Accessibility links

Jurnalist Əvəz Zeynallı Penitensiar Xidmətin istintaq təcridxanasına köçürülür


Əvəz Zeynallı (Arxiv foto. Mənbə VOA)
Əvəz Zeynallı (Arxiv foto. Mənbə VOA)

Yanvarın 31-də Xural.tv internet televiziyasının təsisçisi, həbsdə olan Əvəz Zeynallının həyat yoldaşı Məlahət Qisuri Baş Prokurorluğun İstintaq İdarəsinin binası qarşısında növbəti etiraz aksiyasını keçirib.

O, Zeynallanın istintaq təcridxanasından telefonla danışmasına və qohumları ilə görüşünə qoyulan qadağanın ləğvini, evlərində axtarış zamanı götürülən ofis avadanlığının, habelə ailənin övladlarının təhsili üçün nəzərdə tutulan pulların geri qaytarılmasını tələb edib.

Bundan əlavə, Qisuri jurnalistin gözündən katarakta əməliyyatı olması üçün şərait yaradılmasını tələb edib.

Aksiyadan sonra onu İstintaq İdarəsinə, rəis müavini Qasım Məmmədov ilə qəbula dəvət ediblər.

Prokurorluqdan çıxdıqdan sonra Qisuri Amüerikanın Səsinə bildirib ki, bu gün həyat yoldaşını Dövlət Təhlükəsizliyi Xidmətinin istintaq təcridxanasından Penitensiar Xidmətin 1 saylı Bakı İstintaq Təcridxanasına köçürürlər və sabah orada onunla görüşə biləcək.

Sabah Qisuri öz kompüterini, diktofonunu və mobil telefonunu ala biləcək. Lakin pul vəsaitinin qaytarılması məsələsi həllini tapmayıb.

“Bu pul Avropa İnsan Hüquqları Məhkəməsinin qərarı əsasında Əvəz Zeynallıya təyin edilmiş kompensasiyadır. Amma prokurorluqda deyirlər ki, siz pulu 2021-ci ilin aprelində alıbsınız və 2022-ci ilin sentyabrına qədər xərcləməliydiniz. Arqumentləri, yumşaq desək, tutarlı deyil. Düzdür Avropa Məhkəməsinin qərarı 2021-ci ilin aprelində olub. Amma Azərbaycan hökuməti konpensasiyanı (13 min avro) 2022-ci ilin aprelində hesabımıza köçürüb. Bununla bağlı Əvəzin açıqlamaları da olub. Bir də ailə büdcəmizi biz, özümüz idarə edirik və uşaqlarımızın təhsil haqqını ödəmək üçün pul saxlamışdıq”, Qisuri deyib.

Göz əməliyyatına gəlincə, prokurorluqdan bildiriblər ki, bu məsələ qurumun səlahiyyətində deyil. Bununla bağlı Qisuri Penitensiar Xidmətə müraciət etmək niyyətindədir. Həmçinin Zeynallının ev dustaqlığına keçirilməsi barədə vəsatət verilib.

2022-ci il sentyabrın 10-da vəkil Elçin Sadıqov və “Xural TV” internet televiziyasının təsisçisi Əvəz Zeynallı rüşvət almaqda şübhəli bilinərək saxlanılıb, sentyabrın 11-də məhkəmə hər ikisini həbs edib.

Sentyabrın 17-də Bakı Apellyasiya Məhkəməsi Sadıqovu ev dustaqlığına keçirib

Sonradan Zeynallıya qarşı Cinayət Məcəlləsinin 312-1.1-ci maddəsi (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə (nüfuz alveri) ilə yeni ittiham irəli sürülüb. Dekabrın 29-da Əvəz Zeynallının həbs müddəti 3 ay uzadılıb.

XS
SM
MD
LG