Accessibility links

Jurnalistə 4 ay 22 gündən sonra həyat yoldaşı ilə görüş verilib


Əvəz Zeynallı
Əvəz Zeynallı

Fevralın 1-də "Xural.tv" internet televiziyasının təsisçisi, həbsdə olan Əvəz Zeynallıya 4 ay 22 gündən sonra həyat yoldaşı Məlahət Qisuri ilə ilk dəfə görüş verilib.

Bu barədə Məlahət Qisuri görüşdən sonra Amerikanın Səsinə deyib.

Onun sözlərinə görə, Əvəz Zeynallı dünən, yanvarın 31-də Dövlət Təhlükəsizliyi Xidmətinin istintaq təcridxanasından 1 saylı Bakı İstintaq Təcridxanasına köçürülüb.

"Nəhayət görüş verdilər. Səhhəti normaldır. Təcridxanaya köçürülən kimi dərhal həkim müayinəsindən keçib, bütün göstəricilər normadadır. Birçə gözlərindən şikayəti var. Ona görə göz əməliyyatı ilə bağlı müraciət edəcəyik", o qeyd edib.

Qisuri jurnalistin ona qarşı irəli sürülən ittihamları qəbul etmədiyini deyib.

"O, həbsinin sifarişli olduğunu və günahsız olduğunu dedi", Məlahət Qisuri jurnalistə istinadən bildirib.

Əvəz Zeynallının Penitensiar Xidmətin 1 saylı Bakı İstintaq Təcridxanasına köçürülməsi və görüşü həyat yoldaşının Baş Prokurorluğun İstintaq İdarəsinin binası qarşısında etiraz aksiyalarından sonraya təsadüf edir.

2022-ci il sentyabrın 10-da vəkil Elçin Sadıqov və "Xural TV" internet televiziyasının təsisçisi Əvəz Zeynallı rüşvət almaqda şübhəli bilinərək saxlanılıb, sentyabrın 11-də məhkəmə hər ikisini həbs edib.

Sentyabrın 17-də Bakı Apellyasiya Məhkəməsi Sadıqovu ev dustaqlığına buraxıb.

Sonradan Zeynallıya qarşı Cinayət Məcəlləsinin 312-1.1-ci maddəsi (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə (nüfuz alveri) ilə yeni ittiham irəli sürülüb. Dekabrın 29-da Əvəz Zeynallının həbs müddəti 3 ay uzadılıb.

XS
SM
MD
LG