Accessibility links

“Müdafiə Xətti” təşkilatı etiraz aksiyası keçirmək qərarında israrlı olduğunu bildirir


“Müdafiə Xətti” təşkilatının təsisçiləri (Arxiv foto, mənbə VOA)
“Müdafiə Xətti” təşkilatının təsisçiləri (Arxiv foto, mənbə VOA)

Bakı şəhər İcra Hakimiyyəti “Müdafiə Xətti” hüquq müdafiə təşkilatının dekabrın 23-də Bakıda Fəvvarələr meydanında asksiya keçirməsini məqsədəuyğun hesab etməyib. Hüquq müdafiə təşkilatı isə aksiyanın keçiriləcəyini bildirib.

Bakı şəhər İcra Hakimiyyətinin təşkilatçılara cavab məktubunda deyilir ki, Fəvvarələr meydanı əhalinin daha sıx hərəkətdə olduğu ərazi olduğundan aksiya toplantıda iştirak etməyən digər insanların hərəkətinə mane olacaq və təhlükəsizliyin təmin edilməsində ciddi çətinliklər yaradacaq.

“Bu səbəbdən Fəvvarələr meydanında planlaşdırdığınız aksiyanın keçirilməsini məqsədəuyğun hesab etmirik”, Bakı şəhər İcra Hakimiyyətinin məktubunda deyilir.

“Müdafiə Xətti” hüquq müdafiə təşkilatının icraçı direktoru Rüfət Səfərov Amerikanın Səsinə deyib ki, etiraz aksiyası “mütləq keçiriləcək”.

Aksiyanın ölkədə total insan hüquqlarının pozulması ilə bağlı olduğu bildirilir.

“Azərbaycan hakimiyyəti ağır repressiv siyasət yürüdür. İnsan haqları sahəsindəki durum dözülməzdir. Tənqidçilər saxta və qurama ittihamlarla həbs olunurlar. İnsanlar sözünə, fikrinə, əqidəsinə görə zorakılıqla üzləşirlər. İşgəncələr, qeyri-insani rəftarlar, ləyaqəti alçaldan davranışlar hakim siyasətin ayrılmaz hissəsinə çevrilib,” Rüfət Səfərov bildirib.

O, etiraz aksiyasında siyasi məhbusların, hazırda həyatı təhlükədə olan Bəxtiyar Hacıyevin azadlığının tələb ediləcəyini deyib.

Öz növbəsində, Azərbaycan hakimiyyəti bir qayda olaraq ölkədə fundamental azadlıqların tam təmin edildiyini, insanların iradəsinə görə təqib olunmadığını bildirir.

Daxili İşlər Nazirliyi sanksiyalaşdırılmamış aksiyanın keçirilməsi ilə bağlı məlumata hələ münasibət bildirməyib. Amma Daxili işlər Nazirliyi bundan öncə dəfələrlə sanksiyalaşdırılmamış aksiyaya imkan verilməyəcəyi bəyan edib.

XS
SM
MD
LG