Accessibility links

Jurnalist Əvəz Zeynallı barədə cinayət işinin ibtidai istintaqı başa çatıb


Əvəz Zeynallı
Əvəz Zeynallı

Xural.TV internet televiziyasının təsisçisi, həbsdə olan Əvəz Zeynallı ilə bağlı ibtidai istintaq başa çatıb. Bu həftə cinayət işi baxılması üçün məhkəməyə göndəriləcək.

Bu barədə Zeynallının həyat yoldaşı Məlahət Zeynallı (Qisuri) Amerikanın Səsinə bildirib.

Onun sözlərinə görə, vəkillərin cinayət işinə xətm verilməsi ilə bağlı istintaq orqanına verdiyi vəsatət təmin edilməyib.

Məlahət Zeynallı həyat yoldaşına istinadən bildirib ki, Əvəz Zeynallı özünə qarşi ittihamların tamamilə əsassız və saxta olması səbəbilə istintaqda heç bir ifadə verməyib və heç bir sənədi imzalmayıb.

“O vurğulayır ki, onun tamamilə günahsız olduğunu aparılmış istintaqın iş materialları da təsdiq edir. Ancaq təəssüflə qeyd edir ki, iş materialları ilə tanış olarkən, illərdir onun vəkili olmuş Elçin Sadıqovun verdiyi ziddiyyətli ifadələrdən sarsılıb”, o qeyd edib.

Məlahət Zeynallı əlavə edib ki, Əvəz Zeynallı bütün bu nüansları nəzərə alaraq, Elçin Sadıqovla hüquqi xidmətlə əlaqədar bağladığı bütün müqavilələri ləğv etdiyini bəyan edib.

Vəkil Elçin Sadıqovdan Əvəz Zeynallının açıqlamasına hələ münasibət öyrənmək mümkün olmayıb.

2022-ci il sentyabrın 10-da vəkil Elçin Sadıqov və Xural TV internet televiziyasının təsisçisi Əvəz Zeynallı rüşvət almaqda şübhəli bilinərək saxlanılıb, sentyabrın 11-də məhkəmə hər ikisini həbs edib.

Sentyabrın 17-də Bakı Apellyasiya Məhkəməsi Sadıqovu ev dustaqlığına buraxıb.

Sonradan Zeynallıya qarşı Cinayət Məcəlləsinin 312-1.1-ci maddəsi (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə (nüfuz alveri) ilə yeni ittiham irəli sürülüb. Dekabrın 29-da Əvəz Zeynallının həbs müddəti 3 ay uzadılıb.

Mövzuya uyğun

XS
SM
MD
LG