Accessibility links

Fərəc Kərimov barəsində üç ay həbs qətimkan tədbiri seçilib (Yenilənib)


Musavat Partiyasi
Musavat Partiyasi

Partiyanın yaydığı bəyanata görə Fərəc Kərimov Hepatit C virus daşıyıcısı

Müsavat Partiyası Gənclər Təşkilatının sədr müavini və facebook fəalı Fərəc Kərimov barəsində üç ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Bu qərar iyulun 24-də Nərimanov rayon məhkəməsi tərəfindən qəbul edilib.

Vəkil Nemət Kərimli Amerikanın Səsinə bildirib ki, fəalı vəkilsiz mühakimə ediblər. “Mən məhkəmənin qərarı haqqında yalnız bu gün Baş Prokurorluqdan öyrəndim”, vəkil qeyd edib.

Kərimova qarşı Azərbaycan CM-in 234.4.3-cü (qanunsuz olaraq satış məqsədilə böyük ölçüdə narkotik maddə əldə etmək və ya saxlamaq) maddəsi ilə ittiham irəli sürülüb.

Gənc 5 ildən 12 ilədək azadlıqdan məhrum edilə bilər.

İstintaqı Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi aparır, vəkil bildirib.

Xatırladaq ki, bu idarə bundan öncə də bir neçə fəalın narkotik satışı ittihamı ilə cinayət işinin istintaqını aparıb. Narkotiklə ittiham edilən blogerlər Əbdül Əbilovun, Rəşad Ağaddinin (Ramazanov), Elsevər Mürsəllinin işlərini bu idarə aparıb. Bloger Ömər Məmmədov da ilkin olaraq orada dindirilib.

Qeyd edək ki, iyulun 17-də Fərəc Kərimovun qardaşı Sirac Kərimov da eyni ittihamla həbs edilib.

***

Müsavat Partiyası Gənclər Təşkilatının Nəzarət Təftiş Komissiyasının sədri, bloger Fərəc Kərimovun həyatından narahatdır.

Müsavat Partiyasının bu gün yaydığı bəyanatda deyilir ki, Hepatit-C virusu daşıyan F.Kərimov mövcud qanunlara zidd olaraq, 48 saatdan artıqdır ki, ailəsindən və cəmiyyətdən gizli saxlanılır.

“Onun haqqında hansı qərarın qəbul olunduğu və harada saxlandığı barədə informasiya verilmir. Bu da qanunların ciddi şəkildə pozulmasıdır”, sənəddə qeyd olunur.

Fərəc Kərimovun səhhətinin təhlükədə olduğunu bəyan edən Müsavat Partiyası qanunsuz və əsassız olaraq həbs edilmiş Fərəc Kərimovun və onun qardaşı Sirac Kərimovun qeyri-şərtsiz və dərhal həbsdən azad edilməsini tələb edir.

Müsavat Partiyasının fəalı, bloger, musavat.org.az saytının adminstiratoru Fərəc Kərimov iyulun 23-də Bakı Sağlamlıq Mərkəzinin reanimasiya şöbəsinin qarşısında mülki geyimli şəxslər tərəfindən heç bir sənəd təqdim edilmədən, ona hüquq və vəzifələri elan edilmədən qeyri-müəyyən istiqamətdə aparıldığı haqqında KİV-də informasiyalar yayılıb.

Həmin gün Daxili İşlər Nazirliyinin yaymış olduğu rəsmi məlumatda Fərəc Kərimovun polislər tərəfindən saxlanıldığı, saxlanılan zaman üzərində narkotik maddənin tapıldığı və saxlanma səbəbi kimi onun internetdə psixotrop maddələrin təbliğatını apardığı qeyd olunub.

Bu məlumatdan sonra F.Kərimovun ailə üzvləri, vəkili və üzvü olduğu partiyanın rəsmiləri onun harada saxlanılması haqqında heç bir məlumat ala bilmir.

XS
SM
MD
LG