Accessibility links

Elçin Sadıqov: “Repressiyalar davam edir və bu cinayət işi mənim vəkillik fəaliyyətimlə əlaqədərdir”


Elçin Sadıqov
Elçin Sadıqov

Noyabrın 18-də vəkil Elçin Sadıqovun Binəqədi Rayon Məhkəməsinin qərarından verdiyi apellyasiya şikayəti təmin olunmayıb. Vəkil Apellyasiya Məhkəməsinə Binəqədi Rayon Məhkəməsinin 14 noyabr 2022-ci il tarixli qərarı ilə Baş Prokurorluğun İstintaq İdarəsi tərəfindən onun telefonlarının və kompüterinin yaddaş kartının götürülməsinin qanunsuz hesab edilməsi və onların qaytarılması barədə şikayət verib.

Elçin Sadıqov deyib ki, Vəkillər və Vəkillik Fəaliyyəti Haqqında Qanunun 7-ci maddəsinin 3-cü bəndi vəkil sirrini özündə əks etdirən bütün məlumatların götürülməsini qadağan edir.

“Hətta istintaq və vəkil barəsində cinayət işi açıldıqda belə vəkilin peşə sirrinə tam təminat verilməlidir. Avropa İnsan Hüquqları Konvensiyasının 8-ci maddəsi ilə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyi odur ki, vəkilin peşə sirri bütün hallarda qorunmalıdır. İstintaq orqanı qeyd edir ki, onlara yalnız cinayət işi bağlı məlumatlar lazımdır, halbuki telefonlarımın və yaddaş kartımın açıldığı təqdirdə digər məlumatların ələ keçirilməsi istisna olunmur,” o bildirib.

Vəkil qeyd edib ki, o, “Pegasus” casus proqramının qurbanıdır və eyni zamanda ölkədən xarici ölkəyə çıxanda və daxil olanda Baş Prokurorluğun göstərişi ilə ona bəyannamə yazdırılır.

“Hökumət hər zaman mənim fəaliyyətimlə bağlı müştərilərim barəsində məlumatları əldə etməyə cəhd edib. İndi isə belə bir fürsət yaranıb və onlar bu fürsətdən sui-istifadə edirlər. İndiyədək mən 2000-dən çox şəxsin hüquqlarını müdafiə etmişəm və bu həmin şəxslər barədə məlumatların ələ keçirilməsinə şərait yarada bilər, bu isə Vəkillik İnstitutuna etibarı sarsıda bilər. Hələ ki, repressiyalar davam edir və bu cinayət işi mənim vəkillik fəaliyyətimlə əlaqədərdir”, deyə vəkil bildirib.

Prokurorluq isə Elçin Sadıqovun vəkillik fəaliyyəti ilə bağlı məlumatlara baxmayacağını bildirib. Vəkilin apellyasiya şikayəti təmin olunmayıb.

Baş Prokurorluğun İstintaq İdarəsindən, hələlik, mövqe almaq mümkün olmayıb.

Bundan əvvəl, noyabrın 4-də Bakı Apellyasiya Məhkəməsində vəkil Elçin Sadıqovun Binəqədi Rayon Məhkəməsinin 24 oktyabr qərarından şikayətinə baxılıb. Elçin Sadıqovun Azərbaycan ərazisində sərbəst hərəkətinə qadağa qoyulub. O, Bakıdan çıxışına qoyulan qadağanın Azərbaycan ərazisi ilə əvəzlənməsi üçün Binəqədi Rayon Məhkəməsinə müraciət edib, ancaq oktyabrın 24-də ərizəsi təmin olunmayıb. Zəki Babayevin sədrliyi ilə keçirilən məhkəmədə vəkilin şikayəti təmin edilməyib.

Elçin Sadıqov barəsində cinayət işi başlanmasını da, həbsini və ondan sonra yaranan məhdudiyyətləri sifarişin nəticəsi hesab edir.

Elçin Sadıqov sentyabrın 10-dan Binqədi Rayon Məhkəməsinin qərarıyla həbs olunub. Bundan bir həftə sonra, sentyabrın 17-də o, ev dustaqlığına buraxılıb. O, “Xural TV” internet televiziyasının rəhbəri Əvəz Zeynallı ilə eyni cinayət işi üzrə təqsirləndirilir. Əvəz Zeynallı “Baku Steel Company” MMC-nin (poladəritmə zavodu) keçmiş rəhbəri, hazırda həbsdə olan Rasim Məmmədovun ailəsindən onun əleyhinə materiallar yaymamaq üçün rüşvət almaqda ittiham olunur. Rasim Məmmədovun vəkili olan Elçin Sadıqova isə rüşvət prosesində vasitəçilik etmə ittihamı verilib. Onların heç biri özünü təqsirli bilmir. Əvəz Zeynallı rüşvət almadığını, şərlənib həbs olunduğunu deyir.

Sentyabrın 11-i Binəqədi Rayon Məhkəməsi jurnalist və vəkil barəsində 4 aylıq həbs qətimkan tədbirləri seçib, Bakı Apellyasiya Məhkəməsi sentyabrın 17-də Elçin Sadıqovu ev dustaqlığına buraxıb.

Elçin Sadıqov özünü təqsirli bilmir, həbsini peşə fəaliyyətilə əlaqələndirir. Onun sözlərinə görə, həbsinin əsl səbəbi ictimai-siyasi fəalların hüquqlarını müdafiə etməsidir.

XS
SM
MD
LG