Accessibility links

Milli Şura: Əhəmiyyətli faktlar Azərbaycanın yüksək vəzifəli şəxslərinin beynəlxalq narkotrafikinqdə iştirakına dəlalət edir


Gürcüstanda tutulan heroin çəlləkləri
Gürcüstanda tutulan heroin çəlləkləri

Milli Şura Gürcüstanda böyük həcmdə narkotikin tutulması ilə bağlı Azərbaycan hökumətindən izahat tələb edir

İnsan alveri ilə yanaşı, narkotrafikinq Azərbaycan xalqının qlobal xarakter daşıyan milli faciəsinə çevrilib. Onu milyonlarla insanın fəlakəti ilə varlanan və tənəzzül edən hazırkı hakimiyyət yaradıb və dəstəkləməkdə davam edir. Bu barədə Azərbaycan Demokratik Qüvvələrinin Milli Şurasının “Narkotrafikinq haqqında” bəyanatında deyilir.

Milli Şura ölkənin belə rüsvayçı vəziyyətə salınmasından təəssüf hissi keçirir, baş vermiş hadisəni pisləyir və cəmiyyətin maraqlardan irəli gələn və onun təhlükəsizliyi naminə Azərbaycan hakimiyyətindən aşağıdakıları tələb edir:

- İyulun 11-də Gürcüstan Daxili İşlər Nazirliyinin Azərbaycan ərazisindən keçirilən 3 tona yaxın heroini ələ keçirməsi ilə bağlı izahat vermək;

- Azərbaycanın beynəlxalq narkotrafikinqdə rolu haqqında beynəlxalq hesabatlarla bağlı izahat vermək;

- Azərbaycandan narkotik tədarükünü, onun tranzitini təşkil edən və ona nəzarət edən şəxslərin adlarını açıqlamaq;

- Bütün səviyyələrdə narkotrafikinqdə əli olan şəxsləri məsuliyyətə cəlb etmək;

- İctimaiyyətin iştirakı ilə narkotrafikinqə qarşı səmərəli mübarizə proqramı qəbul etmək və ictimaiyyətin iştirakı ilə onu həyata keçirmək.

Gürcüstanın Daxili İşlər Nazirliyi iyulun 11-də bu ölkəyə Azərbaycandan gəlmiş yük maşınında içərisində ümumi çəkisi 2 790 kiloqram olan 93 ədəd 30 kiloqramlıq maye heroin kanistrini müsadirə edildiyini bildirib. Bu, Azərbaycan tarixində misli görünməmiş və rüsvayçı hadisədir.

“Amma vətəndaş cəmiyyəti fəalları uydurma narkotik istifadəsi və satışı ittihamları ilə həbs edilərkən informasiya əsirgəməyən Azərbaycanın rəsmi qurumlarının bu hadisə barədə izahat verməkdən çəkinməsi daha dəhşətli hadisədir. Ölkə hakimiyyətinin bu mövqeyi rəsmi qurumların və ayrı-ayrı məmurların narkotik biznesində və yüksək vəzifəli şəxslərin Azərbaycanı marşruta çevirdiyi beynəlxalq narkotrafikinqdə bilavasitə iştirakına dəlalət edir”, sənəddə bildirlir.

Milli Şura bildirir ki, ölkədə narkotrafikin artması “böyük neft” erasına təsadüf edir. “ABŞ-ın keçmiş səfiri En Ders 2008-ci ildə Azərbaycanın Əfqanıstandan Avropaya narkotik göndərilmisində böyük rolu olduğunu qeyd edib. BMT-nin Narkotiklər və Kriminal Ofisinin hesabatına əsasən, 2012-ci ildə Azərbaycan vasitəsilə 308 ton narkotik nəql edilib. BMT-nin World Drug 2013 hesabatında inyeksiya narkotiklərindən istifadənin ən yüksək səviyyəsinin məhz Azərbaycanda olduğu qeyd edilib. Əhalinin 5 faizindən çoxu ondan istifadə edir. Azərbaycan həmçinin heroin və digər ağır narkotiklərin istifadəsinin xeyli artdığı müşahidə olunan ölkələr arasındadır. ABŞ Dövlət Departamentinin “Beynəlxalq narkotiklərə nəzarət strategiyası – 2013” (İNCSR) məruzəsində qeyd edilir ki, Azərbaycan hökuməti narkotrafikinq və narkomaniyaya qarşı mübarizədə irəliləyiş olmasına mane olur. İran İslam Respublikasının Bakıdakı səfirliyinin bu günlərdə verdiyi açıqlama da bunu açıq şəkildə təsdiq edir. Həmin açıqlamada qeyd edilir ki, İran Azərbaycana narkotiklərə qarşı birgə mübarizə aparmağı təklif etsə də, rəsmi Bakıdan hələ cavab almayıb”, sənəddə deyilir.

Milli Şura hesab edir ki, sadalanan əhəmiyyətli faktlar Azərbaycanın yüksək vəzifəli şəxslərinin beynəlxalq səviyyəli narkotrafikinqdə iştirakına dəlalət edir.

“Azərbaycan məmurları təkcə xaricdə narkotiklərlə bağlı cinayətlərdə, yəni başqa ölkələrinin genefondunun məhv edilməsində iştirak etmir, həmçinin öz ölkəsində də eyni cinayətləri həyata keçirirlər. Beynəlxalq qurumların məlumatına görə, narkotrafikinqdən əldə edilmiş milyardlarla vəsait terrorizmə, kriminala dəstək verilməsinə, azadlıqların və vətəndaş təşəbbüslərinin boğulmasına yönəlir. Təəssüf doğuran məsələlərdən biri də ondan ibarətdir ki, hakimiyyətə yaxınlığı ilə seçilən mətbuat və informasiya orqanlarında izi azdırmaq, Gürcüstan Maliyyə Nazirliyinin məlumatına istinadən guya bu narkotik yükünün Azərbaycandan keçməməsi və yaxud həmin yükün guya Azərbaycan və Gürcüstanın müvafiq orqanlarının birgə əməliyyatı nəticəsində tutulması barədə ictimaiyyətə yalan məlumatlar ötürməyə uğursuz cəhdlər edilir”, bəyanatda qeyd edilir.

Rəsmi Bakı Milli Şuranın bəyanatı və Gürcüstanda tutulan narkotiklə bağlı mövqeyini açıqlamayıb. Dövlət Sərhəd Xidmətinin mətbuat xidməti böyük həcmdə narkotikin Gürcüstanda tutulmasından xəbərsiz olduğunu bildirib.

XS
SM
MD
LG