Azərbaycan Demokratik Qüvvələrinin Milli Şurası (ADQMŞ) iyulun 30-da Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun mətbuat mərkəzində narkotrafiklə bağlı vəziyyət haqqında dinləmələr keçirib. Dinləmələr iyulun 11-də Gürcüstan gömrüyü tərəfindən Azərbaycan ərazisi vasitəsi ilə aparılan 3 tona yaxın heroinin saxlanılmasına həsr edilib.
Bir müddət əvvəl Milli Şura dövlət qurumlarının narkotrafikdə əli olub-olmaması haqqında suala cavab istəyib, lakin bu qurumlar indiyədək heroin daşınması faktı ilə bağlı fikir bildirməyiblər.
Milli Şuranın sədri Cəmil Həsənli narkotrafiki “milli faciə” adlandırıb.
“Parlamentin deputatı olarkən ölkədə narkomaniya haqqında gizli məlumatlarla tanış olmağa müvəffəq olmuşdum. Bu məlumatlardan görünürdü ki, məhkumların 35%-i narkotik istifadəsinə, saxlanılmasına və ticarətinə görə həbs ediliblər”, deyə o bildirib.
Turan agentliyinin direktoru Mehman Əliyev əsas məruzə ilə çıxış edib. O bildirib ki, narkotrafik haqqında ilk araşdırma 2006-cı ildə aparılıb, həmin vaxt jurnalist Mirzə Sakit narkotik saxlamaq və istifadə etmək ittihamı ilə həbs edilmişdi. “Həmin vaxt Azərbaycan üzrə açıq beynəlxalq statistik məlumatlar hələ yox idi, amma MKİ, FTX və digər xüsusi qurumların Əfqanıstanda narkotik istehsalı və narkotikin daşınması marşrutları haqqında açıq məlumatları əsasında 200 tona yaxın bir rəqəm çıxarılmışdı. İl ərzində Azərbaycandan məhz bu ölçüdə narkotik keçir”, deyə o bildirib.
BMT-nin kriminal və narkotiklər üzrə ofisinin rəsmi məlumatına görə, 2012-ci il ərzində Azərbaycan vasitəsilə Avropaya və Rusiyaya 4 mlrd. dollar dəyərində 308 ton narkotik daşınıb.
Azərbaycandan keçən narkotiklərin 90%-i İran vasitəsilə Əfqanıstandan gəlir. Bu məlumatları vaxtı ilə Dövlət Gömrük Komitəsinin gömrük pozuntuları və qaçaqmalçılığa qarşı mübarizə İdarəsinin rəhbəri Güloğlan Muradlı təqdim etmişdi.
“Beynəlxalq qurumların hesabatları Azərbaycanda narkomanların sayının sürətlə artdığını göstərir. İnyeksiya narkomaniyası üzrə ölkə ilk yerlərdən birini tutur - əhalinin 5%-dən çoxu bu kateqoriyaya aiddir. Bu, təxminən yarım milyon insan deməkdir. Orta statistik Azərbaycan ailəsinin 4 nəfərdən ibarət olduğunu nəzərə alsaq, 9 milyonluq ölkə əhalisinin 2 milyonu narkomaniyanın nəticələrindən əziyyət çəkir”, deyə Əliyev qeyd edib.
Dinləmələrdə iştirak edən keçmiş polis zabitləri etiraf ediblər ki, narkotrafik dövlət qurumlarının və məmurların himayəsi altında həyata keçirilir.
İstefada olan polis polkovniki Mahmud Hacıyev bir çox ölkələrdə, o cümlədən Rusiyada olduğu kimi, Narkotiklərə qarşı Mübarizə Baş İdarəsinin Daxili İşlər Nazirliyinin tərkibindən çıxarılmasının və narkotrafikə qarşı mübarizə üzrə müstəqil dövlət müəssisəsinin formalaşdırılmasının tərəfdarı olduğunu bildirib.
ReAl Hərəkatının təsisçilərindən biri Natiq Cəfərli inkişaf etmiş ölkələrin narkomaniyaya qarşı mübarizə təcrübəsinin tətbiq edilməsinin tərəfdarı olduğunu qeyd edib. Bu ölkələrdə əvəzedici terapiya kimi yüngül narkotiklərin istifadəsinə icazə verilib.
Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlinin fikrincə, narkotrafikə qarşı mübarizə üçün bütün cəmiyyətin iştirakı zəruridir. “Heç kim bu faciədən kənarda qala bilməz, belə ki, hər beş ailədən birində narkoman var və onların sayı sürətlə artır”, deyə o bildirib.
“Narkotrafikə qarşı beynəlxalq mübarizənin fəallaşması müəyyən ümid yaradır və cəmiyyətin bu sahədə beynəlxalq qurumlarla əməkdaşlığı zərurətini diktə edir”, deyə M.Əliyev bildirib.
“Düşünürəm ki, gürcü gömrükçülərinin narkotik saxlaması beynəlxalq əməliyyatın nəticəsidir. Gələcək illərin narkotrafik haqqında hesabatları beynəlxalq birliyin bu mübarizədə nə dərəcədə qətiyyətli olduğunu göstərəcək”.