Accessibility links

Ədliyyə Nazirliyi AĞ partiyanın 10001 üzvündən 4435 nəfəri qeydə alıb


Tural Abbaslı
Tural Abbaslı

"Siyasi Partiyalar haqqında" yeni qanuna uyğun olaraq siyasi partiyalar iyulun 12-dək yenidən qeydiyyatdan keçmək üçün Ədliyyə Nazirliyinə müraciət etməlidir.

Ədliyyə Nazirliyi AĞ Partiyanın iyulun 5-də təqdim etdiyi üzvlüklə bağlı müraciətinə iyulun 26-da cavab verib. AĞ Partiyanın sədri Tural Abbaslının məlumatına görə, "Siyasi partiyalar haqqında" yeni qanuna əsasən siyasi partiyaların yenidən reysteri üçün tələb olunan üzvlük siyahısını 10001 nəfər üzv olmaqla Ədliyyə Nazirliyinə göndəriblər:

"Təqdim etdiyimiz siyahının Ədliyyə Nazirliyi tərəfindən yoxlanışının ilkin nəticələrinə görə 4435 nəfər üzvümüz qeydə alınıb. 3414 nəfər reysterdə görünmədiyi üçün bu şəxslər barəsində məlumatlar (ad, soyad, ata adı) tərəfimizdən dəqiqləşdiriləcək".

Partiya sədri bildirib ki, dəqiqləşdirilməsinə ehtiyac olduğu daha 1424 nəfərin partiya üzvü olmadığı, 430 nəfərin məlumatlarının təkrarlandığı barədə məlumatlar qeyd edilib.

"Bildirmək istəyirəm ki, texniki səbəblərdən reysterdə adları çıxmayan 3414 nəfər və partiyaçı olmadığı qeyd edilən 1424 nəfər işçi qrupumuz tərəfindən ən qısa zamanda araşdırılıb Ədliyyə Nazirliyinə təqdim ediləcək və əminəm ki, onların da böyük əksəriyyəti AĞ partiyaçı kimi qeydə alınacaqlar", deyə Abbaslı bildirib.

Ədliyyə Nazirliyindən AĞ Partiyaya verdiyi cavabla bağlı şərh almaq mümkün olmayıb.

İyulun 17-də Ədliyyə Nazirliyi REAL Partiyasına da mənfi cavab verib. Nazirliyin cavabında partiyanın 463 nəfərinin keçərli olduğu qeyd olunub.

İyulun 19-da isə Müsavat Partiyasına da Ədliyyə Nazirliyi tərəfindən oxşar cavab verilib.

Nazirlik Azərbaycan Xalq Cəbhəsi Partiyasına da mənfi cavab verib.

Bu günə qədər ancaq hakim Yeni Azərbaycan Partiyası müsbət cavab alıb.

Son bir neçə ayda Azərbaycanda 30-dan çox partiya özünü buraxıb. Bu sıraya Müstəqil Xalq Partiyası (MXP), Azərbaycan Milli Demokrat Partiyası (AMDP), Yeni Yol Partiyası, Azərbaycan Respublikaçılar Partiyası, Müstəqil Azərbaycan Partiyası, Azərbaycan Vahid Kommunist Partiyası, Azərbaycan Sosial Demokrat Partiyası (ASDP), Azərbaycan Liberal Demokrat Partiyası (ALDP), Milli Vəhdət Partiyası (MVP), Azərbaycan Sosial Rifah Partiyası (ASRP), Azərbaycan Naminə Alyans Partiyası (ANAP), Azərbaycan Təkamül Partiyası, Birlik Partiyası, Aydınlar Partiyası, Kommunist Partiyası, Vahid Azərbaycan Milli Birlik və Azərbaycan Azad Respublikaçılar Partiyası və digərləri daxildir.

2022-ci ildə Azərbaycanda 59 siyasi partiya qeydiyyatda olub.

Prezident İlham Əliyev "Siyasi Partiyalar haqqında" yeni qanunu imzalayıb. Qanunun mətni bu il yanvarın 11-də rəsmi mediada dərc olunub və bununla da icra qüvvəsinə minib.

Sənəd müxalif partiyalar tərəfindən kəskin tənqidlərə səbəb olub.

Siyasi partiyalar yeni qanunun siyasi fəaliyyətin məhdudlaşdırılmasına, müxalifət partiyalarının sıradan çıxarılmasına yönəldiyini bildirib.

"Siyasi Partiyalar haqqında" qanun siyasi partiyanın təsis edilməsi, dövlət qeydiyyatı, fəaliyyətinin yoxlanılması, dayandırılması və bərpası, ləğvi qaydasını, həmçinin siyasi partiyanın fəaliyyətinin təşkili, üzvlük və maddi təminat məsələlərini müəyyən edir.

Sənəddə deyilir ki, Azərbaycanda tam fəaliyyət qabiliyyətli olan azı 50 vətəndaş (təsisçilər) siyasi partiya təsis edə bilər. Siyasi partiyaların dövlət qeydiyyatına alınması üçün 5000 nəfər üzvü olmalıdır. Bununla yanaşı dövlət qeydiyyatına alınmış siyasi partiyada üzv sayının 4500-dən aşağı olması halında həmin siyasi partiyanın dövlət qeydiyyatının ləğvi barədə məhkəmədə iddia qaldırılır. Həmçinin siyasi partiya üzvlərinin reyestri aparılır.

Qanuna görə, siyasi partiyanın dövlət qeydiyyatına alınmadan fəaliyyət göstərməsinə yol verilmir. Sənəddə deyilir ki, siyasi partiyalara il ərzində ianələrin yuxarı həddi minimum əmək haqqının 35 mislindən (hazırki anda 10500 manat) artıq ola bilməz.

Azərbaycanın yerli müstəqil ekspertləri hesab edir ki, yeni qəbul edilən qanun demokratik standartlara uyğun deyil və dəyişdirilməlidir.

Demokratik Təşəbbüslər İnstitutunun rəhbəri Akif Qurbanov Amerikanın Səsinə deyib ki, son günlərdə yenidən qeydiyyat üçün müraciət edən bir sıra müxalif siyasi partiyaların üzvlərinə dövlət orqanlarından zəng edərək siyasi iradələri ilə bağlı suallar verilməsi qorxu mühiti yarada bilər.

Akif Qurbanov
Akif Qurbanov

"Siyasi partiyaların qeydiyyatı ilə bağlı üzvlərinin reyesteri yaradılıb. Bu səbəbdən üzvlərin reallığını yoxlamaq vasitələrindən biri də canlı sual-cavab etməkdir. Burada formal olaraq hər hansı problem yoxdur. Amma Azərbaycanda siyasi mühitin kontekstini nəzərə alanda təbii ki, bu həm də çəkindirici bir metod kimi başa düşülə bilir. Azərbaycan mühitində üzvlərə zəng edərək sorğu-sual etmək qorxu mühiti yarada bilərmi? Bəli, qorxu yarada bilər. Çünki Azərbaycanın dövlət qurumu ilə siyasi opponent olan tərəflər arasında normal kommunikasiya yoxdur", o qeyd edib.

Akif Qurbanov hesab edir ki, Azərbaycan hakimiyyəti təkcə "Siyasi Partiyalar haqqında" qanunla yox, həm də "Media haqqında", eləcə də "QHT-lər haqqında" qanunla icazəli mühit formalaşdırır.

"İcazəli vətəndaş cəmiyyəti, icazəli media, yəni sistemin mediası, sistemin vətəndaş cəmiyyəti, indi də sistemin, özlərinin siyasi partiyalarını yaradırlar. İcazəli siyasət formalaşdırırlar", deyə Qurbanov qeyd edib.

Avropa Şurası Venesiya Komissiyası, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun Azərbaycanın "Siyasi Partiyalar haqqında" yeni qanunu haqqında birgə rəyində deyilir ki, yeni qanun "ölkədə plüralizmə məhdudlaşdırıcı təsir göstərə biləcək bir sıra yeni problemli müddəalar tətdiq edib".

Azərbaycan rəsmiləri isə bildirib ki, Avropa Şurasının Venesiya Komissisyasının, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun razılaşmadığı məqamlar qanuna mənfi prizmadan baxılması və sənədə yenidən baxılması üçün heç bir əsas yaratmır.

XS
SM
MD
LG