Accessibility links

Avropa Məhkəməsi Əvəz Zeynalov və Qənimət Zahidin şikayətini təmin edib


Avropa İnsan Haqları Məhkəməsi
Avropa İnsan Haqları Məhkəməsi

Avropa İnsan Haqları Məhkəməsi (AİHM) yanvarın 19-da Azərbaycandan göndərilmiş 4 şikayət üzrə qərarlarını elan edib. Məhkəmə ərizələrdə iddia olunan pozuntuların əksəriyyətini tanıyıb.

Bu barədə Amerikanın Səsinə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarının Monitorinq qrupunun rəhbəri Xalid Ağaliyev bildirib.

Onun sözlərinə görə, ərizələrdə ifadə azadlığı və ədalətli məhkəmə araşdırması hüquqlarının pozuntuları mübahisələndirilib.

Hüquqünas qeyd edib ki, məhkəmə ərizələrdə iddia olunan pozuntuların əksəriyyətini tanıyıb.

Onun sözlərinə görə, "Xural" qəzeti və Əvəz Zeynalov Azərbaycana qarşı məhkəmə işi 2010-cu ildə "Xural" qəzetində dərc edilmiş iki məqaləyə görə, bu qəzetin mülki qaydada cərimə edilməsinin ifadə azadlığı hüququna zidd olması iddiaları ilə bağlıdır.

"İlham Əliyev "Xural"ın prezidenti deyil?!" və "Mətbu qəssab" məqalələrində digər məsələlərlə yanaşı, KİV-ə Dövlət Dəstəyi Fondunun hazırda həbsdə olan icraçı direktoru Vüqar Səfərli tənqid edilmişdi. Səfərli şərəf və ləyaqətinin aşağılanması əsası ilə məqalələrdən məhkəməyə şikayət etmiş, məhkəmələr "Xural" qəzetini 5 min manat cərimələmişdi", o bildirib.

Onun sözlərinə görə, AİHM bu işdə ərizəçinin ifadə azadlığı hüququna müdaxilə baş verdiyi qərarına gəlib. Qərara əsasən, hökumət ərizəçiyə mənəvi zərər və xərc, məsrəf əvəzi 6 min avro ödəməlidir.

Xalid Ağaliyev deyib ki, ikinci qərar "Azadlıq" qəzetinin baş redaktoru Qənimət Zahidin qəsdən sağlamlığa orta ağır zərər vurma və xuliqanlıq ittihamı ilə azadlıqdan məhrum edilməsi ilə bağlıdır.

"İşin hallarına görə, ərizəçi "Azadlıq" qəzetinin ovaxtkı ofisinin qarşısında Sevgiladə Quliyeva adlı xanımla mübahisə edib, daha sonra ona xəsarət yetirib. Yerli məhkəmələr ərizəçini təqsirli bilib, barəsində 4 il müddətinə azadlqıdan məhrumetmə hökmü çıxarıb. Ərizəçi 2010-cu ildə Azərbaycan prezidenti tərəfindən əfv edilib. Ərizə Avropa İnsan Hüquqları Məhkəməsinə 2008-ci ildə göndərilib" , o deyib.

Ağaliyev deyir ki, AİHM-ə 2008-ci ildə göndərilmiş ərizədə ədalətli məhkəmə araşdırması hüququnun pozuntusu mübahisələndirilmişdi.

"AİHM bu işdə ərizəçinin ədalətli məhkəmə araşdırması hüququnun (maddə 6.1) pozulduğuna qərar verdi. Qərara əsasən, hökumət ərizəçiyə mənəvi zərər və xərc, məsrəf əvəzi 6 min avro ödəməlidir", o bildirib.

Hüquqşünasın sözlərinə görə, digər məhkəmə işi İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin rəhbəri Azər Mehdiyevin şikayəti işə bağlıdır.

Onun sözlərinə görə, Mehdiyevin şikayəti 2009-cu ildə Dövlət Neft Şirkətinə göndərilən informasiya sorğusuna cavab ala bilməməsi və yerli məhkəmələrə bu barədə müraciətlərinin nəticəsiz qalmasını əhatə edir, ifadə azadlığı və ədalətli məhkəmə araşdırması hüquqlarına müdaxilənin baş verdiyi iddia olunur.

Dördüncü qərar jurnalist Yaşar Ağazadənin Azərbaycana qarşı məhkəmə işidir.

Xalid Ağalıyev deyib ki, jurnalist Yaşar Ağazadə şikayətində 2010-cu ildə baş nazirə göndərdiyi informasiya sorğusunun cavabsız qaldığını, məhkəmələrə bu barədə müraciətlərinin nəticə vermədiyini bildirib.

Hüquqşünas deyir ki, Avropa İnsan Haqları Məhkəməsi bu iki iş üzrə ərizələri qəbuledilməz sayılmasına qərar verib.

"Mehdiyev işində məhkəmə bildirib ki, 10-cu maddə şəxsə dövlət orqanında olan bütün bilgilərə çıxış hüququnu vermir və ya dövləti bu cür məlumatları verməyə məcbur etmir. Bu hüquq o zaman yaranır ki, məlumatın açıqlanmasını qanuni qüvvəyə minmiş məhkəmə qərarı nəzərdə tutmuş olsun və ya informasiyaya çıxış şəxsin ifadə azadlığı hüququnu həyata keçirməsi üçün mühüm əhəmiyyət kəsb eləmiş olsun. AİHM-ə görə, bu işin materiallarının işığında ərizəçinin istənilmiş informasiyaya çıxış hüququ olduğunu söyləmək olmur. Həm də informasiyaya çıxışın ərizəçinin ifadə azadlığı hüququnu həyata keçirməsi üçün mühüm rol oynaması əsaslandırılmadığından, informasiyaya çatımın rədd edilməsi müdaxilə təşkil etmir. Ağazadə işi daxili müdafiə vasitələrinin tükəndirilməməsi səbəbindən qəbuledilməz sayılıb. Bu işdə baş nazirin rəhbərlik etdiyi hüquqi şəxs olmayan dövlət komissiyasını məhkəməyə verilmişdi. Məhkəməyə görə, iddia hüquqi şəxsə, konkret halda baş nazir və ya nazirlər kabinetinə yönəlməli idi", o bildirib.

Məhkəmənin qərarı ilə bağlı hələlik adı çəkilən şəxslərdən şərh almaq mümkün olmayıb.

XS
SM
MD
LG