Yanvarın 5-də Bakı Apellyasiya Məhkəməsində hakim Habil Məmmədovun sədrliyilə "Xural TV" internet televiziyasının rəhbəri Əvəz Zeynallı haqqında həbs qətimkan tədbirinin müddətinin uzadılması haqda qərardan verilmiş şikayətə baxılıb.
Dekabrın 29-da Binəqədi Rayon Məhkəməsi prokurorluğunun təqdimatını təmin edərək, Əvəz Zeynallı haqqında istintaq dövrü üçün həbs qətimkan tədbirinin müddətini daha üç ay (aprelin 8-nə qədər) artırıb. Apellyasiya şikayəti də həmin qərardan verilib.
Qapalı keçirilən məhkəmə iclasında Əvəz Zeynallı özü də iştirak edib və sifarişlə həbs olunduğunu bildirib.
Zeynallının vəkili Rəşad Əliyev bildirib ki, Əvəz Zeynallı haqqında həbs qətimkan tədbiri seçilməsi üçün əsas yoxdur. Vəkilin sözlərinə görə, hüquqlarını müdafiə etdiyi şəxs haqqında alternativ qətimkan tədbiri seçməklə də istintaqı aparmaq olar. Rəşad Əliyev əmindir ki, Əvəz Zeynallının azadlıqda qalması istintaqın gedişinə heç bir təsir gösətrməyəcək.
Lakin məhkəmədə iştirak edən prokurorluq təmsilçisi bununla razılaşmayıb və Əvəz Zeynallının həbsdən buraxılmasına etiraz edib. O bildirib ki, onun azadlıqda qalması istintaqın gedişinə mane ola bilər.
Apellyasiya məhkəməsi şikayəti təmin etməyib və Binəqədi Rayon Məhkəməsinin qərarı qüvvədə saxlanılıb.
Hazırda Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) istintaq təcridxanasında saxlanılan Əvəz Zeynallı sentyabrın 10-da Cinayət Məcəlləsinin 311.3.3 (külli miqdarda rüşvət alma) maddəsilə həbs edilmişdi. Sentyabrın 21-də ona qarşı Cinayət Məcəlləsinin 312-1.1 (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərə – nüfuz alveri) maddəsilə yenidən ittiham elan edilib.
Rüşvət ittihamı "Baku Steel Company" MMC – poladəritmə zavodunun keçmiş rəhbəri Rasim Məmmədovla bağlıdır. "Xural TV" rəhbəri 2021-ci ilin yanvarından həbsdə olan Rasim Məmmədovun ailəsindən onun əleyhinə materiallar yaymamaq üçün 20 min manat pul almaqda ittiham olunur.
Əvəz Zeynallı ona qarşı irəli sürülmüş ittihamların heç birini qəbul etmir. O, sifarişlə həbs edildiyini bildirir. "Xural TV" rəhbərinin sözlərinə görə, onu jurnalist fəaliyyətinə, tənqidlərinə görə cəzalandırmaq üçün belə ssenarilər qurulur.
Sentyabrın 10-da Əvəz Zeynallı ilə yanaşı, vəkil Elçin Sadıqov da eyni cinayət işi üzrə həbs olunub. O, Rasim Məmmədovun vəkili idi. Elçin Sadıqov rüşvətə vasitəçilikdə ittiham olunur.
Elçin Sadıqov sentyabrın 17-də Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə ev dustaqlığına buraxılıb.
Elçin Sadıqov da özünü təqsirli bilmir, həbsini peşə fəaliyyətilə əlaqələndirir. Onun sözlərinə görə, həbsinin əsl səbəbi ictimai-siyasi fəalların hüquqlarını müdafiə etməsidir.