Accessibility links

Əvəz Zeynallı barəsində həbs qətimkan tədbiri müddəti 3 ay uzadılıb


Əvəz Zeynallı
Əvəz Zeynallı

Dekabrın 29-da Binəqədi Rayon Məhkəməsi istintaq orqanının təqdimatına baxaraq “Xural” internet televiziyasının rəhbəri Əvəz Zeynallı barəsində həbs qətimkan tədbirinin müddətini 3 ay (8 aprel 2023-cü ilədək) uzadıb. Bu barədə məlumatı onun vəkili Fəxrəddin Mehdiyev verib. Onun sözlərinə görə Əvəz Zeynallı özü məhkəmədə iştirak etməyib:

"Əvəz Zeynallı barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilmişdi, 8 yanvar 2023-cü ildə həbs qətimkan tədbirinin müddəti bitirdi, ona görə də istintaq yeni vəsatətlə çıxış edib. Vəsatətə əsasən Əvəz Zeynallının həbs qətimkan tədbirinin 3 ay da artırılması istənilmişdi. Biz həmin vəsatətə etirazımızı bildirdik və biz hesab edirik ki, həbsin yenidən uzadılması əvvəlki qanunsuzluğun ağır və şiddətli formasında davamıdır".

Vəkil bildirib ki, onlar məhkəmədən həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsini istəyiblər, lakin məhkəmə onların vəsatətlərini təmin etməyib. Fəxrəddin Mehdiyev deyir ki, Əvəz Zeynallının ailəsi ilə əlaqə qurmasına imkan verilmir və səhhətində problemlər yaranıb.

Jurnalist Əvəz Zeynallı və vəkil Elçin Sadıqov sentyabrın 10-da prokurorluq orqanları tərəfindən saxlanılıb. Sentyabrın 11-də Bakının Binəqədi rayon Məhkəməsi Əvəz Zeynallı və Elçin Sadıqov barəsində 4 ay müddətində həbs-qətimkan tədbiri seçib.

Rəsmi məlumata görə, toplanmış ilkin sübutlara əsasən Əvəz Zeynallıya Cinayət Məcəlləsinin 311.3.3-cü (külli miqdarda rüşvət almaq) və Elçin Sadıqova Cinayət Məcəlləsinin 32.5, 311.3.3-cü (külli miqdarda rüşvət almaqda köməkçilik) maddəsi ilə təqsirləndirilən şəxs qismində ittiham elan edilib. Əvəz Zeynallı "Baku Steel Company" şirkətinin müşahidə şurasının keçmiş sədri, hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində təqsirləndirildiyi cinayət işi üzrə barəsində məhkəmə baxışı davam etdirilən Rasim Məmmədovun yaxınlarından rüşvət almaqda, vəkil isə vasitəçilik etməkdə təqsirli bilinir.

Sonradan Zeynallıya qarşı Cinayət Məcəlləsinin 312-1-ci maddə (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə) ilə daha bir ittiham irəli sürülüb.

Əvəz Zeynallı və Elçin Sadıqov ittihamları qəbul etməyib, peşə fəaliyyətləri ilə bağlı olduğnu bəyan edib.

Beynəlxalq təşkilatlar vəkil və jurnalistin həbsini pisləyib. Azərbaycan hakimiyyətindən onların azadlığa buraxılmasını istəyiblər.

Sentyabrın 17-də Bakı Apellyasiya Məhkəməsi vəkil Elçin Sadıqovu ev dustaqlığına buraxıb.

ABŞ-ın Azərbaycandakı səfirliyi Amerikanın Səsinə bildirib ki, Əvəz Zeynallının və Elçin Sadıqovun həbsini diqqətlə izləyirlər.

“Birləşmiş Ştatlar insan hüquqlarına və əsas azadlıqlara hörmətin artırılmasına qətiyyətlə sadiq qalır. Biz Azərbaycanı öz konstitusiyasına və beynəlxalq öhdəliklərinə uyğun olaraq vətəndaşlarının hüquqlarını və əsas azadlıqlarını qorumağa çağırırıq,” səfirliyin mətbuat katibi qeyd edib.

XS
SM
MD
LG