, hakimiyyətin bu addımları təkcə real müxalifətə deyil, bütövlükdə cəmiyyətə qarşıdır. Ölkədə müxalif siyasi fəaliyyətin qadağan edilməsi ilk növbədə xalqı indiki rejimə qarşı qanuni alternativlərdən, hakimiyyəti dinc, seçki yolu ilə dəyişmək hüququndan məhrum etmək cəhdidir", sənəddə qeyd edilir.
Milli Şura bildirir ki, belə görünür, "İlham Əliyev nəyə görəsə özünü inandırıb ki, ölkədə keçmiş SSRİ idarəçiliyini xatırladan təkpartiyalı siyasi sistem yaratmasına beynəlxalq birlik adekvat, prinsipial reaksiya verməyəcək".
"Biz ümid edirik ki, beynəlxalq birlik İlham Əliyevi məyus edəcək və Azərbaycanda çoxpartiyalı sistemi ləğv etmək cəhdlərinə prinsipial qiymət verəcək, Azərbaycan hakimiyyətindən ölkə Konstitusiyasına və ölkəmizin beynəlxalq öhdəliklərinə uyğun olaraq insan hüquq və azadlıqlarına, o cümlədən birləşmək, sərbəst toplaşmaq, seçib-seçilmək hüquqlarına təminat verməsini istəyəcək", Milli Şura belə hesab edir.
Ədliyyə Nazirliyi Milli Şuranın bəyanatına hələ şərh verməyib.
Azərbaycan müstəqilliyini əldə etdikdən (18 oktyabr 1991-ci il) sonra 66 siyasi partiya dövlət qeydiyyatına alınıb. Bunlardan 1993-cü ildə iki partiya məhkəmə qaydasında ləğv edilib. 2021-ci ildə 6 partiya iqtidarda olan Yeni Azərbaycan Partiyasının sıralarına qoşulduğunu bildirib. Bundan sonra qeydiyyatda olan 58 siyasi partiya var idi. “Siyasi partiyalar haqqında” yeni qanun qəbul edildikdən sonra bu siyasi partiyalardan 31-i ləğv edilməsi ilə bağlı Ədliyyə Nazirliyinə müraciət edib. Qalan 27 siyasi partiya Ədliyyə Nazirliyində yenidən qeydiyyatdan keçmək üçün sənədlərini təqdim edib. Onlardan indiyədək yalnız iqtidarda olan Yeni Azərbaycan Partiyası dövlət qeydiyyatına alınıb. Digər partiyaların sənədlərində çoxsaylı səhvlər, qeyri-dəqiqliklər olduğundan yenidən düzəlişlər edilməsi üçün geri qaytarılıb.
Vətəndaş Hüquqları İnstitutunun rəhbəri Bəşir Süleymanlı hesab edir ki, Azərbaycanda demokratiyanın fundamental əsasları sıradan çıxarılmaqdadır.
"Siyasi partiyalarla bağlı qanunvericilik aktları da buna bir sübutdur. Müstəqil məhkəmə sistemi, müstəqil media, vətəndaş cəmiyyəti, siyasi partiyalar, təmsilçi parlament və s. Bütün bunlar demokratiyanın, siyasi plüralizmin göstəriciləridir. Bu gün Azərbaycanda bunlardan hansı qaydalara cavab verir? Vətəndaş cəmiyyəti 2014-cü ildən dağıdılıb. Hələ də “ayağa qalxa”bilmir. Qanunvericiliklə fəaliyyəti məhdudlaşdırılıb. Media ilə bağlı qanun qəbul etdilər və reyestri gətirdilər. Bu da fəaliyyəti məhdudlaşdırmağa yönəlib. Ümumilikdə biz mühiti dəyərləndirərkən ölkədə demokratiyanın göstəricisinin heç biri işləmir", o, Amerikanın Səsinə deyib.
Siyasi Menecment İnstitutunun direktoru Azər Qasımlı Amerikanın Səsinə deyib ki, ölkədə yeni siyasi partiyaların yaranması və ya ləğvi ümumən siyasi sistemin mahiyyətini dəyişmir.
"Ölkədəki siyasi system özlüyündə keçmiş SSRİ-dən qalma siyasi sistemdir. Sadəcə idarələrin və qurumların adlarını dəyişib milli adlarla əvəz ediblər. Amma mahiyyətcə ciddi bir şey dəyişməyib. Ən əsas dəyişməyən odur ki, hazırda Azərbaycanda hər şeyə total nəzarət var. Yəni iqtisadiyyata da, siyasətə də, hətta insanların sosial həyatına da, hər şeyə total bir nəzarət var", Qasımov qeyd edib.
Forum